Siyasi sənədlər Arxivində XX əsrin 20-30-cu illərində Azərbaycan SSR-də əlifba islahatı, savadsızlığa qarşı mübarizə və dövri mətbuat mövzularına həsr olunmuş seminar keçirilib

   

2018-ci il dekabrın 17-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində “Azərbaycan həqiqətləri yeni rakursdan” layihəsi çərçivəsində XX əsrin 20-30-cu illərində Azərbaycan SSR-də əlifba islahatı, savadsızlığa qarşı mübarizə və dövri mətbuat mövzularına həsr olunmuş seminar keçirilib.

Seminarı açıq elan edən Arxivin direktoru Elmira Ələkbərova dilimizin zənginliyindən, əlifbamızın bu günə qədərki tarixindən bəhs etdi və bildirdi ki, Azərbaycan dili Azərbaycan xalqının milli sərvətidir və bu sərvətin qayğısına qalmalı, dilimizi yad ünsürlərdən qorumalıyıq.

Seminarın davamında Arxiv fondunun mühafizəsi, uçotu və arxiv fondunun istifadəsi şöbəsinin müdiri Lalə Ellazova “XX əsrin 20-30-cu illərində Azərbaycan SSR-də əlifba islahatı (1922-1939-cu illər)” adlı məruzə ilə çıxış edərək bildirdi ki, XX əsrin 20-ci illərinin sonuna qədər Azərbaycan dilinin yazısı ərəb qrafikasına əsaslanmış, yalnız 1929-cu ildə latın qrafikalı əlifbaya keçilmişdir.

L.Ellazova arxiv sənədlərinə əsaslanaraq qeyd etdi ki, Azərbaycan SSR əhalisinin kütləvi savadsızlığını qısa müddətdə ləğv etmək və xalqın maarifləndirilməsi prosesini sürətləndirmək məqsədilə Azərbaycan əlifbasının islahatları üzrə Komissiya təşkil olunmuş, 1922-ci il 11 iyul tarixində Bakıda Səmədağa Ağamalıoğlunun sədrliyi ilə Yeni Türk Əlifbası Komitəsi yaradılmışdır. Məruzəçi bildirdi ki, 1923-cü il 20 oktyabr tarixində Azərbaycan SSR-də Xalq Komissarları Sovetinin və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin mətbuatda dərc edilən dekretində deyilirdi ki, hazırda işlədilən ərəb əlifbası ilə yanaşı, 1924-cü il 27 iyun tarixli Qərarla yeni türk əlifbası da rəsmi hökumət əlifbası hesab olunmalıdır.

L.Ellazova çıxışına davam edərək onu da qeyd etdi ki, 1926-cı il fevralın 26-dan martın 5-dək Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilən I Ümumittifaq Türkoloji Qurultayın qarşıya qoyduğu məqsəd Qafqaz və türk xalqlarının vahid latın qrafikalı əlifbaya keçidi ilə bağlı razılığın əldə edilməsi idi. Qurultaydan sonra Azərbaycan ədəbi dilinin orfoqrafiyası təsdiq edilir, ədəbiyyat və dərsliklər yeni əlifba ilə nəşr olunur. Bu məsələ ilə bağlı araşdırmalar aparan L.Ellazova göstərdi ki, ilk dəfə Bakıda Ümumittifaq səviyyədə türk-tatar dillərinin stenoqrafiyasının yaradılmasına həsr edilmiş konfrans keçirilir və 1932-cu il 11 may tarixində Azərbaycan Kommunist Partiyasının Bürosunun qərarı ilə Azərbaycan SSR-in yeni birləşmiş əlifbaya keçməsi bəyan edilir.

L.Ellazova təəssüf hissi ilə tariximizdə dərin iz salan kütləvi repressiyaları da yada saldı və qeyd etdi ki, 1920-ci illərin sonundan 1950-ci illərin əvvəlinə qədər Azərbaycan SSR-də həyata keçirilən Stalin repressiyaları Azərbaycan SSR əhalisinin bütün sosial təbəqələrinə toxunub. 1937-ci il 23 fevral-3 mart tarixində Moskvada keçirilmiş ÜK(b)P MK-nın qurultayında Stalin öz “Sosializm quruculuğu yolunda sinfi mübarizənin kəskinləşməsi” doktrinası üzərində dayanaraq, “Partiya işindəki çatışmazlıqlar və trotskiçilərlə ikiüzlülərin aradan qaldırılması barədə” məruzə ilə çıxış edir və beləliklə, kütləvi repressiyalara start verilir. Qurultayda Dövlət Plan Komitəsinin sədri Ə.Fərəczadə, M.Cuvarlinski, M.Hacıyev, M.Məmmədov, M.Mehdiyev, H.Hüseynov, L.Rəsulov, B.Pirverdiyev və MK üzvlüyünə namizədlər M.Naibov və K.Bağırbəyov kimi şəxslər Mərkəzi Komitənin sıralarından çıxarılırlar. Məruzəçi əlavə olaraq onu da bildirdi ki, repressiyaya məruz qalanlar arasında Hüseyn Cavid, Mikayıl Müşfiq, Qambay Vəzirov, Ruhulla Axundov, Yusif Vəzir Çəmənzəminli kimi Azərbaycanın görkəmli elm, mədəniyyət və ictimai xadimləri də var idi və nəticə etibarilə repressiyalar Azərbaycanın intellektual potensialına sarsıdıcı zərbə vurmuşdu.

