İyunun 23-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində növbəti elmi seminar keçirilib.
İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova seminarı açıq elan edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.
Heydər Əliyevin respublikaya hər iki rəhbərliyi dövründə dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan bəhs edən E.Ələkbərova 2000-ci il iyulun 21-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” Qanunun əhəmiyyətini vurğulayaraq qeyd edib ki, həmin Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyuldu, dövlət qulluqçularının cəmiyyətdəki yeri, hüquq və vəzifələri müəyyənləşdirildi. Bu gün Prezident İlham Əliyev tərəfindən idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması üçün yeni idarəetmə orqanlarının yaradılması prosesi davam etdirilir, bu orqanların dövlət quruculuğunda və ölkənin idarə olunmasında rolunu artırmaq və işini səmərəli təşkil etmək üçün vaxtaşırı onların əsasnamə və nizamnamələrində, eləcə də strukturlarında müvafiq dəyişikliklər edilir, vəzifələri və funksiyaları dəqiqləşdirilir.
Arxiv əməkdaşlarını Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə təbrik edən natiq çıxışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözlərilə bitirib: “...Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır”.
Seminarın davamında Arxiv fondlarının informasiya-axtarış və elektron kataloq bölməsinin müdiri, tarix üzrə elmlər doktoru Həcər Verdiyeva “Tarixi həqiqətlər müstəvisində: Ümummilli Lider Heydər Əliyev erməni separatçılığına qarşı mübarizədə” adlı məruzə ilə çıxış edib. H.Verdiyeva öz məruzəsində “erməni məsələsi”nin alqoritmləri üzrə hərəkət edən erməni separatçılarının XX əsrdə Azərbaycan torpaqlarına qarşı əsassız ərazi iddialarından, İctimai-Siyasi Sənədlər Arxivinin fondlarında mühafizə olunan faktiki materiallar əsasında Ümummilli Lider Heydər Əliyevin erməni separatçılarına qarşı apardığı müdrik siyasətdən, Azərbaycanın real tarixinin müdafiəsi uğrunda göstərdiyi dövlətçilik əzmindən bəhs edib.
Daha sonra həmin bölmənin əməkdaşı Sevda Həsənovanın “Ulu Öndər Heydər Əliyevin xalqımızın tarixi yaddaşının qorunması istiqamətində misilsiz fəaliyyəti haqqında” adlı məruzəsi dinlənilib. Ulu Öndər Heydər Əliyevin xalqımızın tarixi yaddaşının qorunması istiqamətində apardığı misilsiz fəaliyyətindən bəhs edən S.Həsənova İctimai-Siyasi Sənədlər Arxivinin fondlarında mühafizə olunan qiymətli sənədlər əsasında Ulu Öndər Heydər Əliyevin bəşər sivilizasiyasının beşiklərindən olan Azərbaycanın maddi-mədəni irsinin qorunması, XX əsr Azərbaycan tarixində iz qoymuş görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində apardığı işləri diqqətə çatdırıb.