238

Dekabrın 12-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində Ulu Öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova “Böyük arzularla yaşayan lider” adlı məruzə ilə çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövr ölkənin ən çətin zamanlarına, taleyüklü məqamlarına təsadüf etmiş, bu dahi şəxsiyyət bütün gücünü, fitri istedadını, müdrikliyini Vətənimizin mənafeyinə, nüfuz və qüdrətinin artmasına, milli birliyin bərqərar olunmasına yönəltmişdir.
1969-1982-ci illərdə Ulu Öndərin qarşısına qoyduğu əsas və mühüm vəzifənin ölkəni dərin iqtisadi böhrandan çıxarmaq, dirçəltmək, ikinci mərhələnin başlanğıcında Azərbaycanın parçalanmasına, milli kimliyin, milli istiqlalın itirilməsinə gətirib çıxaracaq proseslərin, qardaş qırğınının qarşısını almaq, iqtisadi və mənəvi çöküş dövrünü yaşayan ölkəni yenidən ayağa qaldırmaq olduğunu vurğulayan E.Ələkbərova qeyd edib ki, bu dünya şöhrətli siyasətçinin ən böyük arzusu müstəqil Azərbaycanın siyasi və iqtisadi cəhətdən dayanıqlı, güclü və daim inkişaf edən bir dövlət olması idi və onun iqtisadi strategiyası uzaqgörənlik və dəqiqliklə qurulmuşdu.
Heydər Əliyevin apardığı iqtisadi islahatlardan, bu illər ərzində onun rəhbərliyi altında həyata keçirilən nəhəng layihələrdən geniş bəhs edən E.Ələkbərova Ulu Öndərin “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır” deyə dilə gətirdiyi arzusunu tədbir iştirakçılarına bir daha xatırladıb və qeyd edib ki, qüdrətli Azərbaycan ordusu və Azərbaycan xalqı möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumruğu ətrafında sıx birləşərək öz ərazi bütövlüyü və tarixi ədalətin bərpası üçün çıxdığı Zəfər yürüşündə möhtəşəm Qələbə qazanmış və bununla da, Ulu Öndərin və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etmişlər.
E.Ələkbərova bu gün Azərbaycanın inkişaf edən, nüfuzlu, iqtisadi və siyasi cəhətdən güclü bir dövlət olduğunu vurğulayıb və çıxışını bu sözlərlə bitirib: “Bu gün görülən işlər, həyata keçirilən layihələr, inkişafın bütün istiqamətlərində əldə olunan nailiyyətlər dahi siyasətçi Heydər Əliyevin çox sevdiyi əziz Vətəni, bütün ömrünü həsr etdiyi doğma xalqı ilə bağlı arzularının bir-bir gerçək olduğunun ən bariz nümunəsidir. Onun qoyduğu yol yaşayır, inkişaf edir və əsrlərə hesablanmış bir dövlətçilik modeli kimi davam etdirilir. Bu gün Ulu Öndər bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayır. Nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var, Heydər Əliyev də yaşayır və yaşayacaqdır!”
Sonra yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlillinin “Heydər Əliyev dühası”, Arxiv fondlarının mühafizəsi və uçotu bölməsinin aparıcı məsləhətçisi Sevinc Soltanovanın “Heydər Əliyev və gənclər siyasəti” və Nəşrlərin mühafizəsi və uçotu bölməsinin məsləhətçisi Mələk Nəhmədovanın “Heydər Əliyev və təhsil siyasəti” mövzusunda məruzələri dinlənilib.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.