2019-cu il dekabrın 13-də Bakı Dövlət Universitetinin bir qrup tələbəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində nümayiş olunan Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş sərgi ilə tanış oldular.
Sərgi ilə tanışlıqdan əvvəl ARPİİ SSA-nın Elmi araşdırmalar və elmi kitabxana şöbəsinin məsləhətçi-arxeoqrafı Sevinc Soltanova tələbələrə Siyasi sənədlər Arxivinin fondlarında mühafizə olunan, Ulu Öndər Heydər Əliyevin təhsil və iş fəaliyyətini işıqlandıran qiymətli sənədləri nümayiş etdirdi.
Sonra Arxiv fondunun mühafizəsi, uçotu və arxiv fondunun istifadəsi şöbəsinin baş mütəxəssis-arxivçisi Elmira Kərimli tələbələri Ümummilli Liderin Azərbaycana rəhbərliyinin birinci mərhələsində – 1969-1982-ci illərdə ölkədə aparılan sosial-iqtisadi islahatları və bu islahatlar nəticəsində əldə edilmiş böyük nailiyyətləri əks etdirən sənəd və fotoşəkillərin yer aldığı “Azərbaycanın quruculuq salnaməsi. Sənaye və kənd təsərrüfatı” və “Azərbaycanın quruculuq salnaməsi. Abadlıq və quruculuq işləri” adlı stendlərlə tanış etdi. “Azərbaycanın beynəlxalq əlaqələri (1969-1982)” adlı növbəti stendi tələbələrin diqqətinə çatdıran ARPİİ SSA-nın Elmi araşdırmalar və elmi kitabxana şöbəsinin aparıcı məsləhətçi-baş kitabxanaçısı Səbinə Zeynalova Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana səfər edən xarici dövlət başçıları, ictimai-siyasi və mədəniyyət xadimləri ilə keçirdiyi görüşlərdən ətraflı bəhs etdi. Daha sonra S.Zeynalova XXIV Beynəlxalq Astronavtika Konqresinə həsr olunmuş stend haqqında tələbələrə geniş məlumat verərək bildirdi ki, 1969-cu ilin iyulunda Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə təyin olunduqdan 4 il sonra, 1973-cü ilin oktyabrında Beynəlxalq Astronavtika Akademiyasının SSRİ-də ilk dəfə keçirilmiş növbəti konqresinə məhz Bakının ev sahibliyi etməsi Ulu Öndər Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi uğurlu və genişmiqyaslı layihələr nəticəsində ölkənin sosial-iqtisadi inkişafının, paytaxtın müxtəlif səviyyəli beynəlxalq tədbirlərə hazırlığının və ən başlıcası, Heydər Əliyevin beynəlxalq aləmdəki şəxsi nüfuzunun bariz göstəricisi idi. Gənc qonaqları XXIV Beynəlxalq Astronavtika Konqresi ilə bağlı Siyasi sənədlər Arxivində mühafizə edilən bir sıra sənədlər, konqresin dəvətnaməsi, səfər proqramı və nadir fotoşəkillərlə tanış edən Arxiv əməkdaşı bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunu müvəffəqiyyətlə davam etdirən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin gərgin səyi nəticəsində Azərbaycanın bütün sahələr üzrə sürətli inkişaf yolu keçərək qabaqcıl dövlətlər sırasına qoşulduğunu və beynəlxalq aləmdə, həmçinin mötəbər beynəlxalq qurumlarda yüksək nüfuz sahibi olduğunu vurğuladı. S.Zeynalova sonda qeyd etdi ki, bu gün də Azərbaycanın mühüm beynəlxalq tədbirləri yüksək səviyyədə keçirməyə qadir ölkə kimi tanınmasının nəticəsidir ki, Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasının 2019-cu il oktyabrın 25-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində təşkil olunmuş iclasında 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin 50 il sonra yenidən Bakı şəhərində keçirilməsi haqqında qərar qəbul edilmişdir.
Daha sonra tələbələrə “Yaddaşlara həkk olunmuş ömür yolu”, “Heydər Əliyev fenomeni”, “Heydər Əliyev və Arxivimiz”, “İmadəddin Nəsimi – 600” adlı stendlər, həmçinin Heydər Əliyevin şəxsi kitabxanasından Siyasi sənədlər Arxivinə hədiyyə olunmuş ədəbiyyat və Ulu Öndərin şəxsi imzasının yer aldığı kitab, eləcə də Arxivin Elmi kitabxanasının xüsusi fondunda mühafizə edilən nadir kitablar haqqında ətraflı məlumat verildi.
Sonda Arxivin qonaqlarına Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş sənədli film nümayiş etdirildi.