179

2022-ci ilin noyabr ayında Azərbaycan və Şərq musiqisinin inkişafında böyük rol oynamış görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 ili tamam olur.
Özünəməxsus bəstəkarlıq texnikası, musiqi dili və qeyri-adi təxəyyülü ilə Azərbaycan klassik musiqi sənətində mühüm yer tutan Fikrət Əmirovun Azərbaycanda ilk lirik-psixoloji opera olan “Sevil” operası, “Nəsimi”, “Min bir gecə”, “Nizami” kimi baletləri və s. əsərləri onun dünyanın müxtəlif ölkələrində tanınmasına, böyük dinləyici kütləsinin məhəbbətini qazanmasına səbəb olmuşdur.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK Bürosunun 24 noyabr 1972-ci il tarixli Qərarı əsasında Fikrət Əmirov 50 illik yubileyi ərəfəsində Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuş, 19 iyul 1982-ci il tarixli Qərarla isə 60 illik yubileyi keçirilmiş, musiqi sənətinin inkişafında böyük xidmətləri nəzərə alınaraq, görkəmli bəstəkar Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Ümummilli Lider Heydər Əliyevin 7 noyabr 2002-ci il tarixli Sərəncamı əsasında Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətləri olan Fikrət Əmirovun 80 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 fevral 2012-ci il tarixli Sərəncamı ilə görkəmli bəstəkarın 90 illik, 15 mart 2022-ci il tarixli Sərəncamı ilə isə 100 illik yubileyinin keçirilməsi qərara alınmışdır.