İctimai-Siyasi Sənədlər Arxivində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir və “Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən iki sənədlər toplusunın təqdimatı keçirilib

    233   

Mayın 8-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir və “Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən iki sənədlər toplusunın təqdimatı keçirilib.

Tədbirə başlamazdan öncə İctimai-Siyasi Sənədlər Arxivinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, dünya şöhrətli siyasətçinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Arxivin foyesində tədbir iştirakçılarına İctimai-Siyasi Sənədlər Arxivində mühafizə olunan, Ulu Öndərin şərəfli həyat yolunu və Azərbaycanın milli-mədəni irsinin qorunması istiqamətində fəaliyyətini əks etdirən qiymətli sənəd, fotoşəkil və nəşrlərdən ibarət sərgi nümayiş olunub.

Arxivin bələdçiləri qonaqlara “Heydər Əliyev və milli mədəniyyət”, “Şuşa – Azərbaycanın mədəniyyət salnaməsi” və “Milli mədəniyyətə Ulu Öndər qayğısı fotoşəkillərdə” adlı stendlər barədə məlumat verərək, Ümummilli Liderin Azərbaycana birinci rəhbərliyi illərində teatr, kinematoqrafiya və musiqi sahələrində həyata keçirilən dövlət siyasətinin milli mədəni irsin qorunması və inkişafındakı rolunu diqqətə çatdırıb, həmçinin həmin dövrün əsas mədəni hadisələrinə qısa ekskurs ediblər.

Tədbir akt zalında davam edib. İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova çıxış edərək vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkənin ən ağır vəziyyətində, ən taleyüklü məqamlarda hakimiyyətə gəlmiş, bütün gücünü, fitri istedadını, müdrikliyini Vətənimizin mənafeyinə, nüfuz və qüdrətinin artmasına, milli birliyin bərqərar olunmasına yönəltmişdir.

1969-1982-ci illərin Azərbaycan tarixində dinamik inkişaf, çiçəklənmə dövrü olmaqla yanaşı, Azərbaycanın bir dövlət kimi dünyada tanınma dövrü olduğunu, Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində Azərbaycanın beynəlxalq aləmdə tanınmasını qeyd edən E.Ələkbərova bildirib ki, həmin illərdə digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də dövlət siyasəti daha sistemli və məqsədyönlü olmuş, milli-mədəni irsə münasibət sadəcə sözlə deyil, real işlərlə ifadə olunmuş, mədəni mühitin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılmış, eyni zamanda, tanınmış mədəniyyət xadimlərinə dövlət tərəfindən böyük dəstək verilmişdir.

Ümummilli Lider Heydər Əliyevin teatr və kino sənətinin, eləcə də musiqi sənətinin inkişafı istiqamətində gördüyü işlər sayəsində əldə olunan uğurlardan geniş bəhs edən məruzəçi məhz Ulu Öndərin təşəbbüsü və qətiyyəti nəticəsində “Nəsimi”, “Babək”, “İstintaq”, “Dədə Qorqud”, “Qorxma, mən səninləyəm” kimi kinematoqrafiyanın qızıl fonduna daxil olmuş filmlərin çəkildiyini, Azərbaycan tarixində ilk dəfə olaraq bir çox incəsənət xadimlərinin SSRİ-nin ali dövlət mükafatlarına – Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı adlarına layiq görüldüyünü, H.Sarabski, H.Ərəblinski, Ü.Hacıbəyli, M.Maqomayev kimi korifeylərin yubileylərinin ümumittifaq səviyyəsində keçirilməsini, Xan Şuşinski, Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Lütfiyar İmanov, Rəşid Behbudov, Müslim Maqomayev, Bəhram Mansurov, Qəmər Almaszadə kimi görkəmli sənətkarların SSRİ-nin ən yüksək orden, medal və fəxri adları ilə təltif edilmələrinə nail olmasını xüsusi vurğulayıb.

 Ələkbərova bildirib ki, Heydər Əliyevin Vətəni və xalqı naminə gördüyü işlərin tədqiqi, təhlili və gələcək nəsillərə çatdırılması mühüm siyasi və mənəvi əhəmiyyət kəsb edir və qeyd edib ki, İctimai-Siyasi Sənədlər Arxivinin fondlarında mühafizə olunan, 1969-1982-ci illəri əhatə edən qiymətli sənədlər əsasında nəşrə hazırlanmış “Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən “Teatr və kino” və “Musiqi mədəniyyəti” adlı kitablar məhz bu məqsədə xidmət edir.

Məruzəçi çıxışını bu sözlərlə ilə bitirib: “Bugünkü Azərbaycan – inkişaf edən, nüfuzlu, iqtisadi və siyasi cəhətdən güclü bir dövlətdir. Bu uğurlar, bu gün görülən işlər, həyata keçirilən layihələr, inkişafın bütün istiqamətlərində əldə olunan nailiyyətlər Heydər Əliyevin çox sevdiyi əziz Vətəni, bütün ömrünü həsr etdiyi doğma xalqı ilə bağlı arzularının bir-bir gerçək olduğunun ən bariz nümunəsidir. Onun qoyduğu yol yaşayır, inkişaf edir və əsrlərə hesablanmış bir dövlətçilik modeli kimi davam etdirilir. Bu gün Ulu Öndər bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayır. Nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var, Heydər Əliyev də yaşayır və yaşayacaqdır!”

Tədbirdə həmçinin Milli Məclisin deputatları – siyasi elmlər doktoru, professor Hicran Hüseynova və tarix elmləri doktoru, professor Fəzail İbrahimli, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlilli, Əməkdar jurnalist, Bakı Slavyan Universitetinin professoru Etibar Babayev çıxış edərək, Ulu Öndərin Azərbaycanın inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən, bu dahi şəxsiyyətin Azərbaycan tarixindəki böyük rolundan geniş söhbət açıblar.

Tədbirin sonunda İctimai-Siyasi Sənədlər Arxivi tərəfindən 1969-1982-ci illərə aid qiymətli sənədlər əsasında hazırlanmış, Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən “Quruculuq salnaməsi. Başlanğıc...” adlı sənədli xronika nümayiş etdirilib.

AZƏRTACın hazırladığı videoreportajı izləmək üçün aşağıdakı linkə daxil olun:

“Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən sənədlər toplusunın təqdimatı olub