İctimai-Siyasi Sənədlər Arxivində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib

   

Sentyabrın 27-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Arxivin direktoru Elmira Ələkbərova Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidləri və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açaraq bildirib ki, bu gün Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqının işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamasından iki il ötür. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlarla Ermənistanın Vətənimizə qarşı 30 ilə yaxın davam edən təcavüzünə son qoyuldu, Azərbaycan öz ərazi bütövlüyünü təmin və beynəlxalq ədaləti bərqərar etdi – “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının Böyük Qələbəsi ilə başa çatdı. E.Ələkbərova vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli 2311 saylı Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün Şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Tədbirdə ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik!