Azərbaycan Respublikasının Dövlət Gerbi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-Siyasi Sənədlər Arxivi

Zəfər Günü: dövlətçilik, tarixi həqiqətlər və milli yaddaş

Zəfər Günü: dövlətçilik, tarixi həqiqətlər və milli yaddaş

“Zəfər Günü bizim bayramımızdır.
Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır,
bu, ədalət bayramıdır, bu, milli qürur,
milli  ləyaqət bayramıdır.”
 İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
8 noyabr 2021-ci il

8 Noyabr – Zəfər Günü Azərbaycan tarixində dövlətçilik iradəsinin, milli birliyin və hərbi qəhrəmanlığın təcəssüm etdiyi əlamətdar tarixdir. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqın birliyi, şəhidlərin fədakarlığı və qazilərin şücaəti sayəsində əldə olunmuşdur. Şuşanın azad edilməsi ilə xüsusi tarixi məna qazanan bu Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici mərhələ olmuşdur.

Qazanılmış Qələbənin siyasi və ideya əsaslarını dərk etmək üçün Azərbaycan dövlətçiliyinin inkişaf yoluna və Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə nəzər salmaq vacibdir. Onun dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, milli maraqların qorunmasına və güclü dövlət quruculuğuna yönəlmiş siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilmişdir. Bu siyasi varislik dövlətçilik strategiyasının davamlılığının və ölkənin inkişafının təmin olunmasında mühüm rol oynamışdır.

Vətən müharibəsi dövründə dövlət-xalq-ordu birliyi Qələbənin əldə olunmasında mühüm amillərdən biri olmuşdur. Bu həmrəyliyin möhkəmlənməsində Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti və ictimai mövqeyi də xüsusi qeyd edilməlidir. O, müharibə günlərində Azərbaycan xalqının yaşadığı ağrı və narahatlıqları bölüşmüş, milli həmrəyliyin ifadəsinə, humanitar təşəbbüslərin davam etdirilməsinə, şəhid ailələrinə və qazilərə diqqət və qayğının göstərilməsinə yönəlmiş fəaliyyətini davam etdirmişdir. Eyni zamanda, Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirilən təşəbbüsləri dəstəkləmişdir.

Qarabağ münaqişəsi ilə bağlı informasiya mübarizəsi uzun illər ərzində davam etmiş, 44 günlük Vətən müharibəsi dövründə isə daha da intensiv xarakter almışdır. Bu mübarizənin əsas istiqamətlərindən biri tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, yanlış və qərəzli məlumatların faktlarla təkzib edilməsi, Azərbaycanın mövqeyinin əsaslandırılması idi. Beləliklə, mübarizə yalnız döyüş meydanında deyil, eyni zamanda informasiya məkanında da aparılırdı.

Bu prosesdə etibarlı tarixi mənbələrə, arxiv sənədlərinə və elmi araşdırmalara istinad xüsusi əhəmiyyət daşıyırdı. Qarabağın tarixi və onun inzibati-ərazi mənsubiyyəti ilə bağlı məsələlərin araşdırılması baxımından Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində mühafizə olunan XX əsrin müxtəlif tarixi dövrlərinə aid sənədlər, tarixi xəritələr və digər arxiv materialları mühüm mənbə bazası təşkil edir. Həmin sənədlər müxtəlif tarixi mərhələlərdə baş verən siyasi və inzibati proseslərin öyrənilməsinə, tarixi faktların müqayisəli təhlilinə və obyektiv elmi nəticələrin əldə olunmasına imkan yaradır.

Bu istiqamətdə Azərbaycan alimləri, tarixçiləri və tədqiqatçıları elmi məqalələr, kitablar, beynəlxalq konfranslar və müxtəlif elmi tədbirlər vasitəsilə tarixi faktları ictimaiyyətə təqdim etmişlər. İctimai-Siyasi Sənədlər Arxivi də öz fondlarında mühafizə olunan materialların araşdırılması, elmi dövriyyəyə cəlb edilməsi və ictimaiyyətə çatdırılması ilə bu fəaliyyətə töhfə verir.

Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi “Çünki tarix var, sənədlər var, xəritələr var” fikri tarixi həqiqətlərin qorunmasında sənədli mənbələrin əhəmiyyətini aydın ifadə edir. Qarabağda tarixi və mədəni irsə vurulmuş zərər, bir sıra maddi-mədəni irs nümunələrinin dağıdılması fonunda arxiv sənədləri və tarixi xəritələr keçmişin öyrənilməsi və tarixi faktların əsaslandırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Maddi-mədəni irs nümunələrinin məhv edilməsi tarixi yaddaşın itirilməsi demək deyildir. Arxivlərdə qorunan sənədlər keçmişin araşdırılmasına, tarixi faktların elmi əsaslarla təqdim edilməsinə və onların təhrifinə qarşı mənbələrə əsaslanan mövqenin formalaşdırılmasına imkan verir.

Birinci vitse-prezident Mehriban Əliyevanın həqiqətlərin dünyaya “intellekt, məntiq və faktlarla” çatdırılması barədə fikri də bu yanaşmanı tamamlayır. Tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə təqdim olunması etibarlı mənbələrə, elmi arqumentlərə və sənədlərlə təsdiqlənən faktlara əsaslanan mövqenin formalaşdırılmasını tələb edir.

44 günlük Vətən müharibəsinin tarixi, Şuşanın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası və xalqımızın qəhrəmanlıq salnaməsi ölkəmizdə nəşr olunan çoxsaylı kitab və elmi-tədqiqat əsərlərində də geniş işıqlandırılmışdır. Bu nəşrlər Qələbənin tarixi əhəmiyyətinin öyrənilməsi, milli yaddaşın qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm mənbələrdir. 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində təşkil olunan sərgidə məhz bu mövzulara həsr edilmiş nəşrlər nümayiş etdirilir. Sərginin əsas məqsədi oxucuların diqqətini Vətən müharibəsinin tarixinə, qazanılmış Qələbənin əhəmiyyətinə və bu istiqamətdə nəşr olunmuş ədəbiyyata yönəltməkdir.

Zəfər Günü yalnız qazanılmış Qələbənin qeyd edildiyi əlamətdar tarix deyil, həm də dövlətçilik tariximizin, milli birliyimizin və qəhrəmanlıq salnaməmizin dərindən öyrənilməsi üçün mühüm mənəvi əsasdır. Bu tarixi hadisənin siyasi və tarixi əsaslarının araşdırılması, şəhidlərin xatirəsinin ehtiramla yad edilməsi, arxiv sənədlərinin qorunması, elmi tədqiqatların dəstəklənməsi və nəşrlərin təbliği gələcək nəsillər qarşısında mühüm məsuliyyətdir.

Tarixi yaddaşın qorunması və həqiqətlərin gələcək nəsillərə çatdırılması istiqamətində arxivlərin, kitabxanaların və elmi-tədqiqat müəssisələrinin üzərinə mühüm vəzifələr düşür. Çünki Zəfərin tarixi yalnız döyüş meydanında qazanılmış Qələbə ilə deyil, həm də bu Qələbənin sənədlərdə, elmi araşdırmalarda və milli yaddaşda yaşadılması ilə tamamlanır.

Zəfər Günü: dövlətçilik, tarixi həqiqətlər və milli yaddaş