149

1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının elmi-mədəni həyatında mühüm dönüş nöqtəsi kimi tarixə düşmüşdür. Bu mötəbər toplantı SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı məsələləri müzakirə etmək məqsədi daşıyırdı.
Qurultayın işində Sovet birliyi məkanında yaşayan türk xalqları ilə yanaşı xarici qonaqlar, alimlər, yazıçılar və maarif xadimləri – ümumilikdə 131 nəfər nümayəndə iştirak etmişdir. Onların sırasında Bəkir Çobanzadə, Əli bəy Hüseynzadə, Fuat Köprülü, Aleksandr Samoyloviç kimi görkəmli türkoloq və şərqşünaslar da olmuşlar.
Qurultayda əsas müzakirə mövzularından biri türk dilləri üçün ortaq latın qrafikalı əlifbanın qəbulu məsələsi idi. Bu təşəbbüs savadlanmanın sürətləndirilməsi, mədəni inteqrasiyanın gücləndirilməsi və elmi əlaqələrin asanlaşdırılması baxımından mühüm addım hesab olunurdu. Lakin bu məsələ bolşevik hökuməti tərəfindən böyük bir təhdid olaraq qəbul edilmiş, Qurultay nümayəndələrinin böyük əksəriyyəti pantürkizmdə ittiham olunaraq 1930-cu illər repressiyasına məruz qalmışlar. 1939-cu ildən etibarən isə Qurultayın əsas nəticəsi olan türk xalqlarının latın qrafikalı əlifbaya keçidi ləğv edilmiş və Sovet Birliyi ərazisində yaşayan türk xalqları üçün kiril əlifbalı yazı tətbiq olunmuşdur.
Azərbaycan XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Birinci Türkoloji Qurultaya dövlət səviyyəsində hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09 noyabr 2005-ci il tarixli Sərəncamı ilə bu mötəbər tarixi hadisənin 80 illik, 22 oktyabr 2025-ci il tarixli Sərəncamı ilə isə 100 illik yubileyinin keçirilməsi qərara alınmışdır.