42

Dünya şəhərsalma mədəniyyəti tarix boyu şəhərlərin planlı inkişafı, memarlıq irsinin qorunması, əhalinin rifahının yüksəldilməsi və müasir urbanizasiya prinsiplərinin tətbiqi əsasında formalaşmışdır. Azərbaycanda da qədim dövrlərdən etibarən şəhərsalma və memarlıq ənənələrinə xüsusi diqqət yetirilmiş, Şamaxıda 743-cü ildə inşa edilmiş məscid, Şəki yaxınlığındakı Kiş kəndində yerləşən qədim kilsə, eləcə də Lahıcın V-VI əsrlərə aid qədim su təchizatı və kanalizasiya sistemi bu zəngin urbanistik mədəniyyətin günümüzədək qorunub saxlanılan nümunələrinə çevrilmişdir.
XX əsrin ikinci yarısında Azərbaycanda həyata keçirilən genişmiqyaslı şəhərsalma siyasəti ölkənin sosial-iqtisadi və mədəni inkişafında mühüm mərhələ təşkil etmişdir. Bu sahədə əsas dönüş nöqtəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrə təsadüf edir.
Həmin illərdə Bakı şəhəri ilə yanaşı respublikanın digər bölgələrində yeni yaşayış massivləri, inzibati binalar, sənaye müəssisələri, mədəniyyət sarayları, təhsil və səhiyyə obyektləri inşa edilmiş, yol-nəqliyyat və mühəndis-kommunikasiya infrastrukturu əhəmiyyətli dərəcədə yenilənmişdir. Şəhərsalma siyasətində milli memarlıq ənənələrinin qorunması ilə müasir urbanistik yanaşmaların uzlaşdırılmasına xüsusi diqqət yetirilmiş, şəhərlərin estetik görünüşünün və ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Müstəqillik dövründə Azərbaycanda bu sahəyə xüsusi diqqət yetirilmiş, eyni zamanda şəhərsalma və dayanıqlı urban inkişaf istiqamətində beynəlxalq əməkdaşlıq əlaqələri də geniş vüsət almışdır. Bu dövrdə müasir şəhər idarəçiliyi, “ağıllı şəhər” konsepsiyasının tətbiqi və işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirilmişdir.
Azərbaycan iqlim dəyişiklikləri və müasir şəhərsalma sahəsində meydana çıxan qlobal problemlərin aradan qaldırılması istiqamətində də beynəlxalq miqyasda fəal iştirak edir. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının (WUF13) 2026-cı ilin 17-22 may tarixlərində Bakı şəhərində keçirilməsi ölkəmizin dayanıqlı şəhərsalma və urban inkişaf sahəsində beynəlxalq nüfuzunun yüksəldiyini nümayiş etdirir.
Bu istiqamətdə həyata keçirilən ardıcıl dövlət siyasəti şəhərsalma və memarlıq sahəsinin inkişafına xüsusi diqqətin ayrıldığını göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi də bunun bariz nümunəsidir.