Siyasi sənədlər Arxivində “Bakı nefti, qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək. 1941-1945” adlı kitabın təqdimatı keçirilib

   

Fevralın 16-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadənin rəhbərliyi ilə hazırlanmış “Bakı nefti, qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək. 1941-1945” adlı kitabın təqdimatı keçirilib.

Tədbirdə çıxış edən akademik Ziyad Səmədzadə bildirib ki, təqdim olunan kitab Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən ərsəyə gəlib. Kitabda Bakı əhalisinin və bütövlükdə, Azərbaycan xalqının 1941-1945-ci illər müharibəsində və faşizm üzərində qələbə çalınmasında danılmaz rolu işıqlandırılır.

Sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin direktoru t.e.n. Mais Bağırov bu kitabda Azərbaycan neftçilərinin, neft-kimya və maşınqayırma sənayesi işçilərinin, dəmiryolçularının, dəniz donanmasının və tibb işçilərinin əməyinin öz əksini tapdığını vurğulayıb.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə öz çıxışında  Azərbaycanın neft tarixindən, “Əsrin müqaviləsi”nin ölkəmizin həyatındakı əhəmiyyətindən, neft-qaz sənayesində aparılan uğurlu islahatlardan bəhs edib.

Daha sonra Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, parlamentin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, parlamentin gənclər və idman komitəsinin sədri Fuad Muradov və başqaları kitabla bağlı fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində “1941-1945-ci illər müharibə iştirakçılarına və veteranlara qayğı və diqqət”, “Böyük Vətən müharibəsi tariximizin yaddaşında. 1941-1945”, “Boyevoy Listok” adlı stendlərdən ibarət sərqi də təşkil olunub.