İyulun 15-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi rəhbərliyə gəlişinin – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilməsinin 55-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova tədbiri açıq elan edərək bildirib ki, 14 iyul 1969-cu il tarixində Ümummilli Lider Heydər Əliyevin siyasi rəhbərliyə gəlməsi respublikanın inkişafında, mövcud problemlərinin həllində başlanğıc nöqtəsi olmuş, Ulu Öndərin parlaq siyasi zəkası və yorulmaz fəaliyyəti sayəsində Azərbaycanın inkişaf konsepsiyası yaradılmış, Azərbaycan xalqını müstəqilliyə, milli dirçəlişə aparan yolun təməli qoyulmuşdur.
1969-1982-ci illərin Azərbaycan xalqının tarixinə parlaq quruculuq illəri kimi daxil olduğunu vurğulayan E.Ələkbərova bildirib ki, Heydər Əliyevin bu illərdə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılmış, sənayenin bütün sahələrində inkişafa nail olunmuş, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırılmış, mütərəqqi texnologiyaların istehsalata tətbiqi əsasında Azərbaycan sənayesi SSRİ-də qabaqcıl mövqeyə yiyələnmişdir.
E.Ələkbərova çıxışını bu fikirlərlə tamamlayıb: “Adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Heydər Əliyev özünün uzaqgörən siyasəti ilə Azərbaycanı addım-addım labirintlərdən keçirərək, doğma Vətəninin şanlı tarixini səhifə-səhifə yazdı. Tarixin böyük şəxsiyyətlər yaratdığı bir dünyada bu dahi şəxsiyyət özü Azərbaycan tarixində yeni bir mərhələ, adı tarixdə əbədi qalacaq bir dövlət. Hər zaman xalqına, Vətəninə arxa duran, bugünkü və gələcək nəsillər üçün çiçəklənən bir dövləti – müstəqil Azərbaycanı miras qoyan Heydər Əliyevin irsi, azərbaycançılıq ideyaları heç zaman yox olmayacaq. Bu dahi şəxsiyyət hər zaman Azərbaycan xalqının Ümummilli Lideri olaraq qəlbimizdə yaşayacaq”.
Daha sonra İctimai-Siyasi Sənədlər Arxivinin Arxiv fondlarının mühafizəsi və uçotu bölməsinin müdiri Lalə Ellazova “Heydər Əliyevin fəaliyyətinin Moskva dövrü” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Arxivin 268 №-li fondunun 30 №-li siyahısına daxil olan 1078 və 1083 saylı saxlama vahidlərində yer alan sənədli materiallar haqqında məlumat verərək bildirib ki, bu sənədlərdə Heydər Əliyevin fəaliyyətinin Moskva dövründə – SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində gördüyü işlər işıqlandırılır.
SSRİ Nazirlər Sovetinin 15 dekabr 1982-ci il tarixli qərarı ilə Heydər Əliyevə dəmir yolları, hərbi dəniz qüvvələri, aviasiya, yol qurğuları, eləcə də Baykal-Amur magistral dəmir yolunun tikintisinə nəzarət, yəni bütün nəqliyyat, tikinti və kommunikasiya məsələləri kimi nəhəng işlərin həvalə edildiyini vurğulayan L.Ellazova Baykal-Amur magistral dəmir yolunun tikintisində, ümumiyyətlə SSRİ-də nəqliyyat sektorunun inkişafında Ulu Öndərin əvəzsiz və gərgin fəaliyyətindən geniş bəhs edib.
Çıxışının sonunda L.Ellazova vurğulayıb ki, beş il ərzində, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifədə olduğu müddətdə Heydər Əliyev böyük ölkənin böyük problemlərini həll etmiş və bununla da, Azərbaycan övladının nələrə qadir olduğunu əyani şəkildə sübuta yetirmişdir.
Sonra Arxiv fondlarının mühafizəsi və uçotu bölməsinin əməkdaşı Nərgiz Əsədullayevanın “Heydər Əliyev və gənclər siyasəti” adlı məruzəsi dinlənilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin respublikaya rəhbərliyinin hər iki dövründə gənclərin əsl Azərbaycan vətəndaşı kimi yetişməsində misilsiz xidmətlərindən, onların ölkənin ictimai-siyasi həyatında iştirakı üçün yaratdığı şəraitdən geniş bəhs edən N.Əsədullayeva vurğulayıb ki, Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Məruzəçi İctimai-Siyasi Sənədlər Arxivində mühafizə olunan sənədlərə istinad edərək, 1969-cu ildən etibarən gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yüksəldilməsinə, zəngin elmi potensialın yaradılmasına xidmət etmiş qərarlardan danışıb. O qeyd edib ki, 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc keçmiş SSRİ-nin, Moskva da daxil olmaqla, aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmiş, 1970-1985-ci illərdə Sovet İttifaqının tanınmış 170 ali təhsil ocağında oxuyan azərbaycanlı gənclərin sayı 3500-ə çatdırılmışdı. Məhz həmin gənclər sonradan Azərbaycanda müxtəlif sahələrdə bacarıqlı kadr kimi fəaliyyətə başlamışlar.
1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə təşkil olunmuş Cəmşid Naxçivanski adına Respublika orta ixtisaslaşdırılmış hərbi təmayüllü internat məktəbinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərdən bəhs edən N.Əsədullayeva Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda yetişməsində, yüksək ixtisaslı hərbi kadrların hazırlanmasında bu məktəblə bağlı qəbul edilmiş qərarların yüksək rolunu xüsusi vurğulayıb və bildirib ki, Ulu Öndərin respublikaya ikinci rəhbərliyi dövründə də məqsədyönlü gənclər siyasəti yürüdülmüş, Gənclər və İdman Nazirliyi yaradılmış, 1996-cı ildən Azərbaycan gənclərinin forumları keçirilmiş, 2 fevral 1997-ci il tarixli Fərmana uyğun olaraq, 2 fevral Azərbaycan Gəncləri Günü elan edilmişdir.
N.Əsədullayeva çıxışını Ulu Öndərin aşağıdakı müdrik kəlamı ilə bitirib: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub.