İctimai-Siyasi Sənədlər Arxivi ilə Gürcüstan Milli Parlament Kitabxanası arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum imzalanıb

   

05 may 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivi ilə Gürcüstan Milli Parlament Kitabxanası arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum imzalanıb.

Memorandumu İctimai-Siyasi Sənədlər Arxivi tərəfindən Arxivin direktoru Elmira Ələkbərova və Gürcüstan Milli Parlament Kitabxanası tərəfindən Kitabxananın Baş direktoru Giorgi Kekelidze imzalamışlar.

Memoranduma əsasən Cənubi Qafqaz ölkələrinin tarixinə dair sənədlərin və nəşrlərin elektron nüsxələrinə çıxış imkanı yaratmaq yolu ilə Azərbaycan Respublikası və Gürcüstan Respublikası vətəndaşlarının informasiya ehtiyaclarının təmin edilməsi sahəsində İctimai-Siyasi Sənədlər Arxivi və Gürcüstan Milli Parlament Kitabxanasının funksiyalarının həyata keçirilməsini təmin etmək üçün iki qurum arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın yaradılması nəzərdə tutulur.

Görüşdə Gürcüstan Milli Parlament Kitabxanasını təmsil edən adıçəkilən kitabxananın departament rəisi Levan Taktakişvili nəzərdə tutulan əməkdaşlıq çərçivəsində Azərbaycan, Gürcüstan və bütövlükdə Cənubi Qafqaz tarixinə dair məlumatları özündə əks etdirən sənəd, nadir kitab və dövri nəşrlərin surətlərinin qarşılıqlı mübadiləsinin İctimai-Siyasi Sənədlər Arxivi və Gürcüstan Milli Parlament Kitabxanasının fondlarının zənginləşməsinə xidmət edəcəyini, yeni araşdırmalar üçün daha geniş imkanlar yaradacağını vurğulayıb.

Qeyd edək ki, Gürcüstan Milli Parlament Kitabxanası Gürcüstan Respublikasının əsas elmi kitabxanası, habelə milli biblioqrafiya, informasiya və elmi tədqiqat mərkəzidir.