122

Fevralın 26-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə Azərbaycan tarixində ən dəhşətli və faciəli səhifələrdən biri olan Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova tədbiri açıq elan edərək bildirib ki, dünya tarixində dinc əhalinin kütləvi soyqırımı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda faciələrilə eyni sırada dayanan Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edilib, günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetiriliblər. Son iki əsrdə erməni millətçilərinin tarixi Azərbaycan torpaqları hesabına mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl şəkildə xalqımıza qarşı apardıqları terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasətindən geniş bəhs edən E.Ələkbərova qeyd edib ki, Xocalı faciəsi bu qeyri-bəşəri siyasətin ən dəhşətli nəticələrindən biridir.
E.Ələkbərova faciə baş verən dövrdə Azərbaycana rəhbərlik edənlərin Xocalı soyqırımına biganə münasibətindən danışaraq vurğulayıb ki, məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmiş, soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün ciddi tədbirlər görülmüş, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək, “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır.
Sonda məruzəçi vurğulayıb ki, 27 sentyabr 2020-ci ildə erməni təxribatına cavab olaraq başlanan əks-hücum əməliyyatları nəticəsində Şanlı Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Böyük Qələbə əldə etdi, 30 ilə yaxın davam edən erməni işğalına birdəfəlik son qoydu. Digər ərazilərlə yanaşı, Xocalı şəhəri də azad edilərək yenidən Azərbaycana qovuşdu, bununla da Xocalı şəhidlərinin qisası alındı. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
Sonra Arxivin Nəşrlərin mühafizəsi və uçotu bölməsinin müdiri Ülkər Həmidovanın “Xocalı faciəsi və Xocalıya qayıdış” mövzusunda məruzəsi dinlənilib.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub.
Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik!