Siyasi sənədlər Arxivində “Azərbaycan SSR Böyük Vətən müharibəsi illərində” mövzusunda növbəti seminar keçirilib

   

28 fevral 2020-ci il tarixində Siyasi sənədlər Arxivində “Azərbaycan həqiqətləri yeni rakursdan” layihəsi çərçivəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən “Azərbaycan SSR Böyük Vətən müharibəsi illərində” mövzusunda seminar keçirilib.

Siyasi sənədlər Arxivinin direktoru Elmira Ələkbərova seminarı açıq elan edərək, Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqının mərd övladlarının döyüş cəbhələrində göstərdikləri şücaətlərdən bəhs etdi. Daha sonra Arxiv fondunun uçotu, mühafizəsi və arxiv fondunun istifadəsi şöbəsinin müdiri Lalə Ellazova “Böyük Vətən müharibəsi illərində Azərbaycan SSR ağır sənayesinin hərbi sursatların istehsalında rolu” adlı məruzə ilə çıxış etdi. L.Ellazova mövzu ilə bağlı 1 saylı fonda daxil olan siy.26, sax.vah. 259, 298 və 331, siy.27, sax.vah. 274 və 283, siy.29, sax.vah.148-də yer almış sənədlərdə əks olunmuş mühüm faktların bir neçəsini xüsusi olaraq vurğuladı:

AK(b)P MK-nın 1941-ci il 3 oktyabr tarixli qərarı ilə “Katyuşa” adı ilə tanınan M-13 minaatanı istehsal edilməyə başlanmışdır;

8 noyabr 1941-ci ilə qədər Bakıda yerləşən Yerli Sənaye Xalq Komissarlığının tabeliyində olan müəssisələrdə 35 min közərmə şüşəsi və 14 min patron istehsal edilmişdir; 

AK(b)P MK-nın Bürosu 1941-ci il 5 dekabr tarixli qərarla Bakıda yerləşən “Aznefkombinat”a yandırıcı qarışıqların, partlayıcıların kütləvi istehsalına keçirilməsini tapşırmışdır;

AK(b)P MK Azərbaycan SSR-in Xalq Komissarları Şurası ilə birgə 1942-ci il 9 yanvar tarixli 197/6 saylı qərarla yeni tipli təyyarələrin istehsalının təşkil olunmasını qəbul etmiş, Keşlə zavodunda istehsal olunan “Yak-3” qırıcı təyyarələri 1942-ci ilin yazından cəbhəyə göndərilmişdir; 

“Yak-3” qırıcı təyyarələri, pulemyotlar, minaatanlar, “Katyuşa”lar üçün raketlər, artilleriya mərmiləri, hava bombaları, “Şpagin” avtomat silahları, Yusif Məmmədəliyevin ixtirası olan “Molotov kokteyli” Bakı müəssisələrində istehsal olunmuşdur;

Müharibə illərində sualtı qayıqların yerini müəyyənləşdirən avadanlıq məhz Bakıda hazırlanmışdır;

Qısa bir zaman ərzində Azərbaycan SSR-də o dövrdə dünyada analoqu olmayan torpedo gəmiləri üçün unikal döyüş texnikaları istehsal olunmuşdur; 

1942-ci ildə Azərbaycan mühəndisləri dünyada analoqu olmayan metod tapmış, dəmiryolu nəqliyyatı kəsildiyindən və neftin quru yolla daşınması dayandığından, cəbhəni yanacaqla təmin etmək məqsədi ilə Bakıda 2500 ton su basımı olan nəhəng neft barjı inşa edilmiş və Həştərxana, Krasnovodska neft daşınmış və bu, sovet ordusunun döyüş qabiliyyətini yüksəltmişdir.

L.Ellazova bildirdi ki, Siyasi sənədlər Arxivində mühafizə olunan sənədlər Azərbaycan SSR-in Böyük Vətən müharibəsi illərində hərbi sursatlar istehsalının ağır yükünü daşıdığını göstərməklə bərabər, strateji yük daşımalarını təmin edən Bakının əvəzolunmazlığına, Bakı kimi SSRİ-də ikinci bir şəhərin tapılmasının qeyri-mümkünlüyünə da şahidlik edir. Bu reallığı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə göstərmiş və qeyd etmişdir ki, “Qələbənin əldə olunmasında mühüm rol oynayan Azərbaycanın sənaye müəssisələri müharibə illərində 130 növ silah və sursat istehsal etmişdir. Bütün bu tarixi faktlar bizə məlumdur. Gənc nəsil və bütün dünya bu barədə bilməlidir. Biz faşizm üzərində əldə olunan Qələbədə Azərbaycanın müstəsna rolundan danışacağıq, bu tarixi həqiqəti dünya ictimaiyyətinə çatdırmaqda davam edəcəyik”.

Çıxış tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Məruzə ilə bağlı fikir mübadiləsi aparılarkən, Arxivin direktoru Elmira Ələkbərova Ali Baş Komandan İlham Əliyevin Qələbənin əldə olunmasında Azərbaycan xalqının rolu haqqında söylədiklərini auditoriyaya bir daha xatırladaraq vurğuladı ki, bu həqiqətləri əks etdirən sənədlər məhz bizim Arxivin fondlarında mühafizə olunur. Bu məsələnin sovetlər dönəmində onilliklərlə tədqiqatçılar tərəfindən araşdırıldığını qeyd edən E.Ələkbərova Hitler Almaniyası üzərində qələbədə Azərbaycan xalqının tutduğu yerin tarixi həqiqətlər prizmasından öyrənilməsinin vacibliyini vurğuladı və Azərbaycan müstəqillik əldə etdikdən sonra bu problemin tədqiqatçı-alimlərimizin qarşısında duran prioritet vəzifələrdən biri olduğunu bildirdi.