Arxiv fondunda mühafizə olan sənədlərlə işləyərkən Azərbaycanın hərb tarixində özünəməxsus yer tutan general-mayor Mir Kazımbəy Talışınski haqqında maraqlı bir sənədə rast gəldim. Bu, Böyük Vətən müharibəsi dövrünə aid bir sənəd idi. Aparılan araşdırılmalar nəticəsində məlum oldu ki, 1944-cü il aprelin 20-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin katibi Mir Cəfər Bağırova qeneral-mayor Mir Kazımbəy Talışınski və polkovnik İbrahimağa Vəkilov haqqında sənədlər təqdim edilir [1, v.42, 46, 49-52]. M.C.Bağırovun tapşırığı ilə Azərbaycanın hərb tarixində mövcud boşluqları doldurmaq, əsgərlərin döyüş ruhunu yüksəltmək məqsədilə bu sənədlər əsasında hər iki hərbçinin həyat və fəaliyyətini işıqlandıran tədqiqat işi ərsəyə gəlir. Arxivdə mühafizə olunan bu əsər Azərbaycanın hərb tarixinə dəyərli bir töhfədir [1, v.17-39].
Rusiyanın apardığı işğalçılıq siyasəti nəticəsində imperiyanın tərkibinə qatılmış müsəlman xalqları ordu sıralarına çağırılmasalar da, Azərbaycan övladları hərbə bağlılığını nümayiş etdirərək, Rusiya ordu sıralarında xidmət etmişlər. Onların arasında Lənkəran xanlığının hökmdarı Mir Mustafa xanın nəticəsi – general-mayor Mir Kazımbəy Talışınski də olmuşdur. Vətənə qulluq, hərbi xidmətə bağlılıq bu ailənin qanından, kökündən gəlmişdir. Mir Kazımbəyin babası və atası da həyatlarını hərbi xidmətə həsr etmişlər. Generalın babası Mir Hüseynbəy Rusiya ordusunun poruçiki, atası isə Bakı qarnizonunun kapitanı olmuşdur.
Mir Kazımbəy Talışınski 1855-ci il iyulun 17-də Lənkəran şəhərində anadan olmuş, 10 yaşında onu Bakıya gətirmişlər. Bakı real məktəbində orta təhsil aldıqdan sonra, o, Peterburqda Konstantinovski hərbi məktəbində təhsil almış, praporşik rütbəsində Tiflisdə yerləşən 16-ci Minqrel qrenadyor alayına göndərilmişdir, 1889-cu ilədək bu alayda xidmət edən Mir Kazımbəy Talışınski ştabs-kapitan rütbəsini almışdır. Qafqaz hərbi dairəsi qərargahının xüsusi komissiyası keçirdiyi sınaqlardan sonra Mir Kazımbəy Talışınskini yunker hərbi məktəblərində artilleriyadan dərs keçməyə layiq görür və onu Tiflis yunker hərbi məktəbinə göndərir. 1899-cu ildə Mir Kazımbəy podpolkovnik rütbəsini alır və Minskdə yerləşən 119-cu Kolomen piyada qoşunları alayına batalyon komandiri təyin olunur. İki ildən sonra isə komandanlıq onun hərbi biliklərini yüksək qiymətləndirərək, Qroznıda yerləşən 82-ci Dağıstan piyada qoşunları alayına batalyon komandiri vəzifəsinə keçirir.
Rus-yapon müharibəsi illərində (1904-1905) Mir Kazımbəy Talışınski Benderı şəhərində yerləşən 55-ci piyada batalyonunun komandiri vəzifəsində hərbi qulluğuna davam edir. Müharibədən sonra isə o, yenidən Qroznıdaki 82-ci Dağıstan piyada qoşunları alayına təyinatla batalyon komandiri vəzifəsinə göndərilir. Bu illərdə keçirilən attestasiyaların nəticələri göstərir ki, komandanlıq Mir Kazımbəy Talışınskinin zəhmətkeşliyini, nizam-intizamını yüksək şəkildə qiymətləndirir. Yazılan nəticələrdə deyilirdi: «Достоин назначения командиром отдельного батальона в первую очередь»; «Выдающийся. Безусловно заслуживает скорейшего назначения командиром полка вне очереди с производством в полковники. Первый штабс-офицер в дивизии»; «Выдающийся. Достоин выдвижения на должность командира пехотного полка в первую очередь» [1, v.51].
1909-cu ildə Mir Kazımbəy Talışınski polkovnik rütbəsində Rusiya imperiyasının ən ucqar ərazisinə – Uzaq Şərqə göndərilir və 3-cü Sibir atıcı alayına komandir təyin olunur. Bütün ömrünü hərbi xidmətə həsr edən 54 yaşlı zabit bu işin də öhdəsindən yüksək səviyyədə gəlir və 1913-cü ilə qədər çətin iqlim şəraitində alaya müvəffəqiyyətlə rəhbərlik edir. 1913-cü ildə isə 14 il ərzində ailəsindən ayrı qalan Mir Kazımbəy general-mayor rütbəsində təqaüdə çıxır [2, с.291] və Tiflisə qayıdaraq ailəsinə qovuşur. Qeyd etmək lazımdır ki, geniş dünyagörüşünə malik, dünyəvi dəyərlərə önəm verən general ailəsində böyütdüyü qızlarına patriarxal mövqedən yanaşmır, onları cəmiyyət üçün dəyərli bir insan olaraq görmək istəyir və qız övladlarına yüksək təhsil verir [1, v.52]. Azərbaycan xalqının bu görkəmli nümayəndəsi, general-mayor Talışınski 1933-cü ilədək Tiflisdə yaşamış, həyat yoldaşını itirdikdən sonra Bakıya köçmüş, 1938-ci ildə 83 yaşında vəfat etmişdir.
İlk baxışdan təvazökar bir zabitin çox sadə həyat hekayəsinin “yeraltı çayları” belə bir həqiqəti göstərir ki, məhz minlərlə M.Talışınski kimi sadə zabitlər güclü bir ordunun bünövrəsini qoyaraq Vətəni qorumuşlar. Onu da qeyd edək ki, başqa azərbaycanlı generallardan fərqli olaraq Mir Kazımbəy Talışınski yüksək general-mayor hərbi rütbəsini döyüş meydanlarında qazanılan qələbələrə görə deyil, uğurlu hərbi-tədris işini apara bilmək bacarığına, zabit adına sadiq qaldığına, rəhbərlik etdiyi hərbi hissələrdə yüksək təlim-tərbiyə işini qurduğuna görə almış, ordu üçün minlərlə zabit yetişdirmişdir. Generalın məhz bu fəaliyyəti onu həyatda nail olduğu zirvələrə yüksəltmiş, Rusiya imperator ordusunun yüksək zabit rütbəsinə layıq görülən general hərb tarixinə öz töhfəsini verə bilmişdir.
İstifadə olunmuş ədəbiyyat: