31 mart 1918 il – Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizənin acı səhifəsi

    Lalə Hacıyeva

Birinci dünya müharibəsi illərində slavyan dünyasını avstro-alman və türk “əsarətindən” qurtarmağa can atan Rusiya imperiyasının qisasçılıq siyasəti 1917-ci ilin əvvəlində puç oldu. Daxili siyasi çəkişmələr, dərin iqtisadi böhran və kütlələrin inqilabi çıxışlarının girdabında boğulan Rusiyada aclıq və hərc-mərclik hökm sürürdü. II Nikolay öz dövlətini sərbəst idarə etmək qabiliyyətini itirmişdi. Moskvada və Petroqradda baş qaldırmış çörək qiyamları qısa zamanda kütlələrin siyasi etirazlarına çevrildi və Fevral inqilabı Romanovlar sülaləsini devirdi.

İnqilabdan sonra yaranmış ikihakimiyyətlilik dövründə Müvəqqəti hökumətə ümumi, bərabər və gizli səsvermə əsasında Müəssislər Məclisinə seçkilərin keçirilməsi və yeni Rusiyanın qanunverici bazasının yaradılması həvalə olunmuşdu. Məhz bu qanunverici orqanın üzərinə xalqın iradəsini ifadə edən mütləqiyyətsiz Rusiyanın idarə edilməsi formasını müəyyən etmək vəzifəsi qoyulmuşdu.

Rusiyanın müdafiəsi və iltifatının bütün əzab-əziyyətlərini velikoruslarla müştərək çəkən, Romanovlar Rusiyası əhalisinin etno-konfessional tərkibində ikinci yerdə duran, sayına görə 30 milyon olan, özünün tarixi torpaqlarında yaşamasına baxmayaraq imperiya hakim dairələri tərəfindən “özgə xalqlara” aid edilən müsəlmanlar imperiyanın həyatında baş verən köklü dəyişikliklərə xüsusi ümid bağlayırdılar [1].

Lakin inqilabın bal ayında işgüzar və fəal olan Müvəqqəti hökumət iki ay keçməsinə baxmayaraq, Müəssislər Məclisinə seçkilərin keçirilməsi haqqında qanunu qəbul etməyə tələsmirdi. Cəmiyyətdə və Müvəqqəti hökumətin daxilində burjuaziya ilə sosial-demokratların nümayəndələri arasında ziddiyyət yetişməkdə idi. Növbəti nifaqa səbəb Məclisi Müəssisanın çağırılması, qarşıdan gələn seçkilərə hazırlıq məsələsi oldu. Bolşeviklər qarşılarına bu seçkilərdə qələbə qazanmaq məqsədi qoymuşdular, lakin başa düşürdülər ki, sosial-demokratik qüvvələrin pərakəndəliyi üzündən buna nail olmaq asan olmayacaq. Bu səbəbdən bolşeviklər bütün demokratik qüvvələri fəhlə, kəndli və əsgər deputatları sovetləri ətrafında birləşdirmək, onların burjuaziya ilə ittifaqlarını pozmaq və bütün dövlət hakimiyyətini öz əllərinə almaq istiqamətində qızğın təşviqat aparırdılar. Demokratik-burjua islahatlarının tərəfdarları olan sosial-demokratik qüvvələr (menşeviklər, eserlər, kadetlər) isə Məclisi-Müəssisanın çağırışını səbirsizliklə gözləyir, Rusiyanın və əyalətlərinin müqəddəratlarının həll ediləcəyinə ümid bəsləyirdilər. Eyni ilə Azərbaycanın siyasi elitası da Məclisi-Müəssisana böyük ümidlə yanaşır və milli-ərazi muxtariyyətinin mümkünlüyünə inanırdı. Lakin cəmiyyətin ən zəruri problemlərini həll etmək iqtidarında olmayan Müvəqqəti hökumət gündən-günə nüfuzunu itirdiyi halda, bu zaman Sovetlərin rolu artırdı. Onların lideri və natiqi V. Lenin xalqa sülh, çörək və torpaq veriləcəyini ucadan bəyan edirdi. Bütün bu amillər 1917-ci ilin oktyabr ayında Petroqradda bolşeviklərə dövlət çevirilişini həyata keçirməyə və hakimiyyəti ələ almağa imkan yaratdı.

