237

2025-ci ilin sentyabr ayında Azərbaycan musiqisinin banisi, Şərqdə ilk operanın müəllifi, musiqişünas-alim, bəstəkar, böyük maarifçi və ictimai xadim, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafına misilsiz töhfələr vermiş dahi Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam olur.
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla” operalarını, “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarını yazıb.
Üzeyir Hacıbəyli yaradıcılığının ən yüksək zirvəsi olan “Koroğlu” operası isə təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında xüsusi məqama malik sənət nümunələrindəndir.
Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 110 illiyi münasibətilə imzaladığı Fərmana əsasən, dahi sənətkarın doğum günü Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Həmçinin, 2009-cu ildən etibarən hər il Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli musiqi xadiminin adını daşıyan beynəlxalq musiqi festivalı təşkil olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 fevral 2005-ci il tarixli Sərəncamı ilə görkəmli bəstəkarın 120 illik, 23 fevral 2010-cu il tarixli Sərəncamı ilə 125 illik, 3 fevral 2025-ci il tarixli Sərəncamı ilə isə 140 illik yubileyinin keçirilməsi qərara alınmışdır.