1920-ci ilin aprelinin sonunda bolşeviklər tərəfindən Bakıda hakimiyyətin ələ keçirilməsindən və Azərbaycanın sovetləşməsi prosesinin başlamasından sonra Cənubi Qafqaz öz siyasi tarixinin yeni dönəminə qədəm basdı. Bölgənin tarixində yeni dövr başlayırdı: bu zaman Cənubi Qafqaz elitalarının “milli mənafeləri” Sovet Rusiyasının – “dünya inqilabının platsdarmının” geosiyasi strategiyasına “hörülürdü”. Moskva yenidən regionun siyasi xəritəsini biçimləyən başlıсa subyektə çevrilirdi.
Azərbaycanın sovetləşməsinin ardından erməni-azərbaycanlı münaqişəsi yeni formatda bərpa olundu – daşnak Ermənistanı indi artıq Sovet Azərbaycanı ilə savaşırdı.
Bakıda bolşevik çevrilişindən, sovetləşmə və AXC dövlət hakimiyyəti institutlarının, ilk növbədə də milli ordunun ləğvi prosesinin başlamasından sui-istifadə edən Ermənistan Azərbaycanın sərhədlərini yenidən pozdu və Qarabağa, Zəngəzura və Naxçıvana təcavüz etdi. 1920-ci ilin mayında tərəflər biri digərini sərhədlərin pozulmasında ittiham edən bir neçə nota ilə mübadilə etdilər [1]. Ermənistandan fərqli olaraq, Azərbaycan kommunistlərinin “təhdidləri” ciddi nəticələrə gətirib çıxarmadı və çıxara da bilməzdi. Öz silahlı qüvvələrinə malik olmayan (bütün hərbi hissələr tamamilə XI Qızıl Ordunun sərəncamına keçmişdi) Bakı yeni hakimiyyət üçün ən önəmli məsələnin – respublikanın ərazi bütövlüyünün bərpası və Ermənistanla ərazi mübahisələrinin nizamlanması məsələsinin çözümündə həm hərbi, həm də siyasi cəhətdən yalnız və yalnız Sovet Rusiyasına bel bağlamaq məcburiyyətində qalmışdı.
İlk gündən bolşeviklər Azərbaycanda bütün əvvəlki dövlət hakimiyyət institutlarını, o cümlədən Qarabağ general-qubernatoru vəzifəsini ləğv etdilər.
Azərbaycan inqilab komitəsinin 1920-ci il 18 may tarixli dekreti ilə Qarabağın fövqəladə komissarı vəzifəsi təsis edildi. Həmin vəzifəyə Dadaş Bünyadzadə təyin olundu [2]. Beləliklə, sabiq general-qubernatorluğun inzibati sərhədləri saxlanıldı.
Eyni zamanda bolşevik rəhbərliyinin Azərbaycan və Ermənistan arasında ərazi ziddiyyətlərinin mürəkkəb düyününün hansı şəkildə və hansı istiqamətdə həll etməklə bağlı vahid mövqeyi yox idi. Münaqişə bölgəsinə daha yaxın bulunan XI Qızıl Ordunun hərbi-siyasi rəhbərliyi və Rusiya Kommunist (bolşeviklər) Partiyasının Qafqaz bürosu, ilk növbədə də V.İ.Leninin Azərbaycanın bütün xarici və daxili siyasətinə rəhbərliyi üzərinə qoyduğu Qriqori Orconikidze [3] əvvəlcə Qarabağ və Zəngəzur üzərində yeni Bakı hakimiyyətinin nəzarətinin bərpa olunmasının lehinə çıxırdı [4], bu şərtlə ki, həmin rayonlarda erməni muxtariyyəti yaradılmalı idi. Belə bir mövqenin əsasında sözügedən bölgələrin tarixən Azərbaycana mənsubiyyəti və azərbaycanlıların sayca ermənilərdən üstün olmaları faktının etiraf edilməsindən daha çox siyasi amilin nəzərə alınması dururdu. Belə bir amil isə Bakıdakı doğma bolşevik rejiminin dəstəklənməsi və onun bütün Cənubi Qafqazın qarşıdan gələn sovetləşməsi, eləcə də qonşu Türkiyə və İrana hərbi-siyasi təzyiq göstərilməsi məqsədilə əlverişli platsdarma çevrilməsi zərurəti ilə bağlı idi. Sözügedən xəttin mövqeyi ümumən Azərbaycan rəhbərliyinin mövqeyi ilə üst-üstə düşürdü; sonuncusu çözümü Ermənistanın sovetləşməsində görürdü və hesab edirdi ki, yalnız qonşu ölkədə hakimiyyət dəyişikliyi və yeni, sovet hakimiyyətinin qurulması Azərbaycan sərhədlərinin təhlükəsizliyinə zəmanət verə və onun Qarabağ və Zəngəzur rayonları üzərində suverenliyini təmin edə bilər. Lakin bolşevik Moskvasının “ideya-siyasi qohumluq” mülahizəsindən çıxış edərək, Azərbaycanda özünün yaratdığı rejimi Antanta-yönümlü Ermənistandan üstün tutacağına və Ermənistanın sovetləşməsi çərçivəsində Bakının Azərbaycan əraziləri üzərində nəzarətinin bərpa edilməsinin dərhal kömək göstərəcəyinə dair yeni Azərbaycan rəhbərliyinin təxminləri özünü doğrultmadı.
Sovet Rusiyasının, əsasən də xalq xarici işlər naziri Georgi Çiçerinin simasında siyasi rəhbərliyi hesab edirdi ki, özünün beynəlxalq (Rusiyanın Antanta tərəfindən siyasi və iqtisadi blokadasını yarmaq həyati vacib vəzifə idi, həmçinin Polşa cəbhəsində vəziyyət də gərgin olaraq qalırdı) və regional (Gürcüstanın və Ermənistanın bolşevikləşməsi ərəfəsində tənəffüs tələb olunurdu) durumunun hazırkı mərhələsində Rusiya Azərbaycanın sovetləşməsi ilə kifayətlənməli, bu zaman hətta kommunist Azərbaycanın mənafelərinin ziyanı bahasına belə Gürcüstanla və Ermənistanla sülh, müqavilə münasibətlərinin qurulmasına nail olmalıdır. Ermənistanın mövqeyi ilə razılığını bildirən Çiçerin Azərbaycan rəhbərliyini Qarabağ və Zəngəzuru mübahisəli kimi tanımağa çağırır, fəqət erməni tərəfinin İrəvan quberniyasının dərhal özünə birləşdirməyi tələb etdiyi hissələrini (Naxçıvan, Culfa, Şərur-Dərələyəz və s.) mübahisəli saymaqdan imtina edirdi [5].
Moskvanın Sovet Azərbaycanını Ermənistanla münaqişəsində qeyd-şərtsiz dəstəkləməkdən imtina etməsi həmçinin onunla izah edilirdi ki, müəyyən vaxta qədər Ermənistan bolşevik rəhbərliyi tərəfindən regionda türk ekspansiyasının qarşısının alınmasında, eləcə də Türkiyə ilə Azərbaycanın yaxınlaşması yolunda mümkün əngəl kimi nəzərdən keçirilirdi. Yekunda G.Çiçerinin simasında Moskvanın mövqeyi başda Q.Orconikidze olmaqla Qafqaz bolşeviklərinin mövqeyindən ağır gəldi. 1920-ci il avqustun 10-da Sovet Rusiyası və daşnak Ermənistanı arasında İrəvanda müqavilə imzalandı. Həmin müqavilənin 3-cü maddəsi ilə Azərbaycanla Ermənistan arasında Qarabağın, Zəngəzurun və Naxçıvanın mübahisəli ərazilərində sovet qoşunlarının yerləşməsi hüquqi cəhətdən təsbit edildi.
Qarabağın sonrakı statusunun müəyyənləşdirilməsi üzrə real addımlar isə artıq Ermənistanın 1920-ci ilin noyabr ayının 29-da baş vermiş sovetləşməsinin ardından atıldı. İndidən belə Ermənistan və Azərbaycan arasında ərazi münaqişəsi dövlətlərarası ixtilafdan daxili məsələyə çevrildi, danışıqlar isə RK(b)P MK Qafqaz bürosunun göstərişi ilə aparılırdı. Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Siyasi və Təşkilat bürolarının Ermənistanda sovet hakimiyyətinin qurulması ilə əlaqədar çağırılmış 1920-ci il 30 noyabr tarixli birgə iclasında Qarabağın dağlıq hissəsinə öz müqəddaratını təyin etmə hüququnun verilməsi haqqında qətnamə qəbul edildi [6]. Bu qətnamə həmçinin Nəriman Nərimanovun 1920-ci il dekabrın 1-də Bakı Sovetinin iclasında söylədiyi nitqində də əksini tapdı. N.Nərimanov “Dağlıq Qarabağın əməkçi kəndlilərinə öz müqəddəratını tam təyin etmə hüququnun verildiyini” təsdiq edirdi.
Dağlıq Qarabağ zəhmətkeşlərinə öz müqəddəratını təyin etmə hüququnun verilməsi haqqında düstur ən başlanğıcdan yetərincə qeyri-müəyyən idi. Nə AK(b)P MK-nın 30 noyabr qətnaməsində, nə də N.Nərimanovun 1920-ci il dekabrın 1-də Bakı Sovetinin iclasında səsləndirdiyi bəyanatda sözügedən qərarların həyata keçirilməsi mexanizmləri açılmırdı. Aydın olmurdu ki, əraziyə, yoxsa etnik azlığa muxtariyyət verilirdi. N.Nərimanovun sonrakı hərəkətlərinin göstərdiyi kimi, o, Dağlıq Qarabağ haqqında bəyanatı ilə heç də sözügedən bölgənin Azərbaycandan ayrılmasını və Ermənistana verilməsini nəzərdə tutmurdu. Amma yenə də istənilən halda Bakının bu addımları Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağla bağlı danışıqları davam etdirmək hazırlığını Ermənistana nümayiş etdirirdi.
Dağlıq Qarabağ haqqında yuxarıda adı çəkilən qərarların qəbulundan sonra Gürcüstanın sovetləşməsi (1921-ci ilin fevralı), Ermənistanda sovet hakimiyyətinin devrilməsi (1921-ci ilin fevral-apreli), eləcə də Moskvada Rusiya-Türkiyə danışıqları (1921-ci ilin fevral-martı) ilə bağlı hadisələr müəyyən müddətdə sözügedən məsələni ikinci plana sıxışdırdı. Bolşevik rəhbərliyi bu məsələyə bir də 1921-ci ilin mayında qayıtdı. RK(b)P MK Qafqaz bürosunun həmin ayda olmuş plenumu respublikalar arasında sərhədlərin müəyyənləşdirilməsi üçün S.M.Kirovun sədirliyi altında Cənubi Qafqaz respublikalarının nümayəndələrindən ibarət xüsusi komissiyanın yaradılması haqqında qərar çıxardı.
Sərhədlər haqqında məsələnin müzakirəsi ərəfəsində Ermənistanda hakimiyyəti özlərinə geri qaytarmış bolşeviklər hələ də general Qaregin Njdenin dəstələrinin nəzarəti altında bulunan Zəngəzurun qərbində sovet rejiminə son müqavimət ocağını ləğv etməklə məşğul idilər. Njdenin Zəngəzur qruplaşmasının qəti surətdə ləğv olunması haqqında qərar RK(b)P MK Qafqaz bürosunun 1921-ci il 3 iyun tarixli iclasında qəbul edilmişdi. Maraqlıdır ki, iclasın protokoluna 7 maddədən ibarət məxfi əlavənin 6 maddəsi Zəngəzura, biri – 5-ci maddə isə Dağlıq Qarabağa aid idi [7]. Daha sonra aydın oldu ki, sözügedən vahid maddə Zəngəzurla bağlı məsələnin çözümündə faktiki olaraq həlledici səciyyə kəsb etdi. Belə ki, qətnamənin 5-ci maddəsində sovet Ermənistanı hökumətinə öz bəyannaməsində Dağlıq Qarabağı özünə mənsubluğunu göstərməyə dair tapşırığın yer alması aşağıdakı məqsədləri güdürdü:
“Kommunist” qəzetinin (Bakı) 1921-ci il iyun tarixli sayında İrəvana istinadla Ermənistan SSR-in Xalq Komissarları Şurasının 1921-ci il 12 iyun tarixli dekreti dərc edilmişdi. Orada deyilirdi ki, “Azərbaycan Sovet Sosialist Respublikasının İnqilab Komitəsinin bəyannaməsinə və Ermənistan və Azərbaycan Sovet Sosialist Respublikalarının hökumətləri arasında razılaşmaya əsasən bəyan edilir ki, Dağlıq Qarabağ indidən belə Ermənistan Sovet Respublikasının ayrılmaz hissəsidir” [8, s.636-637].
Sözügedən Ermənistan dekretinin məzmunu gərçəkliyə uyğun deyildi, belə ki, orada N.Nərimanovun Dağlıq Qarabağa dair 1920-ci il 1 dekabr bəyanatının həqiqi mənası təhrif olunurdu. Digər tərəfdən, Ermənistanın sovetləşməsindən etibarən onunla Azərbaycan arasında Dağlıq Qarabağ haqqında heç bir saziş imzalanmamışdı. 1921-ci il iyunun 25-27-də Tiflisdə keçirilmiş Cənubi Qafqaz respublikaları arasında sərhədlərin müəyyənləşdirilməsinə dair komissiyanın iclasında Azərbaycan SSR xalq xarici işlər komissarı Mirzə Davud Hüseynovun bəyanatı da buna əlavə sübutdur. 25 iyunda baş tutmuş ilk iclasda M.D.Hüseynov açıq bildirmişdi ki, “onun özü heç vaxt Dağlıq Qarabağın Ermənistana saxlanılması haqqında bir şey eşitməmişdir və Bakıdan konfransa yola düşərkən də bu məsələyə dair heç bir göstəriş almamışdır” [8, s.642].
Bundan əlavə, 1921-ci il iyunun 27-də M.D.Hüseynovla telefonla danışıqlar zamanı Azərbaycan SSR Xalq Komissarları Şurasının sədri N.Nərimanov “çatdırmağı xahiş etmişdi ki, məsələ yalnız bu müstəvidə həll olunmalıdır (yəni Dağlıq Qarabağ Azərbaycana qalmalıdır), əks təqdirdə Xalq Komissarları Şurası məsuliyyəti öz üzərindən atır”, çünki “Ermənistan Xalq Komissarları Şurası bu aktı ilə (yəni 1921-ci il 12 iyun bəyannaməsi ilə) daşnaklarda və Ermənistanın bitərəf kütləsində bəlli təəssürat doğurmağa çalışır” [8, s.646].
Özünün 1920-ci il 1 dekabr tarixli çıxışına toxunaraq, N.Nərimanov onun mətninin təhrifinə qarşı qətiyyətlə etiraz edirdi: “Əgər onlar mənim bəyanatıma istinad edirlərsə, həmin Bəyanatda hərfən bunlar deyilir: Dağlıq Qarabağa öz müqəddəratını sərbəst şəkildə təyin etmək hüququ verilir” [8, s.646].
N.Nərimanovun sanballı siyasi dəlilləri ilə əlaqədar RK(b)P MK Qafqaz bürosunun Rəyasət Heyəti 1921-ci il iyunun 27-də Cənubi Qafqaz respublikalarının ərazi cəhətdən mərzlənməsi haqqında məsələnin müzakirəsi üçün Qafqaz bürosunun Plenumunun təcili surətdə çağırılması haqqında qərar qəbul etdi. N.Nərimanova və Ermənistan SSR Xalq Komissarları Şurasının sədri Aleksandr Myasnikova yubanmadan Qafqaz bürosunun təcili Plenumuna yola düşmək tələbi ilə teleqramlar göndərilmışdi. Hər iki respublikanın hökumət başçısı gəlmədikləri təqdirdə Qafqaz bürosunun Tiflisdə olan 6 üzvünün çıxaracaqları qərarın icbari olacağı haqqında xəbərdar edilmişdilər [8, s.648].
Beləliklə, Dağlıq Qarabağın statusu haqqında məsələnin baxılması yenidən üçüncü tərəfin partiya orqanına – RK(b)P MK Qafqaz bürosunun Plenumuna verilirdi. 1921-ci il iyulun 4-də RK(b)P MK Qafqaz bürosunun Plenumunun iclasında (orada Qafqaz bürosunun 8 üzvi – Q.Orconikidze, F.Maxaradze, N.Nərimanov, A.Myasnikov, S.Kirov, A.Nazaretyan, M.Oraxelaşvili və Y.Fiqatner iştirak edirdi) Qarabağ məsələsinin müzakirəsi zamanı iki nöqteyi-nəzər ortaya çıxdı. Həmin nöqteyi-nəzərlər səsverməyə çıxarıldı. Bu zaman Qafqaz bürosunun 8 üzvündən Dağlıq Qarabağla bağlı məsələ üzrə yeddi nəfər səs vermişdi, Mamiya Oraxelaşvili isə yox idi. İclasda olan İ.V.Stalin səsverməyə qatılmamışdı. Plenum belə bir qərar çıxardı: “Dağlıq Qarabağ Ermənistan SSR tərkibinə qatılsın, plebissist sadəcə Dağlıq Qarabağda kecirilsin”. O zaman N.Nərimanov aşağıdakı bəyanatla çıxış etdi: “Qarabağ məsələsinin Azərbaycan üçün əhəmiyyətini nəzərə alaraq, onun qəti şəkildə həllinin RK(b)P MK-ya keçirilməsini zəruri hesab edirəm”. Bu bəyanatı diqqətə alan Qafqaz bürosunun Plenumu yeni qərar qəbul etdi: “Qarabağ haqqında məsələnin ciddi fikir ayrılığı doğurması səbəbi ilə RK(b)P MK Qafqaz bürosu onun qəti şəkildə həllinin RK(b)P MK-ya keçirilməsini zəruri hesab edir” [8, s.649].
RK(b)P MK Qafqaz bürosunun 1921-ci il iyulun 5-də olmuş Plenumunda Q.Orconikidze və Amayak Nazaretyan əvvəlki plenumun Qarabağ haqqında qərarına yenidən baxılması haqqında məsələ qaldırdılar. Plenumun iştirakçıları aşağıdakı qətnaməni qəbul etdilər: “Müsəlmanlar və ermənilər arasında milli sülh, eləcə də Yuxarı və Aşağı Qarabağın iqtisadi əlaqəsi, onun Azərbaycanla daimi əlaqəsi zərurətindən çıxış edərək, inzibati mərkəzi muxtar vilayət tərkibinə daxil olan Şuşa şəhəri olmaqla Dağlıq Qarabağa geniş vilayət muxtariyyəti vermək və Azərbaycan SSR hüdudları daxilində saxlamaq” [8, s.650]. Beləliklə, muxtariyyət konkret etnosa deyil, əraziyə verilirdi; bu zaman inzibati mərkəz kimi əhalisinin əksəriyyətinin müsəlman türklərinin təşkil etdiyi şəhər seçilmişdi.
Protokolda şəxsən kimin necə səs verdiyi göstərilməmişdir, lakin bildirilirdi ki, lehinə dörd nəfər səs vermiş, üç nəfər isə bitərəf qalmışdı. ”Əleyhinə” səs verən isə olmamışdı. Şübhə yoxdur ki, RK(b)P MK Qafqaz bürosunun Dağlıq Qarabağa dair 1921-ci il iyulun 5-də yeni qərarın qəbul edilməsində N.Nərimanovun möhkəm və prinsipial mövqeyi həlledici rol oynamışdı. Əks təqdirdə Azərbaycan artıq 1921-ci ildə Dağlıq Qarabağı itirmiş olardı. Həm də nəzərdən qaçırılmamalıdır ki, Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsi özünün 1921-ci il iyulun 16-da olmuş iclasında RK(b)P MK Qafqaz bürosunun qərarı ilə razılaşmadığını bildirmişdi [8, s.651]. Belə ki, Dağlıq Qarabağın muxtariyyətləşməsi əleyhinə çıxırdı və bu ərazinin özünə birləşdirməyə can atırdı.
Lakin Dağlıq Qarabağın muxtariyyəti haqqında qərar Azərbaycan partiya təşkilatında da birmənalı reaksiya doğurmamışdı. Ona görə də onun həyata keçirilməsi 1923-cü ilin yayına kimi uzanmışdı. Məsəslən, 1921-ci il sentyabrın 26-da AK(b)P MK Siyasi və Təşkilat Bürosu belə qərar qəbul etdi: “Qafqaz bürosundan Dağlıq Qarabağın muxtar vahid olaraq ayrılması haqqında qərara yenidən baxılması ilə əlaqədar xahiş etmək; o vaxta qədər muxtariyyət elan etməmək” [9]. Bu qərar həmçinin Qarabağın məsul işçilərinin AK(b)P MK üzvləri ilə 1921-ci il 21 oktyabrda baş tutmuş konfransında qəbul edilmiş birgə qətnamədə də təsbit edilmişdi [9, s.101].
Azərbaycan kommunistləri Dağlıq Qarabağın muxtar vilayətə çevrilməsinin əleyhinə idilər, çünki əsaslı olaraq buna sözügedən bölgənin Azərbaycandan qopardılması yolunda ilk addım kimi baxırdılar. Sonrakı tarix bu əndişələrə haqq qazandırdı.
Lakin Qarabağ məsələsi tezliklə yenidən Bakının nəzarəti altından çıxdı. Onun həlli 1922-ci ilin fevralında RK(b)P MK Qafqaz bürosundan “estafeti” almış RK(b)P MK Cənubi Qafqaz diyar komitəsinin sərəncamına keçmişdi. 1922-ci il oktyabrın 27-də Cənubi Qafqaz diyar komitəsinin Rəyasət Heyətinin iclasında Bakı təmsilçilərinin iştirakı olmadan qətnamə qəbul edildi. Ona əsasən RK(b)P MK Qafqaz bürosunun 1921-ci il iyul qərarının həyata kecirilməsi təklif olunurdu [9, s.92]. RK(b)P MK Cənubi Qafqaz diyar komitəsinin 1923- cü il 27 iyun tarixli plenumu bir aylıq müddətə Dağlıq Qarabağı muxtar vilayət kimi ayırmağa AK(b)P MK-ya həvalə etdi [9, s.149]. 1923-cü il iyulun 1-də AK(b)P MK Rəyasət Heyəti Azərbaycan MİK-ə Dağlıq Qarabağın muxtariyyətinin dekretlə elan edilməsini təklif etdi. Beləliklə, yalnız Cənubi Qafqaz diyar komitəsinin təzyiqi altında Bakı müxtariyyətə razılıq vermək məcburiyyətində qalmışdı [9, s.149].