Baş verən olaylara baxmayaraq, bütün Cənubi Qafqazda olduğu kimi, Azərbaycanda da Məclisi-Müəssisana seçkilər uğurla keçirildi və bolşeviklərin bölgədə nüfuzunun zəif olduğunu aşkarladı [2]. Məclisi Müəssisanın çağırışı 5 yanvar 1918-ci il tarixinə təyin edilmişdi. 1918-ci il 6 yanvar tarixində səhər saat 7-də Məclisi Müəssisan bolşeviklər və solçu eserlər tərəfindən dağıdıldı. Bu hadisə “Müsavat” partiyasının lideri M.Ə. Rəsulzadənin fikrincə, Rusiya sosial-demokratik qüvvələrinin arasında dərin anlaşılmazlığın və böhranın olduğunu ortaya qoydu. Bu qüvvələrin birləşməsi və ümumi qərar qəbul etməsi ümidlərini heçə endirdi. Onun qənaətinə görə, ümid yalnız yerli Məclisi-Müəssisanı çağırmağa qalırdı: «Rusiya millətləri kəndi təqdirlərinin təminini Petroqrad, Moskva və ya sair bir mərkəzdən deyil, kəndilərindən gözləməli, hər vilayət və millət qəti surətdə kəndi Məclisi-Müəssisanını dəvətə başlamalıdır... » [3].

Müqəddərat məsələsi ətrafında diskussiya bir qədər sonra Moskvada keçirilmiş Qafqaz müsəlmanlarının ikinci qurultayında davam etdirildi. O zaman “Müsavat” diyarda ən nüfuzlu partiya idi. Bu reallığı partiyanın opponentləri də qəbul edirdi [4]. 1918-ci ilin yayında Seymin siyasəti və Cənubi Qafqazda vəziyyətə dair məruzəsində S. Şaumyan göstərirdi: “Əvvəllər zəif siyasi partiya olan, bu inqilab zamanı təşkilatlanan, heç bir təşkilatı, siyasi ənənəsi olmayan, inqilabın başlanğıcında heç bir rol oynamayan “Müsavat” ikinci ilin əvvəlində Zaqafqaziyada ən güclü siyasi partiya oldu” [4].

Bakıda isə bu vaxt bolşeviklər hökmranlıq edirdilər. Əhalisinin tərkibinə görə çoxmillətli olan şəhərdə cəbhədən dönən rus əsgərləri yerləşmişdi. Bu amil bolşeviklərin Bakıda hakimiyyəti ələ keçirməklərində böyük rol oynamışdı. “Müsavat” partiyasının Azərbaycanın muxtariyyatı uğrunda apardığı mübarizədən və ölkənin müsəlman əhalisinə artan təsirindən narahat olan Şaumyan başda olmaqla Bakı bolşevikləri, sosial-inqilabçılar (eserlər) və “Daşnaksütun” partiyasının Bakı komitəsi “Müsavat” partiyasını orta əsrlərin mürtəce nümayəndələri olan ağalar və bəylərin partiyası adlandırır, əhalinin gözündən salmağa çalışırdılar [5].

Bu dövrdə Zaqafqaziya Seymində birləşən Cənubi Qafqazın deputatları – azərbaycanlılar, gürcülər və ermənilər bölgənin müstəqillyini həll etməli idilər. Bu məsələdə mövqeyini birmənalı şəkildə müəyyən etmiş azərbaycanlı deputatlardan fərqli olaraq, Məclisi Müəssisan çağırılanadək siyasi muxtariyyat tələb edən gürcü fedarilistləri və hələ Birinci rus inqilabından xeyli əvvəl Qazqazda məskunlaşan Osmanlı imperiyasının təbəələrindən olan ermənilər üçün muxtariyyat istəyən “Daşnaksütun” partiyası qərar verməyə tələsmirdi. Ermənipərəst mətbu orqanları bu məsələ ilə bağlı özünəməxsus izah verirdilər: “Zaqafqaziyanı müstəqil, lakin öz təsir dairəsində görmək istəyən Osmanlı imperiyası idi”. Ermənipərəst “Baku” qəzeti bu haqda onu da yazırdı ki,” Zaqafqaziyada müstəqil dövlətin yaranması üçün nə tarixi, nə müasir reallıqdan irəli gələn əsaslar yoxdur. Əgər bu nə vaxtsa baş versə, Zaqafqaziyanı böyük fəlakət bürümüş olacaq”. Bolşeviklərin “Bakinski raboçi” qəzeti də Zaqafqaziya Seyminin azərbaycanlı deputatlarının Osmanlı dövlətinə meylli olmasını vurğulayır və diqqəti Osmanlı imperiyasının özünə yönəltməklə vəziyyəti daha da qızışdırırdı [6]. Qəzetin fikrincə, Cənubi Qafqazın müstəqilliyinin elan edilməsindən sonra Osmanlı imperiyasının təcavüzkar siyasəti daha qabarıq şəkildə özünü büruzə verəcəkdir.

Cənubi Qafqazda müstəqil dövlətlərin yaranması ideyası ilə barışmayan S. Şaumyan və onun cinayətkar daşnak dəstəsi 1918-ci ilin martında Bakıda azərbaycanlıları soyqırıma məruz qoydular. Fikrimcə Bakıda mart soyqırımının başlıca səbəbi “Daşnaksütun” partiyasına havadarlıq edən bolşevik Şaumyan və onun tərəfdarlarının türklərə bəslədikləri kin və nifrət idi və bu nifrət türklərlə dili bir, dini bir azərbaycanlılara qarşı yönəlmişdi. 1918-ci il mart soyqırımında azərbaycanlıların qətlə yetirilməsində Bakı Soveti və “Daşnaksütun” partiyasının birgə iştirakını AKP (b) MK yanında keçmiş Partiya tarixi İnsitutunun “İnqilab və Bakıda vətəndaş müharibəsi” nəşri də təsdiq edir. Kitab hadisələrdən az sonra hazırlanmışdı [7]. Onun müəllifi Y.Ratqauzer qanlı hadisələrdə erməni yaraqlı dəstə başçılarının xüsusi amansızlıq göstərdiklərini qeyd edir. Üç gün ərzində Bakıda 12 min azərbaycanlı qətlə yetirilmiş, şəhərdə türkçülüyü və İslamı təcəssüm edən hər şey dağıdılmışdı. Həmin günlər milli mətbuat bir neçə gün işıq üzü görmədi. Redaksiya və mətbəələrinin binaları yandırıldığından “Kaspi” və “Açıq söz” qəzetləri susmuşdular. Müsəlman xeyriyyə cəmiyyətinin binası “İsmailiyyə” və yeni tikilən “Təzə Pir” məscidi atəşə tutulmuş və yandırılmışdı. “Naş Qolos” qəzeti bu haqda yazırdı: “Təzə Pir məscidinin ətrafı ağır təəssürat yaradır. Məscid atəşlərdən zərər çəkib. Bu, kütlələrin sadə qəlbində əks olunur. Onları ölənlərdən daha çox müqəddəs yerin təhqir edilməsi narahat edir. Qadınlar, uşaqlar məsçidə yaxınlaşır və iztirabla qalıqlara, atəş dəliklərinə baxırlar... Şəhərin yaraşığı olan “İsmailiyyə”nin binasının çılpaq divarları ürək ağrıdır” [8]. “Bakı rayonu fəhlə və əsgər deputatları Sovetinin Xəbərləri” həmin qanlı günləri belə təsvir edirdi: “Baş verdi! Qan sel kimi axdı. Qətlə yetirilən adamların meyitləri bir neçə verst küçələr boyu uzadılmışdı. Şəhərin döşənmış yolları laxtalanmış qan içindədir, insan beyni tikələri hər yeri bürüyüb. Güllələr fit verir, toplar guruldayır, evlər xarabalığa dönüb, insanlar zarıyır, qan axır və hamını dəhşət, sonsuz dəhşət bürüyüb...” [9].

Erməni-bolşevik qaragüruhunun Bakıda törətdiyi 1918-ci il mart soyqırımı Azərbaycanın müstəqillik əldə edilməsi məsələsində azərbaycanlı deputatların qətiyyətini gücləndirdi. Zaqafqaziya Seymi tarix səhnəsindən çıxdıqdan sonra gürcü fraksiyasının ardınca Azərbaycan fraksiyası da Azərbaycanın müstəqilliyini elan etdi. Azərbaycan Milli Şurası öz tarixi missiyasını yerinə yetirdi. Azərbaycan Xalq Cümhuriyyəti öz dövlətçiliyini Şərqdə demokratik əsasda quran ilk dünyəvi dövlət oldu.

  

İstifadə olunmuş ədəbiyyat: 

  1. Дагестани Дж. Инородец-гражданин, «Каспий», 1917, №53, с.6
  2. Азербайджанская Демократическая Республика. Баку: «Элм», 1998, с.26
  3. Rəsulzadə M.Ə. Məclisi-Müəssisan. əsərləri. C.4. Bakı: “Qanun”, s.424
  4. Доклад тов. Шаумяна. Политическое положение в России и в Закавказье. «Бакинский Рабочий», 1918, №92 (208), с.2
  5. К самоопределению Кавказских народов. «Бакинский Рабочий», 1918, №9(125), с.1
  6. Баку, 2 марта. «Баку», 1918, №48, с.2
  7. Ратгаузер Я. Революция и гражданская война. 1917-1918 гг. Баку: 1927, «Красный Восток» Бакполиграфа, с.149
  8. Кошмарные дни. По разоренному городу. «Наш Голос», 1918, №59, с.3
  9. Кто виноват? «Известия Советов рабочих и солдатских депутатов», 1918, №62 (284), с.2