Mayın 10-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova tədbiri açıq elan edərək bildirib ki, bu gün Azərbaycan xalqının xilaskarı, dünya şöhrətli siyasətçi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunur.
Dahi siyasət xadiminin həyat yolundan geniş bəhs edən E.Ələkbərova vurğulayıb ki, Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə – 1969-1982-ci illərdə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri, böyük islahatlar aparılmış, sənayenin bütün sahələrində inkişafa nail olunmuş, yeni sənaye sahələri yaradılmış, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırılmış, mütərəqqi texnologiyaların istehsalata tətbiqi əsasında Azərbaycan sənayesi SSRİ-də qabaqcıl mövqeyə yiyələnmişdir.
E.Ələkbərova Ulu Öndər Heydər Əliyevin respublikaya 1993-2003-cü illərdəki rəhbərliyi dövründən bəhs edərək sonda bildirib ki, həmin dövrdə Ümummilli Liderin və 2003-cü ildən etibarən onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu gün biz azad, müstəqil, heç kəsdən asılı olmayan qüdrətli bir ölkədə yaşayırıq, düşmən üzərində möhtəşəm Qələbəmiz isə Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsidir.
E.Ələkbərova çıxışına bu sözlərlə yekun vurub: “Ulu Öndər xalqı üçün yaşadı, yaratdı, bütün ömrünü, özünün də dediyi kimi, xalqına həsr etdi. Nə qədər Azərbaycan xalqı var, nə qədər Azərbaycan var, Heydər Əliyev də yaşayır və yaşayacaqdır!”
Tədbirin davamında Arxivin Nəşrlərin mühafizəsi və uçotu bölməsinin müdiri Ülkər Həmidovanın “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” və həmin bölmənin biblioqrafı Fəxridəxanım Seyidovanın “Heydər Əliyev və klassik irsin təbliği” mövzularında məruzələri dinlənilib.