AZƏRBAYCAN MİLLİ MƏTBUATININ İKİ MÜBARİZ QADINI

    240    Elmira Ələkbərova

Azərbaycan qadını öz iradəsi və mərdliyi,
saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında,
xalqımızın milli-mənəvi dəyərlər sisteminin
formalaşmasında müstəsna rol oynamışdır.

Heydər ƏLİYEV

XIX əsrin II yarısı-XX əsrin əvvəllərində bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da qadınların istismar və zülmdən qurtulması, maariflənməsi, mülki və siyasi, eləcə də iqtisadi, sosial və mədəni hüquqlarının əldə edilməsi uğrunda mübarizə başlamışdır. Həmin dövrdə Azərbaycan qadınlarının acınacaqlı vəziyyəti və bu vəziyyətdən çıxış yollarının axtarılması ziyalılar tərəfindən geniş müzakirə olunan ən aktual məsələlərdən birinə çevrilmişdi. Belə ki, qadının savadsızlığı, ictimai həyatdan təcrid olunması təkcə qadınların deyil, bütün xalqın həyatına mənfi təsir göstərir, xalqın firavan gələcəyini təhlükə altına qoyurdu.

1905-1907-ci illər inqilabı qadın problemlərinin həllinə çağırışları daha da aktuallaşdırdı. Azərbaycan mətbuatı qadınlara kişilərlə bərabər şəkildə mülki və siyasi hüquqlar verilməsinə çağırır, həmçinin qadınların azadlığı və təhsilinin əhəmiyyətinin Qurani-Kərimdə də xüsusilə vurğulandığına diqqət çəkərək, din xadimləri və təəssübkeş ruhaniləri də öz tərəflərinə çəkməyə çalışırdılar. Məhz ziyalıların qadınların milli şüurunu gücləndirmək, onların savadsızlığına, hüquqsuzluğuna son qoymaq üçün mübarizələri nəticəsində Azərbaycan qadınları ictimai-siyasi həyatda özlərini daha çox göstərməyə başladılar və birgə mübarizə sayəsində təhsil, ictimai fəaliyyət, seçkilərdə iştirak hüququ qazandılar.

Bu nəticəyə aparan yolda, yəni fikirlərin geniş ictimaiyyətə çatdırılmasında, qadın hüquqları uğrunda, savadsızlıqla və ictimai həyatdan təcrid olunma ilə mübarizədə, şübhəsiz, ən böyük rolu Azərbaycanın dövri mətbuatı oynayırdı. Azərbaycan milli mətbuatında bu məsələ ilk öncə 1903-cü ildə görkəmli maarifçi, publisist, alim Məhəmməd Ağa Şahtaxtılı tərəfindən “Şərqi-Rus” qəzetində qaldırıldı, daha sonra “Həyat”, “İrşad”, “Yeni İrşad”, “Tərəqqi” kimi qəzetlərdə də qadın savadsızlığı haqqında məqalələr dərc olundu, problemin həlli yolları araşdırıldı. “Molla Nəsrəddin” jurnalı isə qadın azadlığı məsələlərində çox cəsarətlə dini təəssübkeşlərə qarşı çıxır, çadranın götürülməsi və qadın-ların kişilərlə tam bərabərliyi uğrunda mübarizə aparır, bu ağrılı mövzuda satirik yazılar və karikaturalar nəşr edirdi.

Mətbuat səhifələrində yalnız dövrün Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtılı, Əhməd bəy Ağayev, Yusif Vəzir Çəmənzəminli kimi tanınmış ziyalıları deyil, maarifpərəst qadınların da imzaları get-gedə artırdı. Bu qadınlar arasında iki nəfər Azərbaycan qadınının azadlığı uğrunda mübarizəsində böyük rol oynamışdır. Bunlar – ilk azərbaycanlı jurnalist qadın Şəfiqə xanım Əfəndizadə və ilk azərbaycanlı qadın-redaktor Xədicə xanım Əlibəyovadır.

İlk Azərbaycan qadın jurnalisti və publisisti olmuş Şəfiqə xanım Əfəndizadə XX əsrin əvvəllərində fəaliyyətə başlamış bir ziyalı olaraq, istər pedaqoq, istər jurnalist kimi bütün gücünü qadınlarda milli şüurun güclənməsinə, savadsızlığın, cəhalətin, qadın hüquqsuzluğunun aradan qaldırılmasına sərf etmişdir.

Şəfiqə xanım dövri mətbuatda fəaliyyətinə “Şərqi-Rus” qəzetinin 16 aprel 1903-cü il tarixli 7-ci nömrəsində nəşr olunmuş məqaləsi ilə qədəm qoymuşdur. Sonralar “Həyat”, “İrşad”, “İqbal”, “Açıq söz”, “Azərbaycan”, “Dəbistan”, “Dirilik”, “Məktəb” kimi qəzet və jurnallarda məqalə və hekayələrlə çıxış etmişdir.

Şəfiqə Əfəndizadə müxtəlif qurultaylarda iştirak etmişdir. İlk dəfə 1906-cı ildə Azərbaycan müəllimlərinin I qurultayının, 1917-ci ildə Bakıda Zaqafqaziya müsəlmanlarının, Kazanda Ümumrusiya müsəlman qadınlarının və Moskvada Ümumrusiya müsəlmanları qurultayında, həmçinin, 1921-ci ildə Azərbaycanın bitərəf qadınlarının I qurultayında iştirak etmiş və orada Moskvada keçiriləcək Şərq qadınları qurultayına nümayəndə seçilmişdir.

