İctimai-Siyasi Sənədlər Arxivində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində elmi seminar keçirilib

   

Mayın 10-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində elmi seminar keçirilib.

İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova seminarı açıq elan edərək bildirib ki, bu il Azərbaycan xalqının xilaskarı, dünya şöhrətli siyasətçi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü qeyd olunur və bu münasibətlə İctimai-Siyasi Sənədlər Arxivi tərəfindən “Heydər Əliyev-100” adlı layihəyə start verilir.

E.Ələkbərova qeyd edib ki, 18 yaşından əmək fəaliyyətinə başlayan, 1944-1969-cu illərdə – 25 il Azərbaycan Dövlət Təhlükəsizliyi orqanlarında çalışmış Heydər Əliyev 1969-cu il 14 iyul tarixində Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə təyin edilmiş və həmin tarixdən etibarən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına yönəldilməsi, xalqın rifahının yüksəldilməsi prosesi başlanmışdır. Dahi siyasət xadiminin 1969-1982-ci illərdə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri, islahatlar aparılmış, sənayenin bütün sahələrində inkişafa nail olunmuş, yeni sənaye sahələri yaradılmış, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırılmış, mütərəqqi texnologiyaların istehsalata tətbiqi əsasında Azərbaycan sənayesi SSRİ-də qabaqcıl mövqeyə yiyələnmişdir.

Ulu Öndər Heydər Əliyevin respublikaya 1993-2003-cü illərdə rəhbərliyi dövründən geniş bəhs edən E.Ələkbərova bildirib ki, həmin dövrdə Ümummilli Lider tərəfindən hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli və s. istiqamətdə görülən işlər Azərbaycanın inkişafına, beynəlxalq aləmdə nüfuzunun artmasına və xalqın rifahının yaxşılaşdırılmasına xidmət etmişdir.

Bu gün Ulu Öndərin bünövrəsini qoyduğu siyasi-iqtisadi kursun onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dünyanın tələblərinə uyğun daha da genişləndirilərək uğurla davam etdirildiyini vurğulayan natiq çıxışını Prezident İlham Əliyevin bu sözlərilə bitirib: “Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.

Seminarın davamında Arxivin Sənədlərin istifadəsi və nəşri bölməsinin müdiri, tarix elmləri doktoru Lalə Hüseynovanın “Ulu Öndər Heydər Əliyevin azərbaycanlıların milli birliyi uğrunda mübarizəsi” və həmin bölmənin əməkdaşı Səbinə Zeynalovanın “Hər azərbaycanlıya örnək Ulu Öndər” mövzularında məruzələri dinlənilib.