İctimai-Siyasi Sənədlər Arxivində Zəfər Günü qeyd olunub

   

Noyabrın 4-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova “Sənə Zəfər yaraşır, Azərbaycan!” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən mənfur qonşularımız torpaqlarımızın 20 faizini işğal etmiş və həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq soydaşımızı öz doğma yurd-yuvasından didərgin salmışlar. E.Ələkbərova qeyd edib ki, 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə heç bir nəticə verməmiş, 2019-cu ildən etibarən isə Ermənistan rəhbərliyinin təxribatçı bəyanatları və qeyri-peşəkar addımları danışıqlar prosesini tamamilə pozmuşdur. Nəhayət, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də Azərbaycana qarşı növbəti təcavüzkar təxribatlarına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan Ordusu Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün əks-hücum əməliyyatlarına başlamışdır. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Ordumuz işğal altındakı ərazilərimizi azad etməklə yanaşı, Ermənistanı öz məğlubiyyətini etiraf etməyə və kapitulyasiya aktını imzalamağa məcbur etmişdir.

Kollektivi “Zəfər Günü” və “Bayraq Günü” münasibətilə təbrik edən E.Ələkbərova sonda qeyd edib ki, “məhz Azərbaycan Prezidentinin yüksək zəkası, müdrikliyi, qətiyyəti və siyasi iradəsi, Azərbaycan Ordusunun gücü və qüdrəti sayəsində 30 illik işğala, xalqın 30 illik həsrətinə son qoyuldu, bu tarixi Zəfərlə Azərbaycan xalqı dünyaya öz gücünü, mübarizliyini və öz torpaqlarına, əcdadlarının mirasına sahib çıxan xalq olduğunu nümayiş etdirdi. Yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan dövləti, Azərbaycan Ordusu, yaşasın bu möhtəşəm nailiyyətləri qızıl hərflərlə Azərbaycan tarixinə yazan sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyev!”

Sonra Arxivin Sənədlərin istifadəsi və nəşri bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Lalə Hacıyevanın “Misli görünməmiş Zəfər”, Nəşrlərin istifadəsi və uçotu bölməsinin əməkdaşı Sevinc Soltanovanın “Zəfər işığında dalğalanan Azərbaycan Bayrağı”, Beynəlxalq əməkdaşlıq, tərcümə və ictimai əlaqələr bölməsinin əməkdaşı Bəyim İbrahimovanın “Tarixi Zəfər – Böyük Qayıdış” mövzularında məruzələri dinlənilib.

Tədbirin sonunda Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.