İctimai-Siyasi Sənədlər Arxivində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

   

Mayın 8-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Arxivin foyesində tədbir iştirakçılarına Arxivdə mühafizə olunan qiymətli sənəd, fotoşəkil və nəşrlərdən ibarət sərgi nümayiş olunub.

Tədbir akt zalında davam edib. İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev hələ 1969-1982-ci illərdə respublikaya ilk rəhbərliyi zamanı müstəqil Azərbaycanın işıqlı sabahının təməlini qoymuş, bu dahi siyasət xadiminin həmin dövrdə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında mühüm islahatlar aparılmış, qısa zaman ərzində Azərbaycan keçmiş İttifaq respublikaları bir çox sahələrdə geridə qoyaraq, qabaqcıl mövqeyə yiyələnmişdir.

Azərbaycan sənayesinin və elminin inkişafında yeni mərhələdən, neft sahəsindəki ciddi dəyişikliklərdən geniş bəhs edən E.Ələkbərova vurğulayıb ki, Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün bu genişmiqyaslı işlərə Ulu Öndər şəxsən özü başçılıq edir, hələ o vaxtlar zamanı qabaqlayaraq müstəqil Azərbaycan üçün güclü iqtisadiyyatın təməlini qoyurdu. E.Ələkbərova vurğulayıb ki, 1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə Heydər Əliyevin Naxçıvandan Bakıya gələrək yenidən hakimiyyətə qayıdışı müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi olmuş və bu dahi şəxsiyyətin ölkəmizə 1993-2003-cü illərdə rəhbərliyi dövründə müstəqil dövlətimizin tərəqqisi üçün çox böyük, taleyüklü işlər həyata keçirilmişdir.

E.Ələkbərova çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sözləri ilə bitirib: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.

Daha sonra Arxiv fondlarının mühafizəsi və uçotu bölməsinin əməkdaşı Nərmin Mirzəyevanın “Güclü Azərbaycan naminə” adlı məruzəsi dinlənilib.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.