Məruzəsinin sonunda L.Ellazova XX əsrin 30-cu illərində ölkədə baş vermiş sosial-siyasi proseslərin yeni əlifbaya keçid üçün zəmin yaratdığını vurğulayaraq bildirdi ki, 1939-cu il 11 iyul tarixində qəbul edilmiş “Azərbaycan əlifbasının latın əlifbasından kiril əlifbasına keçməsi” haqqında Azərbaycan SSR-in Qanununa uyğun olaraq 1940-cı il yanvarın 1-dən latın əlifbasından kiril əlifbasına keçirilmişdir.

İkinci məruzəçi, Arxiv fondunun mühafizəsi, uçotu və arxiv fondunun istifadəsi şöbəsinin əməkdaşı Mətanət Zeynalova arxiv sənədləri əsasında XX əsrin 20-30-cu illərində Azərbaycan SSR-də dövlət proqramı çərçivəsində savadsızlığın aradan qaldırılması ilə bağlı əldə olunan nailiyyətlərdən, təhsilin inkişafına verilən önəmdən, o cümlədən əlifba islahatından, Bakıda keçirilən Ümumittifaq Türkoloji Qurultaydan bəhs etdi.

Məruzəçi apardığı araşdırmalara əsasən, 1925-ci il mayın 25-də Bakıda keçirilən Azərbaycan müəllimlərinin Qurultayı və bu qurultayda müzakirə olunan Azərbaycan dilinin tədrisinin icbari olması və təhsilin rus-tatar məktəblərində Azərbaycan dilində aparılması, yeni proqramların tərtib edilməsi, müəllimlər seminariyasının yaradılması və müəllimlərin həyat şəraitinin yaxşılaşdırılması kimi məsələlər haqqında da geniş məlumat verdi.

  1. Zeynalova müasir dövrümüzdə dil siyasətini uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyevin təhsilin, maarifin inkişafına xüsusi qayğısını, doğma dilimizə, qədim mədəniyyətimizə, milli adət-ənənələrimizə böyük həssaslıqla yanaşmasını xususilə vurğulayaraq çıxışına yekun vurdu.

Şöbənin daha bir əməkdaşı Lamiyə Həsənova “XX əsrin 20-30-cu illərində Azərbaycan SSR-də dövri mətbuat” adlı məruzə ilə çıxış edərək milli mətbuatın xalqın mədəni tarixinin ictimai-siyasi və ədəbi düşüncəsindəki rolundan danışdı. L.Həsənova arxiv sənədlərinə istinad edərək sovet rəsmi bolşevik dövri mətbuatının ən önəmli nümunələrindən olan AK(b)P-nin mətbuat orqanı olan “Kommunist” qəzetinin ilk rəsmi dövlət qəzeti və bütün sovet dövrü ərzində Azərbaycan SSR-in ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olduğunu vurğuladı. AK(b)P-nin digər mətbu orqanı “Vışka” qəzeti ilk növbədə neft sənayesi işçilərinin işini və həyatını, neft istehsal müəssisələrinin fəaliyyətini əhatə edirdi. Məruzəçi onu da qeyd etdi ki, 1906-cı ilin may ayından etibarən çap olunan “Bakinskiy raboçiy” qəzeti Azərbaycan SSR-də rusdilli ictimai-siyasi qəzet olaraq geniş oxucu auditoriyasının ixtiyarına verilmiş və hal-hazırda da fəaliyyətini davam etdirir.

L.Həsənova məruzəsində Azərbaycanda tarixi ənənələrə malik olan multikulturalizm və tolerantlıq məsələlərinə də toxundu.

Çıxışların sonunda bəhs olunan məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıldı. Sonda Arxivin direktoru Elmira Ələkbərova hadisələri müasir dövrlə əlaqələndirdi, Azərbaycanın bugünkü uğurlarını diqqət mərkəzinə çəkdi və fikrini Ulu Öndər Heydər Əliyevin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ilə bitirdi.