Dekabrın 11-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirə başlamazdan öncə İctimai-Siyasi Sənədlər Arxivinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, dünyaşöhrətli siyasətçinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Arxivin foyesində tədbir iştirakçılarına İctimai-Siyasi Sənədlər Arxivində mühafizə olunan, Ulu Öndərin şərəfli həyat yolunu və çoxşaxəli fəaliyyətini əks etdirən qiymətli sənəd, fotoşəkil və nəşrlərdən ibarət sərgi nümayiş olunub.
Arxivin bələdçiləri qonaqlara “Şanlı tariximizin qızıl səhifələri”, “Beynəlxalq Astronavtika Konqresi”, “Azərbaycan-Türkiyə qardaşlığı”, “Qarabağ Azərbaycandır!” adlı stendlərin şərhini verərək, Ümummilli Liderin Azərbaycana rəhbərliyi illərində əldə olunmuş uğur və nailiyyətlərə, o dövrün əsas hadisələrinə qısa ekskurs ediblər.
Tədbir Arxivin akt zalında davam edib. Tədbirdə İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova “Heydər Əliyev və 1969-1982-ci illərdə Azərbaycanın neft strategiyası” adlı məruzə ilə çıxış edib. E.Ələkbərova bildirib ki, bu il dünya şöhrətli nəhəng siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100, vəfatının 20-ci ildönümü qeyd olunur. 2023-cü ilin başlanğıcından etibarən istər respublika daxilində, istərsə də respublikadan xaricdə Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlər keçirilmiş, bütün Azərbaycan xalqı tariximizdə müstəsna yeri olan dahi rəhbərin əziz xatirəsini ehtiramla yad etmişlər. İctimai-Siyasi Sənədlər Arxivi tərəfindən də 2023-cü il may ayının 18-də “Gülüstan” sarayında təntənəli tədbir keçirilmiş, “Azərbaycan mənim ürəyimdir...” adlı elmi məqalələr toplusu nəşr edilmişdir.
Arxivin 2023-cü ilə yeni nəşr ilə – “Heydər Əliyev və 1969-1982-ci illərdə Azərbaycanın neft strategiyası” adlı toplu ilə yekun vurduğunu qeyd edən E.Ələkbərova bildirib ki, bu toplu ilə yeni bir layihənin təməlini qoyulmuş olur. Belə ki, yeni layihə çərçivəsində Azərbaycan xalqının dahi oğlu və qürur mənbəyi olan Heydər Əliyevin Azərbaycanın gələcək inkişafına yönəlmiş yorulmaz fəaliyyətini əks etdirən qiymətli sənədlərdən ibarət bir neçə tematik toplunun nəşri nəzərdə tutulmuşdur ki, növbəti illərdə ictimaiyyətə təqdim ediləcək.
Ömrünün 80-ci ilində dünyasını dəyişmiş Ulu Öndərin adının və siyasətinin əbədiyaşar ideologiyaya çevrildiyini vurğulayan E.Ələkbərova qeyd edib ki, Heydər Əliyevin öz xalqını güclü, əzəli torpaqlarımızı azad görmək arzusu Azərbaycan dövlətinin əsas siyasi kursuna işıq salan mayak olub, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uzun illər işğal altında olan torpaqları azad etməklə Heydər Əliyevin ən böyük arzusunu gerçəkləşdirib, 30 illik erməni işğalına son qoymaqla ata vəsiyyətini layiqincə yerinə yetirib.
E.Ələkbərova çıxışını bu sözlərlə bitirib: “Hər zaman dərin ehtiramla andığımız əbədiyaşar Ulu Öndər Heydər Əliyevin bu gün ruhu şaddır, çünki Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik, zamanın sınağından uğurla çıxmış siyasəti nəticəsində dünya tarixinə adını Qalib Dövlət olaraq yazdırmış ölkəmiz həm forma, həm də məzmun etibarilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu Öndər vurğulayırdı ki: “Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” Bəli, Azərbaycan var olduqca, Heydər Əliyev də var olacaq və Azərbaycan xalqı möhtərəm Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək, onun yolu ilə irəliləyəcək, Azərbaycanı onun müəyyənləşdirdiyi hədəflərə çatdıracağıq”.
Daha sonra “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva, YAP Veteranlar Şurasının üzvü, fizika elmləri doktoru, professor Adilə Abbasova çıxış edərək, Ulu Öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirin sonunda İctimai-Siyasi Sənədlər Arxivində mühafizə olunan 1969-1982-ci illərə aid qiymətli sənədlər əsasında hazırlanmış, Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən “Quruculuq salnaməsi. Başlanğıc...” adlı sənədli xronika nümayiş etdirilib.
AZƏRTACın hazırladığı videoreportajı izləmək üçün aşağıdakı linkə daxil olun:
İctimai-Siyasi Sənədlər Arxivində Ulu Öndərin anım günü ilə əlaqədar tədbir keçirilib