Noyabrın 6-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində Zəfər Gününə həsr olunmuş “Zəfər Yolu: 44 gün, 23 saat 43 dəqiqə…” adlı tədbir keçirilib.
Tədbirdən əvvəl qonaqlar Arxivin binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra Arxivin foyesində tədbir iştirakçılarına Azərbaycan xalqının Vətən müharibəsindəki Şanlı Qələbəsini və bu Qələbəyə aparan yolu əks etdirən sənəd, fotoşəkil və nəşrlərdən ibarət sərgi nümayiş olunub. Arxiv bələdçiləri qonaqlara “Yolumuz Qarabağadır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Böyük qayıdış”, “Qarabağ – milli-mənəvi dəyərlər ocağı” adlı stendlərin şərhini verərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun, müqəddəs amal uğrunda canından keçmiş şəhidlərimizin Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış möhtəşəm tarixi Zəfərdən, azad olunmuş torpaqlarda aparılan quruculuq işlərindən bəhs ediblər.
Bununla yanaşı, tədbir iştirakçılarına Azərbaycan Rəssamlar Ittifaqının üzvü, UNESCO nəzdində Beynəlxalq Professional Rəssamlar İttifaqının üzvü, “Miras” qrupunun yaradıcısı Nigar Helminin 44 günlük müharibədə əldə edilmiş şanlı Zəfərə həsr olunmuş “Qarabağın mirası” mövzusunda sərgisi də nümayiş etdirilib.
Tədbir akt zalında davam edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova “Zəfər tariximizin memarları” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, bu gün biz birliyimizin, qələbəmizin tacı olan Zəfər Bayramını, Qürur Bayramını qeyd edirik.
Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə qısa ekskurs edən E.Ələkbərova Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün Ermənistanın 1988-ci ildə başladığı, 1992-ci ildə isə miqyasını genişləndirdiyi etnik təmizləmə siyasəti və işğalçılıq müharibəsi nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğal olunmasından, Ermənistan dövlətinin nə BMT Təhlükəsizlik Şurasının, nə Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumların müxtəlif illərdə qəbul etdikləri qətnamələrə etina göstərməməsindən bəhs edib. E.Ələkbərova bildirib ki, 1994-cü ilin mayında münaqişənin sülh yolu ilə həllinə şərait yaratmaq məqsədi ilə Ermənistanla Azərbaycan arasındakı cəbhə xəttində atəşkəs elan olunduqdan sonrakı dövrdə Ermənistan rəsmiləri öz bəyanatları və davranışları ilə nəinki işğal altında olan əraziləri qaytarmağa və ədalətli sülh əldə etməyə hazırlaşmadıqlarını, əksinə, Azərbaycanın yeni ərazilərini işğal etmək niyyəti güddüklərini də açıq-aşkar bildirmiş, mütəmadi olaraq ərazilərimizi atəşə tutmuşlar.
Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq, Azərbaycan Respublikasının BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək, təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başladığını qeyd edən E.Ələkbərova vurğulayıb ki, sentyabrın 27-də “Dəmir yumruq” adı altında başlayan və cəmi 44 gün davam edən müharibənin elə ilk saatlarından, ilk günlərindən düşmən həm canlı qüvvə, həm də hərbi texnika sarıdan böyük itkilərə məruz qoyulmuş, bir-birinin ardınca kəndlər, qəsəbələr, şəhər mərkəzləri, rayonlar azad edilmiş, 1992-ci ilin mayın 8-də işğal edilən Şuşa düz 28 il 6 aydan sonra, 2020-ci il noyabrın 8-də düşmən tapdağından qurtarılmış və bu hadisənin tarixi əhəmiyyəti nəzərə alınaraq həmin gün Zəfər Günü elan edilmişdir.
Tədbir iştirakçılarını “Zəfər Günü” münasibətilə təbrik edən E.Ələkbərova çıxışını bu fikirlərlə tamamlayıb: “Bu böyük Zəfər ilə Qüdrətli Azərbaycan yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi, humanitar mənzərəsini dəyişməyə qadir olduğunu, bundan sonra heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə nümayiş etdirdi. Cəsur Azərbaycan xalqı, qüdrətli Azərbaycan dövləti, Müzəffər Azərbaycan Ordusu bu 44 günlük müharibə zamanı Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu ətrafında birləşərək beynəlxalq təşkilatların qəbul etdikləri, lakin illərlə həyata keçirə bilmədikləri qətnamələri reallaşdırdı. Yaşasın cəsur Azərbaycan xalqı, yaşasın qüdrətli Azərbaycan dövləti, yaşasın Müzəffər Azərbaycan Ordusu, yaşasın bu möhtəşəm nailiyyətləri qızıl hərflərlə Azərbaycan tarixinə yazan sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyev!”
Daha sonra Milli Məclisin deputatı Fəzail İbrahimlinin, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilovun və yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlillinin məruzələri dinlənilib.
Tədbirin sonunda Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.