Qəhrəmanlar ölmür, onlar ürəklərdə əbədilik qazanır, xatirələrdə daimi yaşayırlar. Bəlkə də tarix ona görə ədalətlidir ki, “Əmanətə xəyanət olmaz” kəlamına söykənir. Həqiqət budur ki, qəhrəmanların tarixin sinəsində açdıqları cığırları ot-alaq basa bilməz.
Tanrı onu qəhrəman kimi yaratmışdı. Onu əfsanəyə çevirən nə idi? Yəqin ki, həqiqətin ilahi vəhdəti... Söhbət göstərdiyi igidliyi ilə faşistləri lərzəyə salmış əfsanəvi partizan, kəşfiyyatçı, leytenant Mehdi Hüseynzadədən gedir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində araşdırılan sənədlərin içərisində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə həsr olunmuş xatirələr, şeirlər, fotoşəkil diqqəti cəlb edir [1]. Hətta heç vaxt əlinə qələm almayan insanlar belə Mehdinin qəhrəmanlığından ilham alıb, ona şeirlər vəsf etmiş, əfsanəvi döyüşçünü öz əsərlərinin müsbət qəhrəmanı kimi oxuculara təqdim etmişlər.
Siyasi sənədlər Arxivinin fondlarında mühafizə olunan sənədlərin birində igid döyüşçünün dostlarının xatirəsi böyük maraq doğurur. Dostları onu belə xatırlayırlar: “Günəşli yanvar günlərinin birində briqadamız Sanoviydə yerləşdiyi zaman bizim batalyona Mehdi Hüseynzadənin başçılığı ilə tərkibində 39 insan olan bir qrup sovetlər gəlmişdi. Onlar İtaliya və Alman avtomatları ilə yaxşıca silahlanmışdılar. İndiyədək Mehdini xatırlayıram: o, 23-24 yaşlı, qarabuğdayı, tünd saçlı, enlikürəkli, ortadan bir az hündür boylu bir gənc idi. Onun əynində idman şalvarı və plaş-çadırdan tikilmiş frenç kurtka, kurtkanın altında istilik düşənədək əynindən çıxarmadığı qolsuz kürk, ayağında tikanlı İtaliya alpinist çəkmələri var idi. Onun başını üzərində beşguşəli ulduz olan İspaniya pilotkası bəzəyirdi” [1, v.24].
M.Hüseynzadənin cəbhə dostu Jilyayev yazırdı: “...O özü korpus emalatxanalarında müxtəlif sistemli gec açılan və saat mexanizmli elektrik, kimyəvi fuqas və minaları düzəldirdi. Hüseynzadə həmçinin diversiya məktəbində partizan diversiya taktikasının nəzəriyyəsini keçmişdi, onun təcrübəsi artıq o zamana böyük idi. O, hitlerçilərin partizan diversantları ilə apardığı bütün faşist hiyləgərlikləri və kələklərini yaxşı bilirdi. Mehdi çox yaxşı minaçı idi və o bunu bir çox körpülərin minalanması və dəmir yollarının dağıdılması ilə, bir çox faktlarla sübut etmişdir. Mehdi Hüseynzadə sakit və ehtimalla hərəkət edən qorxmaz, cəsur döyüşçü idi. Diversiyalar üçün hər dəfə öz bacarığını təkmilləşdirərək, yeni metod və üsulları axtarmaqla, Mehdi müxtəlif vasitələrdən istifadə edirdi.
Mehdi Hüseynzadənin törətdiyi bütün diversiyaları təsvir etmək mümkün deyil, bunun üçün qısa olaraq onlardan bir neçəsinə toxunmaq istərdim.
Diversiya üçün Mehdi bütün növ maskalanmadan istifadə edirdi. O həm əsgər, unter-zabit adı ilə Alman formasını, həm İtaliya “karabinerinin” polis formasını, həm də müxtəlif mülki paltarlarını geyinirdi. Hər bir vəziyyətdə Doqquzuncu korpusun qərargahı təxribatçılara əvvəlcədən hazırlanmış qondarma sənədlər verirdi.
Hüseynzadə faşist formasını geyinib, yoldan keçən bir faşist maşını saxladıb, minib, onlara getməyi əmr edirdi. Belə hallar da olurdu ki, düşmən müqavimət göstərirdi. Onda Hüseynzadə özü sükan arxasına keçirdi və maşını partizan düşərgəsinə gətirirdi.
Beləliklə, Mehdi partizan düşərgələrinə ondan çox avtomobil, bir neçə faşist motosikleti və bir neçə faşist zabiti da çatdırmış, Sovet ordusu günü ərəfəsində – 22 fevral 1944-cü ildə Mehdi Qoritsadan sursat yüklənmiş bir faşist maşını qaçırmağı belə bacarmışdı. 1944-cü ilin mart ayında Doqquzuncu korpusun partizan briqadaları üçün qida çatışmazlığı dövründə, Mehdi Triest bankında cəsarətli bir əməliyyatla bir neçə milyon lirəni ələ keçirmişdi. Bu, partizanlara böyük dəstək idi, bu pula onlar bir neçə həftə əhalidən yemək ala bilmışdilər. Mehdi son dərəcə təvazökar idi və heç vaxt öyünməyi sevmirdi. Sorğu-sual edildikdə, hər hansı bir təxribat barədə qısaca cavab verirdi, sanki xüsusi bir iş görməmişdi” [1, v.26-29].
Mehdi Hüseynzadənin qəhrəmanlığı onun silahdaşlarının Arxivdə mühafizə olunan xatirələrində də geniş əks olunub. Onların bəzilərinə nəzər salaq.
“...Növbəti döyüş tapşırığına gedərkən yolüstü Mehdi bizim batalyona girdi. Onun gəlişi həmişə bizi sevindirirdi. Bütün axşam Mehdi dostların əhatəsində idi, xəbərlərlə maraqlanırdı. Siqaretsizlikdən əziyyət çəkdiyimizi biləndə gülümsəyərək dedi: “Mən sizə kömək etməyə çalışacağam”. Bir gün sonra Mehdi Sovet batalyonun qərargahına italyan siqareti ilə tam dolu bir çanta gətirdi. Sevincimizin həddi-hüdudu yox idi. Mehdi özü də çox sevinirdi [1, v.34].
“...Sovet batalyonuna bayraq üçün qırmızı ipək parça tələb olunurdu. Biz uzun müddət onu tapa bilmirdik. Bizim tələbatımız barədə öyrəndikdə Mehdi parçanı tapmağa söz verdi. Bu hadisədən bir aydan çox vaxt keçdi, lakin Mehdi hələ parçanı gətirib çıxarmamışdı. Biz düşünürdük ki, komandanlığın tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı Mehdi öz gündəlik çətin işləri arasında çoxdan bizim xahiş barədə unudub. 1944-cü ilin yağışlı may günlərinin birində Mehdi Sovet batalyonu qərargahına qırmızı ipək parçanı gətirən zaman – hansından ki, sonralar iki bayraq tikildi – bizim sevinc və heyrətimizin həddi-hüdudu yox idi” [1, v.35].
“...O zaman 10 mindən artıq döyüşçüsü olan Doqquzuncu partizan korpusunda Mehdi ən görkəmli şəxs və hamı tərəfdən hörmət bəsləyən və hərarətlə sevilən döyüşçü idi. Mehdi barədə düşmənlər də bilirdi. 1944-cü ilin yazında Dənizkənarı Sloveniyada Hitler komandanlığının Adriatik zonasında “Mixaylo” adlı Sovet diversantının tutulması üçün iri məbləğdə pul vəsaiti vəd edilən elanlar peyda olunmuşdu” [1, v.37].
“1944-cü ilin noyabrında cəsur döyüşçü növbəti tapşırığa hazırlaşırdı. Bu dəfə Mehdi almanların ləvazimat anbarını partlatmaq tapşırığını almışdı. Tapşırığı uğurla həyata keçirən M.Hüseynzadə korpus qərargahına qayıdarkən yolda Vitoble kəndində faşistlərlə rastlaşdı. Cəsur partizan son damla qanınadək qəhrəmanlıqla döyüşdü. Amma düşmən çox amansız idi. Ələ keçməmək üçün son gülləni köksünə sıxan Mehdini məslək yoldaşları böyük hörmət-izzətlə Çepovan kəndində torpağa tapşırdılar. O günü onlar belə xatırlayırlar: “Mixaylonun qəhrəmancasına həlak olması barədə dəhşətli xəbər tez bir zamanda bütün Dənizkənarı Sloveniyada yayılmışdı. Onun ölümü ilə bağlı bütün 10 minlik Doqquzuncu partizan korpusu və Dənizkənarı Sloveniyanın adi insanları belə kədərlənmişdilər. Mehdinin ölümü barədə marşal Titoya məlumat verilmişdi. Mehdi Hüseynzadə dəfn edilən günü – 1944-cü ilin 19 noyabrında marşal Tito Doqquzuncu korpusun qərargahına başsağlığını ifadə edən radioqram göndərmişdi. Mərd döyüşçünü son mənzilə yola salmağa bir neçə min partizan və ətraf kəndlərin əhalisi gəlmişdi. Bir çox adamlar 25-30 və daha artıq kilometr uzaq məsafədən gəlmişdilər. Çepovan dərəsinin üzərində o gün qara buludlar var idi. Çətinliklə hiss edilən narın yağış yağırdı, sanki təbiət özü igid partizanın həlak olmasına ağlayırdı. Dəfn mərasiminə çoxsaylı canlı güllər və əkillər gətirilmişdi. Dəfn mərasimi keçirilən yerə Podçevanadan Çepovanayadək yol başlarını ağır itki qarşısında aşağı salmış insan axını və döyüşçü partizanlarla dolu idi. Dəfn mərasimi korpusun nəfəsli orkestrinin musiqisi altında Çepovana tərəf gedirdi. Mehdini son mənzilə onun yaxın dostları, həmyerliləri, Doqquzuncu korpusun qərargahından, 30 və 31-ci diviziyanın qərargahlarından, Mehdi Hüseynzadənin xidmət etdiyi 18-ci “Bazovik” zərbəçi briqadasından olan yuqoslaviyalı yoldaşları yola salmışlar” [1, v.50-51].
Azərbaycan KP MK-nın 1973-cü il 13 mart tarixli büro qərarı ilə 9 may 1973-cü ildə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsinin açılışı qərara alınmışdır [2, v.256].
Onun baş daşı üzərində onun qəhrəmanlığını sübut edən: “Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq, hünər, göstərdiyin rəşadət dostlarının qəlbində daim yaşayacaqdır” sözləri gənclərimizi, yetişməkdə olan yeni nəsli qəhrəmanlığa, şücaətə, Vətən torpağını qorumağa səsləyir.
2011-ci il iyunun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Sloveniya Respublikasının Prezidenti Danilo Türk Novo Qoritsa şəhərində Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının igid oğlu Mehdi Hüseynzadənin memorialını ziyarət etmişlər. Dövlət başçıları əfsanəvi qəhrəmanın memorial muzeyinin açılışında da iştirak etmişlər [3].
Ulu Öndər Heydər Əliyevin buyurduğu kimi: “...Şərəfli döyüş yolu keçmiş bu qəhrəmanlarımız heç vaxt yaddaşlardan silinməyəcək, tarix bu igid oğullarının adını Vətənə sədaqətli xidmət nümunəsi kimi əbədi yaşadacaqdır”.
İstifadə olunmuş ədəbiyyat: