İctimai-Siyasi Sənədlər Arxivində “Zəfər Günü” və “Bayraq Günü” qeyd olunub

   

Noyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində “Zəfər Günü” və “Bayraq Günü”ünə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində Azərbaycan ordusunun qazandığı tarixi qələbədən bəhs edib, İkinci Qarabağ müharibəsində əldə olunmuş zəfərin ordumuzun gücünün, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümü olduğunu, Azərbaycanın üçrəngli bayrağının azad edilmiş ərazilərimizdə ucaldılaraq qürurla dalğalandığını vurğulayıb.

Kollektivi “Zəfər Günü” və “Bayraq Günü” münasibətilə təbrik edən E.Ələkbərova sonda qeyd edib ki, “Zəfər Günü Xankəndidə keçiriləcək hərbi parad bir daha dövlətimizin qüdrətini, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının əzmini və qətiyyətini bütün dünyaya nümayiş etdirəcək. Yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan dövləti, Azərbaycan Ordusu, yaşasın bu möhtəşəm nailiyyətləri qızıl hərflərlə Azərbaycan tarixinə yazan sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyev!”

Sonra Arxivin Sənədlərin istifadəsi və nəşri bölməsinin əməkdaşı Mətanət Zeynalovanın “Şanlı Zəfər yolu”, Beynəlxalq əməkdaşlıq, tərcümə və ictimai əlaqələr bölməsinin əməkdaşı Nigar Bədəlovanın “Qarabağa Böyük Qayıdış” mövzularında məruzələri dinlənilib.

Tədbirin sonunda Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.