Siyasi sənədlər Arxivində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

   

Fevralın 26-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Respublikanın tanınmış ictimai-siyasi xadimlərinin və media nümayəndələrinin iştirak etdiyi tədbiri Siyasi sənədlər Arxivinin direktor müavini-direktor vəzifəsini icra edən Elmira Ələkbərova açaraq, əvvəlcə iştirakçıları bu münasibətlə təşkil olunmuş stendlərə baxmağa dəvət edib. “Tariximizin qanlı səhifələri”, “Xocalı soyqırımı dünyanın gözü ilə”, “Xocalı faciəsi – əsrin qətliamı” adlı stendlərdə ötən əsrin əvvəllərində ermənilərin törətdiyi iğtişaş və vəhşilikləri əks etdirən tarixi fotolar, eləcə də Xocalı hadisələrində qanına qəltan edilmiş soydaşlarımızın Xocalının kimsəsiz qalmış küçələrinə səpələnmiş nəşləri, qaçqın düşmüş, evsiz-eşiksiz qalmış insanların fotoları, bu məşum hadisələr haqqında xarici jurnalistlərin fikirlərindən nümunələr, Xocalı soyqırımından bəhs edən kitablar və bu sıradan mövzunu əhatəli şəkildə işıqlandıran bir çox məlumat xarakterli sənədlərin foto-surəti təqdim edilib.

Stendlərlə tanışlıqdan sonra tədbir iclas zalında davam etdirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə ilk çıxış edən Elmira Ələkbərova öz çıxışını Ulu Öndər Heydər Əliyevin sözlərilə başlayıb: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.

Tarixin bütün dövrlərində Azərbaycan xalqının müxtəlif siyasi-hərbi münaqişələrə cəlb olunmasını, nəticədə günahsız insanların qətlə yetirilməsini, torpaqlarımızın bir hissəsinin əldən getməsini və bu prosesin Cənubi Qafqaz Rusiyaya birləşdirildikdən sonra daha da sürətləndiyini vurğulayan E.Ələkbərova çıxışını belə davam etdirib: “Ərazilərin işğal səbəbləri ilə bağlı sənədləri araşdırarkən aydın olur ki, bu gün də Azərbaycanda baş verən hadisələrin başlanğıcı məhz XIX əsrin əvvəllərində baş verən siyasi proseslərin acı təzahürüdür. 200 il əvvələ nəzər salaq: 1804-1813-cü illərdə Rusiya və İran arasında gedən müharibənin nəticəsi kimi 1813-cü ilin 12 oktyabr tarixində Gülüstan kəndində “Gülüstan sülh müqaviləsi” imzalanır. Bu hadisə tariximizdə və Azərbaycan xalqının həyatında böyük bir faciə idi. 11 maddədən ibarət olan bu müqavilə torpaqlarımızın bölünməsinə, parçalanmasına, Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla, Arazın şimalındakı bütün xanlıqların Rusiyaya birləşdirilməsinə səbəb oldu. 1826-cı ildəki İran-Rusiya müharibəsi də Azərbaycan xalqına qarşı cinayətlə nəticələndi. 1828-ci il 10 fevral tarixində Türkmənçay kəndində 16 bənddən ibarət “Türkmənçay sülh müqaviləsi” imzalandı və bu müqaviləyə əsasən İrəvan və Naxçıvan xanlıqları da Rusiyaya birləşdirildi.

Təsadüfi deyil ki, erməni tarixçiləri erməniləri “Türkmənçay övladları” adlandırırlar. 1826-1828-ci illər müharibəsinin gedişi zamanı Lazarev və Qriboyedovun xüsusi təkidi ilə Marağa və Urmiyadan erməni ailələrinin köçürülməsi prosesi başlayır və ilkin olaraq 18 min erməni ailəsi, Türkmənçay müqaviləsi imzalandıqdan sonra isə daha 40 min ailə Şimali Azərbaycanda məskunlaşdırılır. Eləcə də, Osmanlı dövləti ərazilərindən 84 min erməni Gəncə və İrəvan bölgələrinə köçürülür. XX əsrin əvvəllərində artıq 1 milyon 300 min erməni bölgədə yerləşdirilmiş və bunun nəticəsi kimi İrəvan və Naxçıvan “erməni bölgəsi” elan olunmuşdu.

Tarixin acı səhifələrinə nəzər salaq: 1905-1907-ci illərdə erməni-müsəlman qırğınları baş verdi, 1918-1920-ci illərdə azərbaycanlılara qarşı yeni erməni təxribatı törədildi – Andranik və Njdenin rəhbərliyi altında dinc əhaliyə kütləvi surətdə divan tutuldu. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra da ermənilər öz məkrli niyyətlərindən əl çəkmədilər. XX əsrin 30-cu illər repressiyası Azərbaycanın ən görkəmli oğullarının, millət fədailərinin erməni mənşəli dövlət qulluqçularının riyakar fəaliyyəti nəticəsində məhv edildi.

1947-ci il 23 dekabr tarixində SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” Qərar qəbul edir. Bu qərara əsasən, 1948-1953-cü illərdə tarixən dədə-baba yurdları olan, azərbaycanlıların sıx yaşadığı dağlıq münbit topraqlardan 100 mindən çox insan Kür-Araz ovalığına köçürülür. 200 il əvvəl başlanan, işğal, parçalanma, doğma torpaqlardan qovulma ilə nəticələnən bu haqsızlıq oyunu XX əsrin sonlarında da davamını tapdı. Öz havadarlarına güvənən ermənilər bir daha Azərbaycan torpaqlarına öz çirkin əllərini uzatdılar. 1988-ci ildə başlayan Dağlıq Qarabağ məsələsi Azərbaycan ərazisinin 20 faizinin işğalı ilə nəticələndi. Erməni quldur dəstələri Ermənistan və sovet-rus silahlılarının havadarlığı ilə xalqımıza qarşı cinayətlər törətdi. Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon erməni işğalı altında qaldı.

Bu amansız müharibədə ən dəhşətli, ən faciəvi hadisə məhz 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə baş verdi – Xatın, Liditsa, Oradur, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənməyən Xocalı soyqırımı...

Xocalı şəhəri əvvəlcə mühasirəyə alındı, sonra isə dinc əhalisinin böyük bir hissəsi ən acımasız, ən vəhşi bir şəkildə qətlə yetirildi.

Xocalıdakı igid oğullarımız son damla qanlarınadək şəhəri və sakinləri qorumağa çalışdılar. Lakin ermənilər Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan və heyət üzvlərinin böyük əksəriyyətini erməni mənşəli əsgərlər təşkil edən 366-cı motoatıcı alayın köməyi ilə Xocalı şəhərini yerlə yeksan etdilər.

Dövlətimizin siyasi fəallığı və “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının həyata keçirdiyi bir çox tədbirlər, aksiyalar nəticəsində artıq dünyanın bir çox ölkələri – Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sloveniya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan, Cibuti, Şotlandiya parlamentləri, ABŞ-ın bir çox ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan və qınayan sənədlər qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanımışdır.

Ermənilər və onların havadarları öz cəzalarına çatmalıdırlar və bu, əlbəttə ki, baş verəcək. Torpaqlarından qovulmuş hər bir azərbaycanlı öz doğma yurduna geri dönəcək. Bu istiqamətdə çox işlər aparılır. Ölkəmizin rəhbəri İlham Əliyev cənabları öz çıxışında xüsusi vurğulamışdır: “Dünyada gedən proseslərin inkişafı onu göstərir ki, biz hər il, hər ay öz məqsədimizə yaxınlaşırıq və məqsədimiz ərazi bütövlüyümüzü bərpa etmək, Azərbaycan bayrağını Şuşada, Xankəndidə qaldırmaqdır. Budur bizim əsas vəzifəmiz və bu məqsədə çatmaq üçün nəinki diplomatlar, bütün cəmiyyət öz səylərini birləşdirməlidir, birləşdiribdir. Bu, bizim milli məsələmizdir.

Azərbaycanda bundan vacib məsələ yoxdur və bu məqsədə çatmaq üçün biz hər gün çalışırıq və çalışacağıq”.

O günün tezliklə gələcəyinə əminliklə bir daha: ”Şəhidlərimizin ruhu şad olsun!”- deyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.

Daha sonra çıxış edən tarix elmləri doktoru, professor, millət vəkili Fəzail İbrahimli qeyd edib ki, bu tədbirə sadəcə anım kimi baxmaq olmaz. Unutmamalıyıq ki, biz azərbaycanlıların qarşısında ideoloji mübarizə durur. Bu mübarizədə hamımız iştirakçı və mütəşəkkil olmalıyıq. Məsələnin mənəvi tərəfi budur ki, Xocalı soyqırımı faciəsinin qurbanları həmişə yad edilməlidir. Bu hadisə ilə bağlı danışanda göz yaşı axıtmaqla fəaliyyətsiz qalmamalıyıq. Bu ədalətsizliyi törədən səbəbləri aradan qaldırmaq üçün dövlətimizin ətrafında sıx birləşməliyik. Bu hadisə bizim üçün bir çağırışdır, yəni “...ey Azərbaycan xalqı! Unutma ki, 200 ildən artıqdır ki, ermənilər tariximizə zədə vurublar. Fikir verin, demək olar ki, hər ayın bir günündə hüznlü, matəmli işğal faciəsini yaşayırıq. Yanvar – 19-dan 20-nə keçən gecə dinc əhalinin gülləbəran edilməsi, 26 fevral – Xocalı soyqırımı, 31 mart azərbaycanlıların soyqırımı, Aprel döyüşlərində neçə-neçə oğullarımızın həlak olması... Dağlıq Qarabağın, ona bitişik yeddi rayonumuzun işğal günləri. Gələcək nəsil yaxamızdan yapışacaq və bu hadisələrə cavab istəyəcək.... Artıq yetər, Xocalı bizim son gözyaşımız olmalıdır. Azərbaycan böyük ölkədir. Onun rəhbəri də qüdrətli, müdrik siyasi xadimdir. Bu gün bütün məsələlərdə, ən başlıcası da müstəqilliyimizi qorumaq, dövlətçiliyimizi möhkəmləndirmək yolunda bütün gücümüzlə Prezidentimizə dəstək olmalıyıq”.

Siyasi sənədlər Arxivinin elmi katibi, tarix elmləri doktoru Həcər Verdiyeva öz çıxışında yüzillər boyu erməni şovinistlərinin Azərbaycan xalqına qarşı təxribatlarını, keçən əsrin 90-cı illərinin əvvəlindən başlayaraq Qarabağda ixtişaşlar törətdiklərini faktlar əsasında diqqətə çatdırıb və qeyd edib ki: “Azərbaycanlıların evləri yandırılır, əmlakları talan edilir, başları kəsilir, diri-diri oda atılırdı. 2231 zərərçəkən, 800-dən artıq ekspert sənədləri sübut edir ki, Xocalı vəhşəti milli mənsubiyyət, irq, irs düşmənçiliyi üzərindən həyata keçirilmişdir. Bu, soyqırımıdır”. H.Verdiyeva çıxışını nikbin notlarla bitirib: “Biz ümid edirik ki, Xocalıya ədalət öz yerini tapacaq”.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva isə öz çıxışında vurğulayıb ki, Azərbaycan xalqının taleyində baş verən bütün hadisələri, xüsusən də Xocalı soyqırımının mahiyyətini hər gələn yeni nəsil öyrənməli, bilməlidir. Bu faciə yaddaşımızın qanla yazılmış bir səhifəsidir. Biz bu tarixi unutmamalıyıq. S.Vəliyeva daha sonra qeyd edib ki, qarşıdan prezident seçkiləri gəlir. Onun üçün də milli birliyimizi qorumalı, cənab Prezident İlham Əliyevin ətrafında birləşməliyik. Biz yalnız bu birliyin və gücün sayəsində ərazi bütövlüyümüzü bərpa edə biləcəyik.

Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov öz çıxışında bildirib ki, bu gün Prezident Kitabxanasında Xocalı faciəsi ilə bağlı 7-8 dildə kitab mövcuddur. Yaxın vaxtlarda “Xocalı şahidləri” adlı kitab dərc olunacaq, bu, böyük işdir. Hadisələr şahidlərin dililə olduğu kimi dünyaya çatdırılacaq. Bununla biz hər zaman yaddaşımızı təzələyir, möhkəmləndiririk.

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin Regional İdarəetmə, Sosial Təminat və Humanitar Yardım şöbəsinin sektor müdiri, Xankəndidən olan məcburi köçkün Elman Quliyev DQMV-də uzun illər gözləri ilə gördüyü, müşahidə etdiyi hadişələrdən danışıb, Xocalı soyqırımı faciəsinin yüzillər boyunca xalqımıza qarşı törədilən cinayət faktlarının, təhdidlərin acı nəticəsi olduğunu vurğulayıb.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.