412

İyulun 14-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi – Güclü dövlət, Qalib Ordu, Zəngin mədəniyyət” adlı tədbir keçirilib. Tədbir çərçivəsində “Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən sənədlər toplusunun təqdimatı keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, liseyin rəhbərliyi və müəllim heyəti, Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, elm və mədəniyyət xadimləri, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ziyalılar və media nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin muzeyini, həmçinin liseyin ərazisində ucaldılmış Cəmşid Naxçıvanskinin büstünü ziyarət ediblər. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir hərbi orkestrin müşayiəti ilə Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Milli Müdafiə Universitetinin rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov bildirib ki, Azərbaycanda milli hərbi kadr hazırlığının təməli 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması ilə qoyulub. O qeyd edib ki, xalqımıza uzun illərdən sonra Qələbə sevincini yaşadan döyüşçülərin böyük əksəriyyəti məhz Ulu Öndərin çətinliklərə baxmayaraq böyük əzm və fədakarlıqla yaratdığı bu təhsil ocağının məzunlarıdır.
O bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu hərbi quruculuq siyasəti bu gün güclü Azərbaycan Ordusunun təməlini təşkil edir. Vurğulanıb ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilərək Azərbaycanın müdafiə qüdrəti daha da möhkəmləndirilib, Ordumuz tarixi Zəfərə imza atıb və bu irsin yaşadılması hər bir Azərbaycan hərbçisi üçün böyük şərəfdir. General-mayor qeyd edib ki, İctimai-siyasi Sənədlər Arxivinin nəşr etdirdiyi kitabların məhz Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təqdim olunması kursantların tarixi yaddaşının, milli-mənəvi dəyərlərə bağlılığının, vətənpərvərlik ruhunun və dövlətçilik ənənələrinə hörmət hissinin daha da möhkəmlənməsinə xidmət edir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova çıxışında bildirib ki, arxivlər milli yaddaşı qoruyan və gələcək nəsillərə çatdıran ən etibarlı mənbələrdir. O qeyd edib ki, təqdim olunan “Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən sənədlər toplusu Ulu Öndər Heydər Əliyevin 1969–1982-ci illərdə elm, mədəniyyət, ədəbiyyat və incəsənətin inkişafı istiqamətində həyata keçirdiyi siyasəti arxiv sənədləri əsasında əks etdirir və həmin dövrün dövlət idarəçiliyinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır.
Çıxışının sonunda Elmira Ələkbərova bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik və milli-mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Bu gün azad Qarabağda yenidən Azərbaycan mədəniyyəti yaşayır, milli musiqimiz səslənir, teatrımız və digər incəsənət sahələri öz doğma məkanlarına qayıdaraq yeni inkişaf mərhələsini yaşayır.
Daha sonra 1-ci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Milli Məclisin deputatları: Hicran Hüseynova, Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Ceyhun Məmmədov, liseyin ərazisində ucaldılmış Cəmşid Naxçıvanskinin büstünün müəllifi, görkəmli heykəltaraş, Xalq rəssamı Ömər Eldarov, eləcə də yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlilli çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin, elm və mədəniyyətin inkişafı, eləcə də milli ordunun formalaşdırılması istiqamətində həyata keçirdiyi uzaqgörən siyasətdən bəhs ediblər. Çıxışçılar bu siyasi kursun bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın müdafiə qüdrətinin daha da möhkəmləndirildiyini, Ordumuzun müasir tələblərə uyğun inkişaf etdiyini və milli-mədəni irsin qorunması istiqamətində mühüm nailiyyətlər əldə olunduğunu vurğulayıblar. Natiqlər təqdim olunan nəşrlərin Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin, milli-mənəvi dəyərlər və mədəniyyət siyasətinin arxiv sənədləri əsasında öyrənilməsi baxımından mühüm elmi və tarixi əhəmiyyət daşıdığını qeyd ediblər.
Tədbir zamanı “Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən sənədlər toplusu Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kitabxanasına hədiyyə edilib. Bununla yanaşı, Hərbi Liseyin yaradılması ilə bağlı qərarın, onun yaradılması ilə bağlı görüləcək işləri və verilən tapşırıqları əks etdirən sənədlərin surətləri Hərbi Liseyin muzeyinə hədiyyə edilib.
Həmçinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanmış döş nişanı Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyevə təqdim olunub.
Çıxış edən polkovnik Anar Mirzəyev belə mötəbər tədbirin Ulu Öndərin yadigarı olan Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilməsinə görə öz adından və bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib. O qeyd edib ki, Vətənə xidmət yolu Cəmşid Naxçıvanski adına Hərbi Liseydən başlayıb və burada Vətənə, dövlətə və millətə layiqli övladlar yetişir. Bildirilib ki, Azərbaycan Respublikasının azadlığı, müstəqilliyi və suverenliyi uğrunda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələri böyük fədakarlıq göstəriblər. Liseyin 200-dən çox məzunu Vətən uğrunda şəhidlik zirvəsinə ucalıb. Onların qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Liseyin məzunları sırasından 11 nəfər “Milli Qəhrəman”, 19 nəfər isə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adlarına layiq görülüb.
Tədbir çərçivəsində, həmçinin İctimai-Siyasi Sənədlər Arxivində mühafizə olunan 1969–1982-ci illərə aid sənədlər əsasında hazırlanmış, Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və dövlətçilik fəaliyyətindən bəhs edən sənədli xronika nümayiş etdirilib.
Tədbir bədii proqramla davam edib, vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim olunub.
AZƏRTACın hazırladığı videoreportajı izləmək üçün aşağıdakı linkə daxil olun: Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu hərbi quruculuq siyasəti güclü Azərbaycan Ordusunun təməlini təşkil edir