Bu gün Azərbaycan və Şərq musiqisinin inkişafında böyük rol oynamış görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100-cü ildönümü tamam olur. UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilmiş bu ildönümü noyabrın 3-də Parisdə, UNESCO-nun mənzil-qərargahında qeyd edilib [16]. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” 15 mart 2022-ci il tarixli Sərəncamında vurğulandığı kimi, dahi bəstəkarın yüzillik yubileyinin “UNESCO-nun 2022-2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür. Fikrət Əmirovun vətənpərvərliyə səsləyən, daim mənəvi zənginlik aşılayan və bəşəri ideallar tərənnüm edən, nailiyyətlərlə zəngin irsi Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq səhifələrindəndir” [14].

Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci il noyabrın 22-də qədim Gəncə şəhərində musiqiçi ailəsində dünyaya gəlmişdir. Atası Məşədi Cəmil Əmirov (1875-1928) öz dövrünün məşhur musiqiçilərindən, tarzən və xanəndə olmuşdur [10, v.5]. Şuşada dünyaya gələn Məşədi Cəmil İstanbulda professional musiqi sənətinə yiyələnmiş, İstanbuldan döndükdən sonra Gəncədə yaşamağa başlamışdır. Məşədi Cəmilin 1923-cü ildə Gəncədə (o zamankı Kirovabadda) yaratdığı və ilk direktoru olduğu musiqi məktəbinin təntənəli açılışında dahi sənətkar Üzeyir Hacıbəyli şəxsən iştirak etmiş, bu təhsil ocağının tədris planlarının hazırlanmasında, Moskvadan, Kiyevdən, Sankt-Peterburqdan ali musiqi təhsili olan müəllimlərin dəvət edilməsində Məşədi Cəmilə yaxından köməklik göstərmişdir [15, s.5].

Məşədi Cəlil Əmirov 1928-ci ildə Gəncə şəhərində vəfat edir və 6 yaşında atasını itirən Fikrət Əmirov onun sənət yolunu davam etdirərək, 1930-cu illərdə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Gəncədə təşkil olunmuş ansambla tar ifaçısı kimi daxil olur, 1938-ci ildə professional musiqiçi olmaq məqsədilə Bakıya köçür [15, s.6]. Bakıda o, əvvəl Azərbaycan Dövlət Musiqi Texnikumunun bəstəkarlıq sinfinə, 1939-cu ildə isə Azərbaycan Dövlət Konservatoriyasının hazırlığına daxil olur. 1940-cı ildə professor B.İ.Zeynallının sinfində təhsilini davam etdirən F.Əmirov 1941-ci ilin noyabrından Sovet Ordusu sıralarında xidmətə başlayır. Bir il sonra, 1942-ci ilin noyabr ayında keçirdiyi ağır əməliyyat və kontuziyadan sonra demobilizasiya olunur və təhsilinə geri dönür. Xəstəliyi səbəbindən tez-tez təhsilə ara verməyə məcbur olan F.Əmirov Konservatoriyanı 1948-ci ildə bitirir [10, v.5]. Ona təqdim olunan 29 iyul 1948-ci il tarixli diplomda F.Əmirovun bəstəkar ixtisasına yiyələndiyi qeyd edilmişdir [10, v.7]. 1942-1943-cü illərdə Gəncə Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri, həmçinin Gəncə musiqi məktəbinin direktoru vəzifəsində çalışan F.Əmirov 1947-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri təyin olunur [10, v.6].

1956-1959-cu illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru vəzifəsində çalışmış F.Əmirov 1958-ci ildə Misir və Suriyaya, 1959-cu ildə İraqa yaradıcılıq ezamiyyətinə yollanır [2, v.58; 3, v.125]. 1959-cu ildə uzunmüddətli ezamiyyəti nəzərə alınmaqla görkəmli bəstəkar Opera və Balet Teatrının direktoru vəzifəsindən azad edilir [4, v.146]. 1958-1965-ci illərdə isə o, SSRİ-dən göndərilən heyətlər tərkibində bir çox xarici ölkələrdə, o cümlədən ABŞ, İngiltərə və Çexoslovakiya Sosialist Respublikasında olur [10, v.10].

F.Əmirov 1971-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsinə təyin edilir, 1974-cü ildə Respublika Ali Sovetinin deputatı, 1980-ci ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilir [5, v.117].

Özünəməxsus bəstəkarlıq texnikası, musiqi dili və qeyri-adi təxəyyülü ilə Azərbaycan klassik musiqi sənətində mühüm yer tutan F.Əmirovun Azərbaycanda ilk lirik-psixoloji opera olan “Sevil” operası, “Nəsimi”, “Min bir gecə”, “Nizami” (1984)  kimi baletləri və s. əsərləri onun nəinki keçmiş Sovet İttifaqında, həmçinin dünyanın müxtəlif ölkələrində tanınmasına, böyük dinləyici kütləsinin məhəbbətini qazanmasına səbəb olmuşdur. 

F.Əmirov sadəcə bir incəsənət xadimi deyil, ictimai xadim olaraq da öz xalqına xidmət etmiş, onun böyük xidmətləri həm xalq, həm də dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Dünya musiqisində analoqu olmayan bir janr – simfonik muğam janrının yaradıcısı olan dahi bəstəkar həmin janrda yaratdığı “Şur” və “Kürd Ovşarı” simfonik muğamlarına görə 1949-cu ildə – 26 yaşında ikən SSRİ Dövlət mükafatı laureatı adına layiq görülmüşdür [bax: 10, v.9]. Bununla yanaşı, o, 1958-ci ildə Azərbaycan SSR Xalq artisti, 1965-ci ildə SSRİ Xalq artisti adına layiq görülmüş, həmçinin o dövr üçün çox mühüm sayılan “Lenin” ordeni, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordenləri və qızıl medalla təltif edilmişdir [1, v.40; 15, s.10].

“Fikrət Əmirovun yüksək sənətkarlıqla bəstələdiyi əsərlər dünyanın məşhur dirijorlarının repertuarına daxil olmuş, bir çox xarici ölkələrin konsert salonlarında səslənərək Azərbaycan musiqi sənətinə böyük şöhrət gətirmişdir” deyə vurğulayan Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə  Fikrət Əmirovun yaradıcılığı diqqət mərkəzində olmuşdur. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK Bürosunun 24 noyabr 1972-ci il tarixli Qərarı əsasında F.Əmirov  50 illik yubileyi ərəfəsində Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuş, 60 illik yubileyi münasibətilə isə görkəmli bəstəkarın musiqi sənətinin inkişafında böyük xidmətləri nəzərə alınaraq Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür [6, v.145; 8, v.97; 9, v.17]. Fikrət Əmirovun 60 illik yubileyi münasibətilə nəzərdə tutulan tədbirlər planında onun şərəfinə Bakıda və Moskvada yubiley axşamlarının keçirilməsi, tele-radio verilişlərinin hazırlanması, mərkəzi və respublikadaxili mətbuatda onun haqqında materialların dərci,  kitab nəşri və konsertlərin təşkili, bəstəkarın həyat və yaradıcılığını əks etdirən ikihissəli sənədli filmin hazırlanması və SSSR Bəstəkarlar İttifaqıının rəhbərliyinin, habelə digər ölkələrdən görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubiley tədbirinə dəvət edilməsi öz əksini tapmışdır  [7, v.191-192].

Milli mədəniyyətimizə yeni nəfəs gətirmiş görkəmli sənətkar təntənə ilə qeyd edilmiş yubileyindən 2 il sonra – 20 fevral 1984-cü ildə 62 yaşında vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin 7 noyabr 2002-ci il tarixli, 1083 saylı Sərəncamı əsasında Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətləri olan Fikrət Əmirovun 80 illik yubileyinin dövlət səviyyəsində qeyd edilmiş, bəstəkarın seçilmiş əsəlrərinin beş cildliyi nəşr olunmuş, Bakı şəhərindəki musiqi məktəblərindən birinə Fikrət Əmirovun adı verilmişdir   [12].

Fikrət Əmirov yaradıcılığı Ulu Öndərin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmiş, 2011-ci ildə Bakıda Fikrət Əmirovun abidəsi açılmış, cənab Prezidentin 6 fevral 2012-ci il tarixli Sərəncamı ilə görkəmli bəstəkarın 90 illik, 15 mart 2022-ci il tarixli Sərəncamı ilə isə 100 illik yubileyinin keçirilməsi qərara alınmışdır [13; 14].

19 sentyabr 2011-ci il tarixində Bakıda Fikrət Əmirovun abidəsinin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında Fikrət Əmirovun Azərbaycan xalqının sevimli bəstəkarı, xalqına çox bağlı bir insan olduğunu vurğulayaraq qeyd etmişdir ki, 30 ilə yaxındır ki, aramızdan getmiş dahi bəstəkarın əsərləri “hər bir Azərbaycan vətəndaşının ürəyində yaşayır. Çünki bu ölməz əsərlər doğrudan da, ən böyük qiymətə layiqdir və ən böyük qiyməti məhz zaman vermişdir. Əgər bu əsərlər bu gün də aktualdır, bu gün də böyük maraq doğurursa, deməli, doğrudan da bu əsərlər bundan sonra da yaşayacaqdır və bu əsərlər ölməzdir” [11].

 Qaynaqlar:

  1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivi (ARPİİ İSSA), f.1, siy.45, s.v.92
  2. ARPİİ İSSA, f.1, siy.45, s.v.147
  3. ARPİİ İSSA, f.1, siy.46, s.v.101
  4. ARPİİ İSSA, f.1, siy.46, s.v.109
  5. ARPİİ İSSA, f.1, siy.58, s.v.176
  6. ARPİİ İSSA, f.1, siy.59, s.v.94
  7. ARPİİ İSSA, f.1, siy.70, s.v.93
  8. ARPİİ İSSA, f.1, siy.70, s.v.94
  9. ARPİİ İSSA, f.1, siy.70, s.v.141
  10. ARPİİ İSSA, f.1, siy.81, s.v.240
  11. Bakıda görkəmli bəstəkar Fikrət Əmirovun abidəsinin açılışında İlham Əliyevin nitqi / https://president.az/az/articles/view/3150
  12. Fikrət Əmirovun 80 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı / https://e-qanun.az/framework/929
  13. Fikrət Əmirovun 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı / https://president.az/az/articles/view/4203
  14. Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı / https://president.az/az/articles/view/55625
  15. Mənəvi sərvətimiz - Fikrət Əmirov: metodik vəsait / tərt.ed. K.Ağazadə; ix. red. və burax. məsul Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2017.-40s.
  16. https://www.unesco.org/fr/event/concert-100eme-anniversaire-de-la-naissance-de-fikret-amirov-24