İctimai-Siyasi Sənədlər Arxivinin 100 illik yubileyi ilə əlaqədar tədbir təşkil olunub

   

Dekabrın 23-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin 100 illik yubileyi ilə əlaqədar tədbir təşkil olunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini Leyla Məmmədova tariximizin həlledici məqamlarını əks etdirən sənədlərin mühafizə olunduğu bu mənəvi xəzinənin 2021-ci ilin dekabrında 100 yaşının tamam olduğunu deyib. O, İctimai-Siyasi Sənədlər Arxivinin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, Arxivin əməkdaşlarına müzəffər xalqımızın şanlı tarixinin araşdırılması istiqamətində məsuliyyətli işlərində müvəffəqiyyətlər arzulayıb.

Leyla Məmmədova bildirib ki, tariximizin güzgüsü olan bu Arxiv hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin göstərdiyi diqqət və qayğının davamı olaraq, bu gün Prezident İlham Əliyev də Arxivdə mühafizə edilən sənədlərə böyük diqqət ayırır. Prezidentin 2007-ci il 21 iyun tarixli 2247 saylı Sərəncamı ilə ozamankı Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi Milli Arxiv İdarəsinin tabeliyindən çıxarılaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verilib. 2009-cu il 22 iyul tarixli 404 saylı Sərəncamla isə Arxivin adı dəyişdirilərək Siyasi Sənədlər Arxivi adlandırılıb. Hazırda Arxiv öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 oktyabr tarixli 1465 saylı Fərmanı ilə İctimai-Siyasi Sənədlər Arxivi adı altında davam etdirir.

Leyla Məmmədova qeyd edib ki, İctimai-Siyasi Sənədlər Arxivi tarix üçün çox mühüm əhəmiyyət kəsb edən sənədlərlə zəngindir. XX əsrin siyasi, iqtisadi, sosial və mədəni mənzərəsini geniş əks etdirən bu qiymətli sənədlər tariximizin yenidən işlənməsi və müstəqillik düşüncəsi baxımından dəyərləndirilməsi üçün zəngin baza hesab olunur. Arxivin zəngin elmi kitabxanası da mövcuddur. Elmi kitabxanada sovet dönəminə, habelə müasir dövrümüzə aid ədəbiyyatla yanaşı, nadir kitablar, XX əsrin əvvəllərinə aid nadir mətbu orqanları mühafizə olunur. Sənədlərin və ədəbiyyatın qorunub saxlanılması, ömrünün uzadılması və gələcək nəsillərə çatdırılması üçün Arxivin bərpaçıları yeni üsullarla bərpa işləri həyata keçirirlər.

Sonra İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova “Tariximizin keşiyində duran yüz yaşlı xəzinə” adlı məruzə ilə çıxış edib. O bildirib ki, böyük tarixi keçmişə malik olan Arxiv 1960-cı illərdə bir çоx çətinliklərlə üzləşib. Belə ki, xüsusi qiymətli, nаdir sənədlər pis şərаitdə, rütubətli zirzəmilərdə sаxlаnılır, bir çоx sənədlər məhv оlur, lakin çoxsaylı mürаciətlərə baxmayaraq, rеspublikа rəhbərliyi bu müraciətləri cavabsız qoyub. 1969-cu il iyul ayının 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə iqtisadi durğunluq, siyasi və mənəvi tənəzzül vəziyyətində olan Azərbaycan üçün quruculuq, dinаmik inkişаf və yüksəliş dövrü bаşlаnır və bütün Аzərbаycаndа оlduğu kimi, Pаrtiyа Arxivi üçün də bu, yeni dövrün başlanğıcı olur. Hakimiyyətə gəlişindən cəmi iki həftə sonra, yəni iyulun 29-da Ümummilli Lider Heydər Əliyevin şəxsi qayğı və təşəbbüsü ilə MK Katibliyinin iclasında Partiya Tarixi İnstitutu və Partiya Arxivi üçün yeni binanın layihəsinin hazırlanması haqqında məsələ müzakirə edilir, bu barədə xüsusi Qərar qəbul olunur. Beləliklə, indiki İctimai-Siyasi Sənədlər Arxivinin yerləşdiyi binanın təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulur.

Elmira Ələkbərova diqqətə çatdırıb ki, hazırda İctimai-Siyasi Sənədlər Arxivində 3683 fond və 2 milyondan çox saxlama vahidi mövcuddur. Bu zəngin baza dünyanın bir sıra arxiv və institutları ilə beynəlxalq əməkdaşlıq sayəsində gündən-günə daha da zənginləşdirilir və yeni sənədlər tədqiqatçılarımızın istifadəsinə verilir.

Yubiley tədbirində, həmçinin Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova “Sənədlər şahidlik edir”, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Arxiv materialları elmi araşdırmaların əsası kimi”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov “Azərbaycanın siyasi arenasının bir əsrlik güzgüsü – İctimai-Siyasi Sənədlər Arxivi” adlı məruzələrlə çıxış ediblər.

Qeyd olunub ki, bu Arxivə yalnız bir tarix kimi yanaşmaq olmaz. Burada Azərbaycan cəmiyyətinin ictimai, siyasi, iqtisadi, mədəni və mənəvi, habelə sosial həyatını özündə əks etdirən bir salnamə, qiymətli xəzinə yerləşir.

Sonra İctimai-Siyasi Sənədlər Arxivinin yaranma tarixindən və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbir çərçivəsində İctimai-Siyasi Sənədlər Arxivində mühafizə olunan qiymətli sənəd, fotoşəkil və nəşrlərdən ibarət sərgi nümayiş etdirilib. Bələdçilər tərəfindən tədbir iştirakçılarına sərgidə nümayiş olunan hər bir stend üzrə geniş məlumat verilib.