Şəfiqə Əfəndizadənin ölkənin ictimai həyatında olduğu kimi, siyasi həyatında da yaxından iştirak etməsi Azər­baycan qadını üçün bir yenilik idi. Hətta Şəfiqə xanım 1917-ci il oktyabrın 3-də Şamaxıda keçiriləcək bələdiyyə seçkilə­rin­də qadınlar arasında rəhbərlik üçün Şamaxı Milli Komi­təsinin xahişi ilə Bakı Milli Komitəsi tərəfindən Şamaxıya göndə­rilmişdir. Həmin seçkilərdə qadınların iştirakının təşkili problemləri Şəfiqə xanım tərəfindən “Açıq söz” qəzetində dərc olunmuş “Şamaxıda qadınlar seçkisi” adlı məqaləsində şərh olunmuşdur.

Azərbaycan Cümhuriyyətinin süqutundan sonrakı illərdə də Şəfiqə xanım mətbuatda publisistik yazıları ilə çıxış etmişdir. 1923-cü ilin noyabr ayında “Şərq qadını” jurnalı öz fəaliyyətinə başladıqda, jurnalın redaksiya heyətində Şəfiqə xanım da yer alır və jurnalın bədii ədəbiyyat şöbəsinin müdiri təyin edilir. Şəfiqə xanımın fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir və bu gün Bakı şəhəri Yasamal rayonunda 13 saylı məktəb onun adını daşıyır.

XX əsrin əvvəllərində savadsız Azərbaycan qadınlarının hüquqları üğrunda mübarizə aparan ziyalı qadınlardan biri də Xədicə xanım Əlibəyova olmuşdur. Zaqafqaziya Olginski Mamalıq və Ginekologiya İnstitutunun məzunu Xədicə xanım Əlibəyova Azərbaycanda ilk qadın mətbu orqanı olan “İşıq” qəzetinin redaktoru idi.

“İşıq” adlı qadın qəzetinin nəşri Azərbaycan mətbuatında qadın məsələsində ən əlamətdar hadisə olmuşdu. Dövrünün ziyalı xanımlarını öz ətrafında birləşdirmiş “İşıq” qəzetinin birinci nömrəsi 22 yanvar 1911-ci ildə işıq üzü gördü. Cəmi 47 nömrəsi çıxmış qəzetin naşiri Xədicə xanımın həyat yoldaşı, publisist və hüquqşünas Mustafa bəy Əlibəyov idi. Məhz “İşiq” qəzetinin nəşri Azərbaycan mətbuatının qadın azadlığı uğrunda apardığı mübarizənin təsirsiz ötüşmədiyini, qadın azadlığı tərəfdarlarının və qadınların özlərinin artıq ciddi bir ictimai gücə çevrildiyini göstərdi.

Hər məqaləsində cəmiyyətə, millətə, dövlətə xeyirli, həqiqi bir vətəndaş yetişdirmək üçün qadının təhsilli olmasının vacibliyini vurğulayan Xədicə Əlibəyova Azərbaycan xalqının başına gələn bəlaların böyük qisminin səbəbini məhz anaların savadsızlığında görürdü və qadın təhsilinin vacibliyinin Quranda da buyurulduğunu qeyd edirdi. Məhz bu yanaşma Xədicə xanımla Mustafa Əlibəyovu digər maarifpərvərlərdən fərqləndirirdi. Onlar əhalinin əksəriyyətini təşkil edən dini təəssübkeşlərin qəzəbi və nifrətinə səbəb olmadan qəzetin nəşrinə davam etmək üçün din xadimlərinin də fikirlərini nəzərə almağa səy göstərirdilər. Xədicə xanım din xadimlərini qıcıqlandırmamağa çalışır, bir çox məqalələrdə şəriət məsələlərinə geniş yer verərək, kişinin qadından üstünlüyünə işarə edir və bununla da din xadimlərinin dəstəyinə nail olmağa cəhd göstərirdi və müəyyən mənada buna nail də ola bilirdi.

Bununla belə, qatı dindarlar tərəfindən olunan hücumlar nəticəsində “İşıq” qəzeti maddi çətinliklər yaşamağa başladı, din xadimlərinin qorxusundan müəlliflər də qəzetə məktub və məqalə göndərməyi dayandırırdılar və 1912-ci ilin aprel ayında “İşıq” öz nəşrini dayandırdı.

Xədicə xanımın “İşıq”ıyla yola başlayan Azərbaycan qadın mətbuatı sonradan digər mətbu orqanlarla, xüsusən “Şərq qadını”, 1938-ci ildən etibarən isə “Azərbaycan qadını” jurnalı ilə yoluna davam etdi. “Şərq qadını” jurnalı Azərbaycanda ədəbi-bədii fikrin, mədəniyyətin inkişafında, qadın yazıçıların yetişməsində böyük rol oynadı. Xalidə Hasilova, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Əzizə Cəfərzadə ilk dəfə bu jurnalda çıxış etmişlər.

Qadın məsələsi bu gün də Azərbaycanda prioritet istiqamətlərdən biridir və bugünkü tarixşünaslığımız Azərbaycan qadınının mübarizə tarixinin öyrənilməsinə geniş yer ayırır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivi də bu istiqamətdə bir çox işlərə imza atmışdır. 2017-ci ildə Şəfiqə xanım Əfəndizadənin “Seçilmiş əsərləri”, 2020-ci ildə “İşıq” qəzetinin tam mətni transliterasiya olunaraq müasir əlifbada, izahlar, qeydlər və lüğətlə nəşr olunaraq ictimaiyyətə təqdim edilmişdir.