23

2026-cı ildə dünya şöhrətli Azərbaycan şairi, dahi mütəfəkkir Əfzələddin Xaqani Şirvaninin anadan olmasının 900 ili tamam olur.
Xaqani Şirvani XII əsr Azərbaycan və ümumən Şərq ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olub, yüksək bədii ustalığı və orijinal poetik üslubu ilə klassik poeziyanın inkişafına mühüm töhfələr vermişdir. Xaqaninin qəsidə, qəzəl, qitə və digər poetik nümunələri Azərbaycan xalqının zəngin ədəbi-mədəni və milli-mənəvi irsinin qiymətli tərkib hissəsini təşkil edir. Onun “Həbsiyyə” şeirləri, “Mədain xarabələri” qəsidəsi və “Töhfətül-İraqeyn” məsnəvisi yüksək bədii-estetik dəyəri, dərin fəlsəfi məzmunu və tarixi əhəmiyyəti ilə dünya ədəbiyyatının nadir inciləri sırasında xüsusi yer tutur.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK Bürosunun 12 dekabr 1978-ci il tarixli Qərarı əsasında Xaqani Şirvaninin 850 illik yubileyi dövlət səviyyəsində keçirilmiş, yubiley münasibətilə əsərləri Azərbaycan dilində ilk dəfə nəşr edilmiş, Bakıda şairin heykəli ucaldılmış, Şamaxıda isə büstü qoyulmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Xaqani Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 yanvar 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatının bu qüdrətli nümayəndəsinin 900 illik yubileyinin keçirilməsi qərara alınmışdır.