118

Martın 31-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində 31 mart – Azərbaycanlıların Soyqırımı Gününün 108-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə erməni daşnakları tərəfindən qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Arxiv fondlarının informasiya-axtarış və elektron kataloq bölməsinin müdiri, tarix üzrə elmlər doktoru Həcər Verdiyeva “1918-1920-ci illərdə Zəngəzur soyqırımı” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, 1918-ci ilin mayında Azərbaycan torpaqlarının 9 min kv. kilometrə yaxın ərazisini mənimsəyən Ararat Respublikası “erməni məsələsi”nin alqoritmləri müstəvisinə söykənib, vətənimizin tarixi məkanına – Zəngəzur torpaqlarına əsassız ərazi iddiası ilə çıxış etmiş və erməni millətçiləri 1918-1920-ci illərdə Zəngəzurda azərbaycanlılara qarşı soyqırımı törətmişlər. Tarixi həqiqətlər göstərir ki, Zəngəzur soyqırımını yalnız millətçi Andranikin, Dronun, Njdenin quldur dəstələri həyata keçirməmiş, Ararat Respublikası da bölgəyə nizami hərbi hissələr göndərmiş, bu məkanda etnik təmizləmə aparmış, qanlı olaylar törətmiş, Azərbaycanın tarixi torpaqlarına qarşı əsassız ərazi iddiaları irəli sürmüşdür.
Azərbaycan tarixinin qanla yazılmış səhifələrindən olan Zəngəzur soyqırımını İctimai-Siyasi Sənədlər Arxivində mühafizə olunan F.277, siy.2 və F.268, siy.23 və 30-da yer almış qiymətli sənədlər əsasında araşdıran H.Verdiyeva Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyü uğrunda apardığı mübarizəni, Ararat Respublikasının, xarici missiyaların nümayəndələrinin məkrli siyasətini, erməni millətçi hərbi dəstələrinin Zəngəzurda törətdikləri qanlı cinayətləri, azərbaycanlıların soyqırımını faktoloji baza əsasında göstərərək, Zəngəzur soyqırımının həqiqətlərini tədbir iştirakçılarına çatdırıb.
Tədbirin sonunda Quba Soyqırımı Memorial Kompleksindən bəhs edən videoçarx nümayiş olunub.