1923-cü il iyulun 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (AzMİK) “Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkil edilməsi haqqında” dekret dərc etdi. AzMİK qərara aldı: “Dağlıq Qarabağın erməni hissəsindən mərkəzi Xankəndi adlı yerdə olmaqla Azərbaycan SSR-in tərkib hissəsi kimi muxtar vilayət təşkil etmək” [9, s.152-153]. RK(b)P MK Qafqaz bürosunun 1921-ci il 5 iyul tarixli qərarından fərqli olaraq, AzMİK-in dekretində gələcək muxtariyyətin etnik çaları öz ifadəsini tapmışdı. Dekretdə aydın şəkildə dəqiqləşdirilirdi ki, muxtariyyət yalnız Dağlıq Qarabağın erməni hissəsindən təşkil edilir. Başqa sözlə, muxtar vahidə bütünlükdə Dağlıq Qarabağ deyil, sadəcə onun erməni hissəsi ayrılmalı idi. Ona gürə də sözügedən muxtariyyətin 1936-cı ilədək davam etmiş adı – Dağlıq Qarabağın Muxtar Vilayəti (DQMV) gerçəkliyə daha çox uyğun gəlirdi. 1923-cü ilin dekretinə əsasən, muxtariyyətin mərkəzi Şuşadan Xankəndinə köçürülürdü. Bu, yəqin onunla izah olunurdu ki, yeni variantda Şuşa ümumiyyətlə DQMV-nin tərkibinə daxil edilməməli idi. Planlaşdırılan muxtariyyətin sərhədləri yalnız 1924-cü ildə müəyyənləşdirildi. Bu, ondan irəli gəlirdi ki, Dağlıq Qarabağın erməni kəndləri müsəlman kəndləri arasında səpələnmişdi və gələcək muxtariyyətin sərhədlərinin dəqiq şəkildə cızılması mümkün deyildi. Təsadüfi deyildir ki, DQMV tərkibinə nəinki əhalisi ermənilərin üstün olduğu kəndlər, habelə müsəlman əhalisi olan kəndlər də düşmüşdü.
Kommunist partiyasının Cənubi Qafqaz diyar komitəsinin tövsiyəsi ilə Dağlıq Qarabağda erməni muxtariyyətinin yaradılması haqqında 1923-cü ildə qəbul edilmiş qərar kompromis səciyyə daşıyırdı. Lakin hadisələrin sonrakı gedişatının göstərdiyi kimi, Azərbaycan SSR tərkibində Dağlıq Qarabağın erməni əhalisi üçün ərazi muxtariyyətinin verilməsi ayrıca Ermənistan Respublikasının mövcud olduğu bir şəraitdə daim separatizm təhlükəsini özündə ehtiva edirdi. Hazırkı nümunədə bir dövlətin, yəni Sovet İttifaqının çərçivəsində iki etnik cəhətdən identik milli qurumun, özü də bir-biri ilə qonşuluqda mövcudluğu, haçansa partlamalı olacaq “gec işə düşən minanı” xatırladırdı. Hər necə olursa olsun, DQMV-nin təşkilindən sonra ayrı-ayrı hallar istisna olmaqla, erməni-azərbaycanlı ziddiyyətləri sanki unudulmuşdu. İstisna hallar isə Azərbaycan SSR-in DQMV ilə qonşu qəzalarının erməni əhalisinin nümayəndələrinin onların kəndlərinin muxtar vilayətə birləşdirilməsi, torpaq istifadəsi məsələləri, eləcə də məişət xarakterli problemlər ilə bağlı idi. 1920-ci illərin ikinci yarısından etibarən, SSRİ-də siyasi rejimin sərtləşməsi şəraitində münaqişə dondurulmuş, İkinci dünya müharibəsinin ardından öz əvvəlki kəsərini itirmişdi.
İstifadə olunmuş ədəbiyyat: