402

Sentyabrın 26-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Arxivin direktoru Elmira Ələkbərova çıxış edərək bildirib ki, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, 27 sentyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatına başlamışdır. 44 gün davam edən Vətən müharibəsində rəşadətli ordumuz 30 il işğal altında olan əzəli torpaqlarımızı erməni vandallarından azad etmiş, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən bu şanlı mübarizədə möhtəşəm qələbəyə imza atmışlar.
E.Ələkbərova Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev cənablarının hər il sentyabr ayının 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzaladığını qeyd edib və vurğulayıb ki, həmin gün Azərbaycanın dəmir iradəsini, hərbi-siyasi qüdrətini, milli həmrəyliyimizi bütün dünyaya tanıdan şərəfli bir gün kimi bəşər tarixinə həkk olunmuşdur.
Tədbirdə ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik!