Siyasi sənədlər Arxivində “Möhkəm təməl uğurlu gələcəyin əsasıdır” adlı tədbir keçirilib

   

Mayın 6-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Möhkəm təməl uğurlu gələcəyin əsasıdır” adlı tədbir və “Azərbaycanda elm və təhsil. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro və Katibliyinin qərarları (iyul 1969-noyabr 1982)” adlı sənədlər toplusunun təqdimatı keçirilib.

Tədbirdə respublikanın ictimai-siyasi həyatında fəal rol oynayan tanınmış şəxslər, elm və ictimaiyyətin nümayəndələri, KİV təmsilçiləri və Arxivin əməkdaşları iştirak ediblər.

İlkin olaraq qonaqlar Ulu Öndər Heydər Əliyevin Arxivin binasının foyesindəki büstü önünə gül qoyublar. Sonra iştirakçılara Siyasi sənədlər Arxivində mühafizə olunan, Ulu Öndərin həyatı və ictimai-siyasi fəaliyyətini əks etdirən sənədlərdən ibarət sərgi nümayiş olunub. Arxiv bələdçiləri qonaqlara “Yaddaşlara həkk olunmuş ömür yolu”, “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”, “Azərbaycanın beynəlxalq əlaqələri (1969-1982)”, “Azərbaycanın quruculuq salnaməsi. Sənaye və kənd təsərrüfatı”, “Azərbaycanın quruculuq salnaməsi. Abadlıq və quruculuq işləri”, “Heydər Əliyev fenomeni” adlı stendlərin şərhini verərək, Ümummilli Liderin Azərbaycana ilk rəhbərliyi illərində əldə olunmuş uğur və nailiyyətlərə, o dövrün əsas hadisələrinə qısa ekskurs ediblər.

Sərgi ilə tanışlıqdan sonra tədbir akt zalında davam etdirilib. Siyasi sənədlər Arxivinin direktoru Elmira Ələkbərova “Möhkəm təməl uğurlu gələcəyin əsasıdır” mövzusunda məruzə ilə çıxış edib. Öz məruzəsində E.Ələkbərova 1969-1982-ci illərin Azərbaycan xalqının tarixinə parlaq quruculuq illəri kimi daxil olduğunu vurğulayaraq bildirib ki, 1969-cu ildən Heydər Əliyev tərəfindən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına yönəldilməsi və xalqın rifahının yüksəldilməsi prosesinə başlanmış, dahi siyasi xadimin bu illərdə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılmış, sənayenin bütün sahələrində inkişafa nail olunmuş, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırılmış, mütərəqqi texnologiyaların istehsalata tətbiqi əsasında Azərbaycan sənayesi SSRİ-də qabaqcıl mövqeyə yiyələnmişdir.

XX əsrin 70-ci illərindən etibarən peşəkar hərbi kadrların hazırlanması məsələsini nəzarətə götürən Heydər Əliyevin öz cəsarət, qətiyyət və iradəsi hesabına Bakıda general Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasına nail olduğunu qeyd edən məruzəçi Ulu Öndərin bu hadisəni xatırlayarkən söylədiklərini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Mən belə bir addım atarkən, təşəbbüs irəli sürərkən, o vaxt Sovet İttifaqının çərçivəsində belə bir qeyri-adi qərar qəbul edərkən təkcə o günləri yox, Azərbaycanın gələcəyini düşünürdüm... O vaxt bunu dərk edə bilməyən adamlar da, buna adicə bir hadisə, tədbir kimi baxanlar da indi yəqin artıq bilirlər ki, bu addımı atarkən nə qədər böyük uzaqgörənlik olmuşdur”.

Ulu Öndərin 1982-1987-ci illəri əhatə edən Moskva fəaliyyətindən də bəhs edən E.Ələkbərova tənəzzülə başlamış nəhəng imperiyanın ən ağır sahələrinin: SSRİ Yollar Nazirliyi, Dəniz Donanması Nazirliyi, Yol Tikinti Nazirliyi, Rabitə Nazirliyi, Ümumittifaq Səhiyyə Nazirliyi, Tibb Sənayesi Nazirliyi, Mədəniyyət Nazirliyi, Maarif Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki-Peşə Təhsili Komitəsi, Dövlət Teleradio Verilişləri Komitəsi, Dövlət Kinematoqrafiya Komitəsi, Dövlət Nəşriyyatı, İdman Komitəsi, Sovet İttifaqı Teleqraf Agentliyi, Dövlət Arxiv və Müəlliflik Hüququ Agentliyi üzrə məsələlərə nəzarətin məhz Heydər Əliyevə tapşırıldığını qeyd edib və bildirib ki, bu yorulmaz, dəmir iradəli insan öz prinsipial mövqeyi sayəsində bütün istiqamətlərdə ona həvalə olunmuş məsul işi layiqincə yerinə yetirirdi.

Məruzəçi Heydər Əliyevin ölkəmizə 1993-2003-cü illərdə rəhbərliyi dövründə müstəqil dövlətimizin tərəqqisi üçün möhkəm təməl yaradıldığını bildirib və Ümummilli Lider tərəfindən hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli və digər istiqamətlərdə görülən işlərin ölkənin inkişafına, xalqın rifahına böyük bir xidmət olduğunu vurğulayıb: “Rəhbərliyinin birinci dövründə olduğu kimi, bu dəfə də o, səriştəsiz rəhbərlər tərəfindən tənəzzülə sürüklənmiş doğma ölkəsini durğunluqdan çıxararaq tərəqqiyə, sürətli inkişafa doğru apardı. Adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Heydər Əliyev özünün uzaqgörən, incə siyasəti ilə Azərbaycanı addım-addım labirintlərdən keçirərək, doğma Vətəninin şanlı tarixini səhifə-səhifə yazdı. Tarixin böyük şəxsiyyətlər yaratdığı bir dünyada bu dahi şəxsiyyət özü Azərbaycan tarixində yeni bir mərhələ, adı tarixdə əbədi qalacaq bir dövlət yaratdı”.

Ulu Öndərin “Müstəqillik yolu çox çətin yoldur, amma müstəqilliyi saxlamaq, qorumaq və müstəqil dövləti inkişaf etdirmək, təbiidir ki, onu əldə etməkdən də çətindir” müdrik kəlamını təkrar edən E.Ələkbərova çıxışını bu sözlərlə bitirib: “Bu gün Vətənimizin, dövlətçiliyimizin, müstəqilliyimizin keşiyində Heydər Əliyevin yaratdığı milli dövlətçilik konsepsiyası idarəçilik məktəbinin ən istedadlı, ən layiqli nümayəndəsi olan möhtərəm Prezident cənab İlham Əliyev durur və müstəqilliyimizin qorunmasına, ölkə iqtisadiyyatının daha da yüksək tərəqqisinə nail olmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qətiyyətli addımlar atır. Ulu Öndər kimi cənab prezidentimizin milli məfkurəyə, yüksək intellektə, praqmatizmə və reallığa əsaslanan siyasi iradə nümayiş etdirməsi bizdə bir daha qəti inam yaradır ki, işğal altında olan torpaqlarımız azad olunacaq, dövlətimiz dünyanın ən qabaqcıl ölkələri siyahısında ən ön cərgələrdə yer alacaq. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də yaşayır və yaşayacaqdır!”.

Daha sonra Siyasi sənədlər Arxivinin Elmi araşdırmalar və elmi kitabxana şöbəsinin əməkdaşı Səbinə Zeynalova “Xalqın xilaskarı, əfsanəvi lider” mövzusunda məruzə ilə çıxış edib. S.Zeynalova öz məruzəsində müasir Azərbaycan tarixində iki mühüm dönüş nöqtəsindən – Azərbaycanın siyasi həyatında Heydər Əliyevin adı ilə bağlı olan 1969-cu il 14 iyul və 1993-cü il 15 iyun tarixlərindən bəhs edərək, ölkəyə rəhbərliyinin hər iki mərhələsində Ümummilli Liderin əsas məqsədinin müstəqil, azad və firavan Azərbaycan dövləti qurmaq olduğunu vurğulayıb.

1997-ci ildə yaradılmış Prezident Katibliyinin ilk işçilərindən olan S.Zeynalova daha sonra Ümummilli Liderlə bağlı xatirələrini də tədbir iştirakçıları ilə bölüşərək bildirib: “Mən çox xoşbəxtəm ki, bu cür əzmkar dövlət başçısı ilə işləmiş və ondan çox şey öyrənmişəm. Heç vaxt yıxılmamağı, dürüst olmağı, səhvsiz yaşamağı, nümunəvi olmağı Ulu Öndər Heydər Əliyevdən öyrənmişəm”. Məruzəçi çıxışının sonunda Heydər Əliyevin hər kəsin yaddaşına həkk olunmuş “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” kəlamını bir daha xatırladaraq, Ümummilli Liderin böyük məktəb və bu məktəbdə öyrənilməmiş çox səhifələrin olduğunu, bu dahi rəhbərin daim xalqının qəlbində ölməz və parlaq şəxsiyyət kimi qalacağını vurğulayıb.

Tədbirin ikinci hissəsində Siyasi sənədlər Arxivi tərəfindən nəşrə hazırlanmış “Azərbaycanda elm və təhsil. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro və Katibliyinin qərarları (iyul 1969-noyabr 1982)” adlı sənədlər toplusunun təqdimatı keçirilib.

Kitabın redaksiya heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımlı çıxış edərək, uzaqgörən siyasətçinin hələ Sovet dönəmində gələcək müstəqil Azərbaycanın dünya birliyinə inteqrasiyası üçün yüksəkixtisaslı milli kadrların hazırlanmasındakı rolundan, bu dahi şəxsiyyətin elm və təhsil məsələlərinə olan xüsusi diqqətindən danışıb. Hazırkı sənədlər toplusunda Siyasi sənədlər Arxivində mühafizə edilən 280 sənədin yer aldığını qeyd edən məruzəçi Ümummilli Liderin tükənməz irsinin öyrənilməsində kitabın qiymətli bir mənbə olduğunu vurğulayıb.

Tədbirdə həmçinin Milli Məclisin deputatları Fəzail İbrahimli və Pərvin Kərimzadə çıxış edərək, Ulu Öndərin ölkəmizin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən, bu dahi şəxsiyyətin Azərbaycan tarixindəki əvəzsiz rolundan geniş söhbət açıblar.

Tədbirin sonunda Ümummili Liderin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.