İctimai-Siyasi Sənədlər Arxivində Zəfər Gününə həsr olunmuş “Zəfər tariximiz kitab səhifələrində” adlı sərgi keçirilib
6 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir və kitab sərgisi təşkil edilib.
Sərginin keçirilməsində əsas məqsəd Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Qələbənin mahiyyətini və əhəmiyyətini geniş oxucu auditoriyasına çatdırmaq, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası uğrunda apardığı mübarizəni əks etdirən nəşrləri təqdim etmək, milli yaddaşın qorunmasına və Zəfər tariximizin gələcək nəsillərə ötürülməsinə töhfə verməkdir.
Sərgidə Ali Baş Komandan İlham Əliyevin siyasi-hərbi liderliyini, Azərbaycan Ordusunun şanlı döyüş yolunu, əsgər və zabitlərimizin şücaətini, şəhidlərimizin müqəddəs xatirəsini və Zəfəri şərtləndirən milli birliyimizi tərənnüm edən dəyərli nəşrlər yer alıb.
Təqdim olunan nəşrlər sırasında “44 günlük diplomatiya dərsləri” adlı kitab xüsusi yer tutur. Kitabda Vətən müharibəsi dövründə Azərbaycanın apardığı diplomatik mübarizə, Prezident İlham Əliyevin beynəlxalq siyasi arenadakı fəaliyyəti, dünya mediasına verdiyi müsahibələr və ölkəmizin haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət əks olunur. Nəşr 44 günlük müharibənin yalnız hərbi əməliyyatlardan ibarət olmadığını, eyni zamanda, Azərbaycanın informasiya və diplomatiya cəbhəsində də prinsipial mübarizə apardığını göstərir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının öz torpaqlarının azadlığı uğrunda apardığı mübarizənin ən mühüm mərhələsinə çevrilib. 44 gün davam edən müharibə ərzində Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, peşəkarlıq, cəsarət və əzmkarlıq nümayiş etdirərək torpaqlarımızın işğaldan azad olunması istiqamətində mühüm uğurlar qazanıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, siyasi iradəsi və strateji qərarları hərbi əməliyyatların uğurla həyata keçirilməsində mühüm rol oynayıb. Dövlət başçısının müharibə dövründə beynəlxalq mediaya verdiyi müsahibələr isə Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət daşıyıb.
Vətən müharibəsində əldə olunan Qələbə Azərbaycan xalqının sarsılmaz birliyini, milli həmrəyliyini, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığını nümayiş etdirib. Bu Zəfər, eyni zamanda, canlarını Vətən uğrunda fəda edən şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı və xalqımızın iradəsi sayəsində mümkün olub. Şəhidlərimizin həyat yolu, döyüş əzmi və Vətənə sədaqəti bu gün də gənc nəslə örnəkdir.
Sərgidə nümayiş olunan Zərifə Quliyevanın “Qəhrəmanlıq zirvəsi” adlı kitabı da bu mövzunun işıqlandırılması baxımından diqqət çəkir. Nəşrdə Vətənə sədaqət, qəhrəmanlıq və fədakarlıq kimi ali dəyərlər ön plana çəkilir. Kitab şəhidlərimizin əziz xatirəsinin yaşadılması, qəhrəmanlıq salnaməsinin unudulmaması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından sərginin ümumi məzmununu tamamlayır.
Sərgidə yer alan “Möhtəşəm zəfərin müəllifi (Sözümüz imzamızdır)” adlı kitab isə Azərbaycanın tarixi Qələbəsinin siyasi və dövlətçilik aspektlərini ön plana çıxarır. Nəşrdə ölkəmizin müstəqil siyasəti, milli maraqların qorunması, dövlətçilik iradəsi və tarixi Zəfərə aparan siyasi xəttin əhəmiyyəti əks olunur. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, uzaqgörən siyasəti və Müzəffər Ali Baş Komandan kimi fəaliyyəti Azərbaycanın Qələbəsinin mühüm siyasi amilləri kimi təqdim edilir.
Daha sonra tədbir Arxivin akt zalında davam etdirilmiş, iştirakçılar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Ardınca İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova çıxış edərək Vətən müharibəsinin Azərbaycan tarixindəki mühüm yerindən, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətindən bəhs edib. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibə dövründəki qətiyyətli rəhbərliyini, siyasi iradəsini və strateji baxışını vurğulayaraq, əldə olunan tarixi Qələbənin uzun illər ərzində aparılan məqsədyönlü siyasətin, güclü dövlət və ordu quruculuğunun nəticəsi olduğunu qeyd edib. Çıxışda, həmçinin, Vətən uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlığı, qazilərin fədakarlığı və xalqımızın nümayiş etdirdiyi birlik və həmrəyliyin əhəmiyyəti xüsusi vurğulanıb.
Tədbirin sonunda arxiv əməkdaşları 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyini, ön cəbhədə əldə olunan hərbi uğurlarla yanaşı, arxa cəbhədə apardığı diplomatik mübarizəni, beynəlxalq və yerli media nümayəndələrinə verdiyi müsahibələri, Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq istiqamətindəki fəaliyyətini əks etdirən videoçarxı izləyiblər.
8 Noyabr – Zəfər Günü xalqımızın milli qürurunun, dövlətimizin gücünün və müstəqil Azərbaycanın tarixində yeni mərhələnin rəmzidir. Bu gün yalnız hərbi Qələbənin deyil, həm də milli birliyin, siyasi iradənin, ərazi bütövlüyünün və tarixi ədalətin təntənəsidir.
İctimai-Siyasi Sənədlər Arxivində təşkil olunan tədbir və kitab sərgisi tarixi həqiqətlərin təbliğinə, milli-mənəvi dəyərlərin qorunmasına, şəhidlərimizin əziz xatirəsinin yaşadılmasına və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına xidmət edir. Tədbir bir daha nümayiş etdirib ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq və gələcək nəsillər üçün qürur mənbəyi olaraq qalacaqdır.