İctimai-Siyasi Sənədlər Arxivində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib

   

Yanvarın 17-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Arxivin direktoru Elmira Ələkbərova çıxış edərək 1990-cı ilin yanvarında SSRİ qoşun hissələrinin Bakıya yeridilməsi nəticəsində Azərbaycanın azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı törədilmiş vəhşiliklərdən və cinayətlərdən bəhs edib. Qanlı yanvar hadisələrinin Azərbaycan xalqının yaddaşında və tarixində qəhrəmanlıq səhifəsi kimi daim xatırlanacağını qeyd edən E.Ələkbərova bu hadisələrin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini və milli azadlıq hərəkatının daha da güclənməsinə gətirib çıxardığını vurğulayıb.

E.Ələkbərova bildirib ki, yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. Ulu Öndərin siyasi yolunun uğurlu davamçısı, Prezident İlham Əliyev tərəfindən də daim şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayrılır. 2020-ci ildə əzəli torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu tərəfindən həyata keçirilmiş hərbi əməliyyatlar Böyük Zəfərlə nəticələnib və bununla da, azadlıq uğrunda canlarını fəda edən şəhidlərimizin, o cümlədən 20 Yanvar şəhidlərinin qisası alınıb.

Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik!