Dekabrın 12-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində Ulu Öndər Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirə başlamazdan öncə Ümumilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova çıxış edərək bildirib ki, bu il dünya şöhrətli nəhəng siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü qeyd olunur. Bütün ömrünü Azərbaycana, Azərbaycan xalqının rifahına, təzyiq və bəlalardan qorunmasına həsr etmiş Ulu Öndər doğma Vətənimizi müstəqilliyə, milli dirçəlişə aparan yolun təməlini qoymuşdur.
Azərbaycan xalqının tarixinə parlaq quruculuq illəri kimi daxil olmuş 1969-1982-ci illərə qısa ekskurs edən E.Ələkbərova vurğuladı ki, məhz həmin dövrdə təməli qoyulmuş quruculuq işləri, keçirilmiş islahatlar xalqın tarixində həlledici rol oynamış, bu gün beynəlxalq aləmdə müstəqil, iqtisadi və hərbi baxımdan güclü Azərbaycan kimi tanınmağımız Heydər Əliyevin uzaqgörən siyasəti və müstəqil dövlət quruculuğuna gedən yolda gördüyü böyük işlər sayəsində mümkün olmuşdur.
E.Ələkbərova Ulu Öndərin 2003-cü il oktyabrın 1-də xalqa müraciəti zamanı İlham Əliyev haqqında söylədiyi “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək” kəlamını bir daha tədbir iştirakçılarına xatırladaraq bildirdi ki, bu gün Ulu Öndərin yolunu uğurla davam etdirən, yüksək siyasi hazırlığı, diplomatik məharəti, strateji təfəkkürü ilə Azərbaycanın mətanət və ləyaqət simvoluna çevrilmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurli siyasət nəticəsində Azərbaycan nəinki regionda, hətta dünya miqyasında nüfuz sahibi, xüsusi çəkiyə malik lider dövlətə çevrilmişdir. 44 günlük İkinci Qarabağ müharibəsi Qələbə ilə başa çatmış, 30 illik nisgilə son qoyulmuşdur və bu gün milli qürurumuzun rəmzi olan üçrəngli bayrağımız işğaldan azad olunan torpaqlarımızda qürurla dalğalanmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən vurğulamışdır: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!..”
Çıxışının sonunda E.Ələkbərova qeyd etdi ki, bütün ömrünü Vətəninə və xalqına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq, bu dahi şəxsiyyətin əziz və unudulmaz xatirəsi heç vaxt yaddaşlardan silinməyəcək, hər zaman dərin ehtiramla anılacaq.
Sonra Arxivin Nəşrlərin istifadəsi və uçotu bölməsinin əməkdaşı Rahilə Yaqubovanın “Ümummilli Lider Heydər Əliyevin şah əsəri – Əsrin müqaviləsi”, Arxiv fondlarının istifadəsi və uçotu bölməsinin əməkdaşı Elmira Kərimlinin “Şanlı quruculuq illəri” mövzularında məruzələri dinlənilib.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub.