İctimai-Siyasi Sənədlər Arxivində “Azərbaycan tarixində Heydər Əliyev mərhələsi” layihəsi çərçivəsində elmi seminar keçirilib

    452   

Martın 6-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində “Azərbaycan tarixində Heydər Əliyev mərhələsi” layihəsi çərçivəsində elmi seminar keçirilib.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova seminarı açıq elan edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində dövlət quruculuğu və milli inkişaf prosesində mühüm rol oynamış görkəmli siyasi xadimlərdən biridir və bu dahi şəxsiyyətin istər 1969-1982-ci illərdə, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi siyasət Azərbaycanın iqtisadi, sosial, mədəni və elmi potensialının güclənməsinə mühüm töhfələr vermişdir.

Ümummilli Liderin uğurlu siyasətinin mühüm istiqamətlərindən birinin də qadınların cəmiyyətdə rolunun artırılması və onların ictimai-siyasi həyatda daha fəal iştirakının təmini olduğunu vurğulayan E.Ələkbərova Heydər Əliyevin rəhbərliyi dövründə qadınların elm, təhsil, səhiyyə və dövlət idarəçiliyi sahələrində mövqelərinin daha da möhkəmləndiyini bildirib və qeyd edib ki, bu yanaşma Azərbaycanda gender bərabərliyinin inkişafına və qadınların sosial statusunun yüksəlməsinə mühüm təsir göstərmiş, həyata keçirilən dövlət siyasəti ölkənin ümumi inkişafı ilə yanaşı, qadınların ictimai həyatda layiqli yer tutmasına da geniş imkanlar yaratmışdır.

Arxivin qadın kollektivini qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən E.Ələkbərova çıxışını bu sözlərlə bitirib: “Biz bir Azərbaycan qadını kimi fəxr edirik ki, bu gün beynəlxalq aləmdə güclü və nüfuzlu dövlət kimi tanınan müstəqil Azərbaycanın tərəqqisində xanımlarımızın da böyük payı vardır/ Biz bundan sonra da Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev cənablarının uğurla davam etdirdiyi siyasi kursu dəstəkləyəcək, müstəqil dövlətimizin gələcək inkişaf və nailiyyətlərinin iştirakçısı olacağıq”.

Daha sonra Arxivin Nəşrlərin mühafizəsi və uçotu bölməsinin əməkdaşı Mələk Nəhmətovanın “Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti” mövzusunda məruzəsi dinlənilib.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadınları haqqında fikirlərini əks etdirən videoçarx nümayiş etdirilib.