İctimai-Siyasi Sənədlər Arxivində Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

   

Dekabrın 12-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirə başlamazdan öncə Ümumilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Arxivin Sənədlərin istifadəsi və nəşri bölməsinin aparıcı məsləhətçisi Səbinə Zeynalova “Heydər Əliyev və yaşıl dünya” mövzusunda məruzə ilə çıxış edərək, Ulu Öndərin Respublikaya hər iki rəhbərliyi dövründə çoxşaxəli fəaliyyətindən danışıb. Heydər Əliyevin ekoloji problemləri də diqqət mərkəzində saxladığını, xüsusən yaşıllaşdırma işlərinə böyük önəm verdiyini vurğulayan məruzəçi Ulu Öndərin “Bakını yaşıllıqlar diyarına çevirək” təşəbbüsü ilə Bakıda və Abşeronda yeni bağların, yaşıllıq zonalarının salınmasından, bu dahi rəhbərin birbaşa göstərişləri əsasında meşəsalma və meşələrin bərpası işlərindən bəhs edib. S.Zeynalova bildirib ki, Ulu Öndər ətraf mühitin mühafizəsini və sağlam ekoloji mühitin yaradılmasını prioritet məsələlərdən biri kimi qarşıya məqsəd qoymuş, təbiət və ekologiyanın mühafizəsi Heydər Əliyevin dövlət siyasətinin əsas müddəalarından biri olmuşdur və bu gün Heydər Əliyev yolunun, onun siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev də ekoloji vəziyyətin yaxşılaşdırılması, təbiətin, ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə bağlı fəlakətlərin qarşısının alınması və ətraf mühiti çirkləndirən amillərə qarşı ciddi mübarizənin təşkili sahəsində uğurlu addımlar atmışdır.

Prezident İlham Əliyevin böyük sərkərdəlik bacarığı və Azərbaycan əsgərinin qəhrəmanlğı sayəsində 44 günlük Qarabağ müharibəsi və 23 saat 43 dəqiqəlik antitterror əməliyyatı zamanı 30 ildən çox işğal altında qalan torpaqların tamamilə azad olunmasından bəhs edən S.Zeynalova bildirib ki, 30 illik işğal dövründə mənfur düşmən tərəfindən həyata keçirilmiş yaşıl genosid nəticəsində əsrarəngiz Qarabağ təbiətindən əsər-əlamət qalmamış, ekosistem tamamilə məhv edilmişdir.

Çıxışının sonunda bu il COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsinin beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və etimadının, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfənin mühüm göstəricisi olduğunu vurğulayan S.Zeynalova Azərbaycanın təbiət və ekologiya məsələlərinə böyük diqqətinin bünövrəsinin hələ ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib və çıxışını bu sözlərlə bitirib: “Hər əməlində Azərbaycanın və Azərbaycan xalqının rifahını, xoşbəxt gələcəyini düşünən bu dahi şəxsiyyətin əziz və unudulmaz xatirəsi heç vaxt yaddaşlardan silinməyəcək, hər zaman dərin ehtiramla anılacaq”.

Daha sonra Arxivin Bərpa şöbəsinin baş mütəxəssisi Anar Əsgərovun “Heydər Əliyev və neft strategiyası” adlı məruzəsi dinlənilib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi seçildiyi zaman respublikada hökm sürən dərin iqtisadi böhrandan bəhs edən məruzəçi bu müdrik və uzaqgörən şəxsiyyətin qısa zaman ərzində uzun illərdən bəri yığılıb qalmış problemlərin həlli, mövcud qüsurların və nöqsanların aradan qaldırılması ilə bağlı gördüyü böyük işlərdən danışıb, xüsusən neft sahəsində nailiyyətlərin Azərbaycanın milli inkişafına və Azərbaycan xalqının rifahına yönəldildiyini vurğulayıb. A.Əsgərov bildirib ki, 1993-cü ildə yenidən xalqına, vətəninə arxa duran Heydər Əliyev “Neft Azərbaycanın milli sərvətidir” devizi ilə çıxış edərək, Respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olmuş, bu sahədə bir çox yeniliklərə və uğurlara imza atmışdır ki, onlar sırasında ən böyük və taleyüklü uğur 1994-cü ilin sentyabr ayının 20-də Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması olmuşdur.

A.Əsgərov çıxışını bu sözlərlə bitirib: “Bu gün siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik olan ölkə, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan, ən qüdrətli beynəlxalq qurumların 30 ilə həll edə bilmədiyi problemi 44 gün 23 saat 43 dəqiqə ərzində həll etmək qüdrətinə malik Azərbaycanın hazırkı uğurları məhz Heydər Əliyev siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Əminik ki, Ulu Öndər Heydər Əliyevin vaxtilə böyük uzaqgörənliklə işləyib hazırladığı və bu gün Prezidentimiz İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi neft strategiyası ölkəmizə hələ çox nailiyyətlər qazandıracaq”.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.