35

İyunun 12-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində “Azərbaycan tarixində Heydər Əliyev mərhələsi” layihəsi çərçivəsində növbəti elmi seminar keçirilib.
Tədbiri açan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Gününün Azərbaycanın taleyində dönüş yaradan, dövlətçiliyimizin süqut təhlükəsindən xilas olduğu tarixi bir gün olduğunu bildirərək, bu tarixin Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli çağırışı ilə hakimiyyətə qayıdışı nəticəsində ölkəmizin sabitlik və inkişaf yoluna qədəm qoymasını simvolizə etdiyini vurğulayıb. Kollektivi bu mühüm gün münasibətilə təbrik edən E.Ələkbərova hər bir əməkdaşı xalqın, dövlətin və milli maraqların qorunması və inkişafı naminə daha əzmlə çalışmağa çağırıb.
Sonra Arxivin Sənədlərin istifadəsi və nəşri bölməsinin əməkdaşı fil.ü.f.d. Lalə Hacıyeva “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Ulu Öndərin respublikaya rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərin qorunması və mədəni irsin təbliği dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. L.Hacıyeva qeyd edib ki, Heydər Əliyev mədəniyyətin bütün sahələrinə və sənətkarlara xüsusi diqqət ayırmış, hələ 1969-1982-ci illərdə onların zəhmətini qiymətləndirmək və sənətlərini Sovet ölkəsində tanıtmaq üçün SSRİ-nin ali dövlət strukturlarına təqdimatlar yazmış, böyük sənətkarlara SSRİ Xalq artisti, SSRİ Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı kimi fəxri adların verilməsinə müvəffəq olmuşdur.
Məruzəçi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda 30-dan çox yeni teatr açıldığını, teatr və kino sənətində həqiqi intibah dövrü yaşandığını, “Nəsimi”, “Nizami”, “Babək”, “Dədə Qorqud”, “Qaçaq Nəbi”, “Qatır Məmməd”, “İstintaq” kimi milli ruhlu, milli ideyalı filmlərin çəkildiyini, “İstintaq” bədii filminə o dövrün ən böyük mükafatının – SSRİ Dövlət mükafatının verildiyini bildirib.
Ulu Öndərin bəzən hətta Sovet ideolojı çərçivələri aşaraq, milli-mənəvi dəyərlərimizi uca tutub, o vaxta qədər misli görünməmiş işlər gördüyünü, ötən əsrin 30-cu illərinin repressiya dalğasının qurbanı olmuş dramaturq və şair Hüseyn Cavidə əbədiyaşarlıq, mənəvi ölməzlik verərək onu xalqa qaytardığını xüsusi vurğulayan L.Hacıyeva çıxışını bu sözlərlə bitirib: “Milli mədəniyyətimizin və yüzlərlə görkəmli şəxsiyyətin dəyərini bilən və onların xidmətlərini yüksək qiymətləndirən Heydər Əliyev özünə də əbədiyaşarlıq qazanmışdır. Bu səbəbdəndir ki, Vətənini, milli mədəniyyətini və tarixini sevən hər bir azərbaycanlı xalqının qeyrətli oğlu olan Ulu Öndər Heydər Əliyevi minnətdarlıqla yad edir”.
Daha sonra Arxiv fondlarının informasiya-axtarış və elektron kataloq bölməsinin əməkdaşı Göhər Namazova “1969-1982-ci illərdə tarixi həqiqət müstəvisində Azərbaycan abidələrinin öyrənilməsi” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, vətəninə və xalqına bağlı olan və bütün fəaliyyəti dövründə Azərbaycanın mədəniyyətinə, tarixinə böyük dəyər vermiş görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev mədəni irsin qorunub saxlanmasına, bərpasına, təbliğinə böyük önəm verirdi. Müdrik dövlət başçısı milli şüurun formalaşmasında, vətənpərvər nəsillərin yetişməsində tarixi keçmişin, maddi-mədəniyyət abidələrinin rolunu yüksək qiymətləndirir və xalqın tarixi yaddaşının qorunmasında vacib amil hesab edirdi.
G.Namazova qeyd edib ki, Ulu Öndərin mədəni irsə münasibəti təkcə nəzəri baxışlarla məhdudlaşmamış, dövlət səviyyəsində qəbul edilən qərar və proqramlarda da öz əksini tapmış, məhz onun rəhbərliyi dövründə tarixi-mədəni irsin mühafizəsi sahəsində həyata keçirilən işlər sonrakı illərdə abidələrin mühafizəsi sisteminin formalaşmasına zəmin yaratmışdır.
Məruzəçi Arxivdə mühafizə edilən sənədlərə istinadla bildirib ki, 1969-1982-ci illərdə qəbul edilən qərarlar Azərbaycanda tarixi və mədəni abidələrin, o cümlədən Qafqaz Albaniyası dövrünə aid məbədlərin mühafizəsi sahəsində mühüm mərhələ olmuşdur və bu gün müstəqil Azərbaycanda da tarixi və mədəni irsin, o cümlədən Qafqaz Albaniyası dövrünə aid məbədlərin, qalaların və arxeoloji abidələrin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Aparılan bərpa və konservasiya işlərinin, qoruqların yaradılmasının və beynəlxalq səviyyədə həyata keçirilən layihələrin Azərbaycanın zəngin tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılmasına xidmət etdiyini vurğulayan G.Namazova çıxışının sonunda qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu maddi-mədəniyyət abidələrinin araşdırılması, qorunması, təbliği istiqamətində aparılan siyasət bu gün Prezident İlham Əliyev cənabları tərəfindən böyük uğurla davam etdirilir. İşğal olunmuş tarixi torpaqlarımızda erməni vandallarının törətdiyi kulturosidin aradan qaldırılması, dağıdılan abidələrimizin, tarixi-memarlıq irsimizin bərpası istiqamətində davamlı işlər aparılır.