Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında Siyasi sənədlər Arxivi tərəfindən nəşr edilmiş “Azərbaycanın beynəlxalq əlaqələri sənədlərdə (iyul 1969-noyabr 1982)” adlı sənədlər toplusunun təqdimatı keçirilib

   

Mayın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında Siyasi sənədlər Arxivi tərəfindən nəşr edilmiş “Azərbaycanın beynəlxalq əlaqələri sənədlərdə (iyul 1969-noyabr 1982)” adlı sənədlər toplusunun təqdimatı keçirilib. 

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsi başlayıb. Dahi rəhbərin müdrik siyasəti, uzaqgörənliyi sayəsində bu gün Azərbaycan dünya siyasi tarixində özünəməxsus yer tutur. Heydər Əliyevin irsi tükənməzdir və bu irsin öyrənilməsində “Azərbaycanın beynəlxalq əlaqələri sənədlərdə (iyul 1969-noyabr 1982)” kitabı qiymətli bir mənbədir.

M.İbrahimqızı diqqətə çatdırıb ki, təqdimatı keçirilən kitab Ulu Öndərin qeyd olunan dövrlərdəki siyasi fəaliyyətindən bəhs edir və burada həmin illəri özündə ehtiva edən mühüm sənədlər yer alır. Qeyd olunub ki, Azərbaycanın beynəlxalq aləmdə tanınması, təbliği ilə bağlı böyük işlər görülüb. Bütün bu işlər həmin kitabda yer almış arxiv sənədlərində öz əksini tapıb.

Milli Məclisin deputatı Sahibə Qafarova öz çıxışında təqdim olunan sənədlər toplusunun Azərbaycanın beynəlxalq aləmdə təbliği üçün mühüm bir qaynaq olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanın bugünkü uğurlu xarici siyasəti Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir və bunu arxiv materialları əsasında hazırlanmış bu kitabda görmək olar.

Nəsimi Rayon Ağbirçəklər Şurasının sədri, YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva təqdimatı keçirilən sənədlər toplusu haqqında fikirlərini bölüşüb. O vurğulayıb ki, bu kitabın nəşri ölkəmizin qeyd olunan dövrdə xarici siyasətinin tədqiqi üçün mühüm əhəmiyyət kəsb edir və bu cür kitablar tədqiqatçıların stolüstü kitabı olmalı, gənclərin dərslikləri sırasında yer almalıdır.

Kitabın tərtibçilərindən biri, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin Elmi araşdırmalar və nəşr şöbəsinin müdiri Lalə Hüseynova nəşrin ictimaiyyət tərəfindən maraqla qarşılanacağına əminliyini bildirib. Kitabın ərsəyə gəlməsində 313 arxiv sənədindən istifadə olunduğunu qeyd edən Lalə Hüseynova deyib: “Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələn kimi Azərbaycanın beynəlxalq əlaqələrinin yaxşılaşdırılması məqsədilə mühüm qərarların qəbul edilməsinə və problemlərin həllinin Moskva qarşısında qaldırılmasına nail oldu. Azərbaycana xarici ölkələrin rəsmi nümayəndə heyətlərinin və diplomatlarının, həmçinin Moskvada akkreditə olunmuş xarici ölkələrin səfirlərinin səfərləri xeyli artdı. Heydər Əliyev Yaxın və Orta Şərq xalqları və dövlət başçıları tərəfindən ən hörmətli, nüfuzlu dövlət adamı, siyasi xadim kimi qəbul olunurdu. Müsəlman dünyası Heydər Əliyevlə fəxr edirdi. Sovet dövləti regiona dair bir sıra problemlərin, xüsusən münaqişələrin həllində onun nüfuzundan istifadə edirdi”. L.Hüseynova sonda qeyd edib ki, iki cilddən ibarət olan hazırkı toplu universitet kitabxanalarında olmalı, hər bir gəncimiz ondan bəhrələnməlidir.