Siyasi sənədlər Arxivində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş Beynəlxalq Elmi Konfrans keçirilib

   

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş Beynəlxalq Elmi Konfrans keçirilib.

Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır” şüarı ilə keçən tədbirdə xarici ölkələrin tanınmış Azərbaycanşünas alimləri ilə yanaşı, respublikanın elm və mədəniyyət xadimləri, ölkəmizdə akkreditə olunmuş səfirliklərin əməkdaşları, KİV təmsilçiləri və Arxivin əməkdaşları iştirak ediblər.

Arxivin direktoru, tarix elmləri namizədi Mais Bağırov tədbiri açaraq bugünkü tədbirin milli-mənəvi dəyərindən, mühüm əhəmiyyətindən bəhs edib və bildirib ki, dünya azərbaycanlıları bu günlər əlamətdar bir tarixi hadisəni – dövlətçiliyimizin bərpasının 25-ci ilini böyük ruh yüksəkliyi ilə qeyd edir. 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra müstəqilliyimizin möhkəmlənməsi, əbədi olması naminə böyük çətinlikləri dəf edərək ölkəni dirçəlişə doğru apardı. Bu gün Ulu Öndərin ideyaları onun siyasi və mənəvi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqillik illərində bir çox yeni müəssisələr, sosial obyektlər, idman arenaları zövqlə tikilib istifadəyə verilmiş, infrastruktur layihələr müvəffəqiyyətlə həyata keçirilmişdir. Bu ilin aprel ayının əvvəllərində cəbhə bölgəsində gedən döyüşlərdə ordumuzun düşmənə endirdiyi sarsıdıcı zərbələr Azərbaycanın hərbi potensialının güclü olduğunu həm düşmənə, həm də onun havadarlarına sübut etmişdir. Müstəqilliyimizin 25 illik dövründə respublikamız qlobal mövzulara həsr olunmuş beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edən sevimli bir məkana çevrilmiş, Bakımız İslam mədəniyyətinin paytaxtlarından biri olmuşdur. Azərbaycan dünyada terror və ekstremizmlə mübarizədə etibarlı tərəfdaş kimi tanınmışdır, bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm və vacib dövlət statusu qazanmışdır.

Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə konfrans iştirakçılarını böyük bayram münasibətilə təbrik edərək bildiriblər ki, Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin əbədi olması yolunda çox çalışmış, ölkəni bəlalardan xilas etmişdir. Bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev ölkəni böyük islahatlar yolu ilə inkişafa doğru aparır.

Çex Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Vitezslav Pivonka öz çıxışında Azərbaycanla Çex Respublikasının müstəqillik uğrunda apardıqları mübarizələrdə oxşar tale yaşadıqlarını vurğulayıb: “I Dünya müharibəsindən sonra çex xalqı da müstəqillik qazanmışdı, biz də bir müddətdən sonra onu itirmişdik. Sizin də ötən əsrin əvvəllərində əldə etdiyiniz müstəqil dövlətiniz cəmi 23 ay yaşamışdı. Mən çox şadam ki, siz 25 il əvvəl müstəqilliyinizi bərpa edə bildiniz”.

Çex Respublikası səfirinin müavini Petr Vaqner məruzəsinə ölkəsində yeni tapılmış arxiv sənədi barədə məlumatla başlayıb və bildirib ki, Çexiya-Azərbaycan əlaqələri qədim tarixə malikdir. Hər iki millətin tarixən bir-birinə qarşılıqlı hörmət bəslədiyini, bu münasibətin hazırda davam etməsini, dövlətlərarası müqavilələrin strateji əhəmiyyət daşıdığını vurğulayan cənab Vaqner həm Praqada, həm də Bakıda səfirliklərin açılmasını, normal fəaliyyət göstərməsini hər iki dövlətin diplomatiya mədəniyyəti üçün tarixi hadisə  kimi dəyərləndirib.

Daha sonra “Dağıstan yazıçısı” nəşriyyatının və Rəsul Həmzətov Muzeyinin direktoru Murad Əhmədov Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdullatipovun konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub və əlavə edib: “Dünyada elə xalqlar olub ki, müstəqillik əldə etsə də, onu qoruyub saxlaya bilməmişdir. Ancaq Azərbaycan xalqı bunu bacardı, minlərlə şəhidin qanı bahasına öz müstəqilliyinə nail oldu və onu qorudu”.

Bolqarıstan Geosiyasət Cəmiyyətinin eksperti, politoloq Plamen Dimitrovun məruzəsi isə Azərbaycanın son 30 ildə qarşılaşdığı çətinliklər, xalqın düçar olduğu təhlükələr və məhz Heydər Əliyevin xilaskarlıq missiyası, neft strategiyasının politoloji istiqamətləri üzərində qurulub. Məruzədə enerji daşıyıcılarının müasir dünya siyasətində “vasitə” olmasının Azərbaycan modeli barədə fikirlər açıqlanıb.

Konfransda Milli Məclisin deputatı, professor F.İbrahimli, Azərbaycan Respublikası Prezidenti yanında İdarəetmə Akademiyasının Tarix kafedrasının müdiri, dos.F.Əhmədova, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Elmi işlər üzrə direktor müavini, tarix elmləri namizədi C.Bəhramov məruzə edərək müstəqilliyimizin keçdiyi məşəqqətli, lakin şərəfli yola müasir Azərbaycan tarixşünaslığı kontekstində  elmi-nəzəri qiymət veriblər.

AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri Səməd Bayramzadənin məruzəsi isə Azərbaycanın dövlət müstəqilliyi və milli ideologiya mövzusuna həsr olunmuşdu.

Siyasi sənədlər Arxivinin direktor müavini Elmira Ələkbərova tədbirdə məzmunlu çıxışlarına görə məruzəçilərə minnətdarlığını bildirib və əlavə edib ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq daha da çətindir. Ümummilli Lider Heydər Əliyev bu dövləti yenidən qurdu, müstəqilliyimizin möhkəmlənməsinə bütün qüvvəsini sərf etdi. Bu dahi şəxsiyyət hər zaman çıxışlarında qeyd edərdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Biz – Azərbaycanın müstəqilliyinin bərpasının canlı şahidləri öz Vətənimizlə, azərbaycanlı olmağımızla fəxr edirik.

E.Ələkbərova həmçinin bildirib ki, erməni-sovet hərbi birləşməsi millətimizin öz müstəqilliyinin bərpasının qarşısını almaq üçün müxtəlif fitnə-fəsadlara əl atmışdı. Xocalı qətliamı həmin vəhşiliyin ən qanlısıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Xocalı vəhşətinin bütün dünyaya elan olunması və ona beynəlxalq aləmdə obyektiv hüquqi-siyasi qiymətin verilməsi üçün bütün qüvvələrin səfərbərliyə alınması məqsədilə 1 mart 1994-cü ildə müvafiq Fərman imzalamış, Milli Məclis isə xüsusi qərar qəbul etmiş, bununla da 26 fevral müstəqil Azərbaycanda “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuşdur. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondu məqsədyönlü siyasət formalaşdırmışlar. Faciənin ildönümü hər il 100-dən artıq ölkədə dərin hüznlə anılır. Hazırda Azərbaycan dövləti, vətəndaşlarımız, xaricdəki soydaşlarımız tərəfindən Xocalı faciəsi haqqında həqiqətlərin dünyaya çatdırılması, onun soyqırım aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atılır, kitablar yazılır, jurnalist tədqiqatları aparılır. Ayrı-ayrı ölkələrin parlamentlərində, beynəlxalq təşkilatlarda bu faciə müzakirəyə çıxarılır, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb edilir. Müstəqil Azərbaycanın məqsədi bu işi daha müntəzəm, ardıcıl və məqsədyönlü şəkildə aparmaq və faciəyə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə nail olmaqdır. Dünya azərbaycanlıları əmindirlər ki, görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalıya ədalət zəfər çalacaqdır.

Əsas məruzələrdən sonra konfrans öz işini tematik bölmələrdə davam etdirib.