2019-cu il martın 14-də Siyasi sənədlər Arxivində “Azərbaycan həqiqətləri yeni rakursdan” layihəsi çərçivəsində “Azərbaycan SSR Böyük Vətən müharibəsi illərində” mövzusunda seminar keçirilib.
Seminarı açıq elan edən Arxivin direktoru Elmira Ələkbərova Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqının ön və arxa cəbhələrdə göstərdiyi igidlik və rəşadətindən danışaraq, 1941-1945-ci illərdə azərbaycanlı Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş igid oğullardan, arxa cəbhədə dincəlmədən “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarını əsas tutaraq, cəsur əsgərlərimizə yardım məqsədilə əllərindən gələni əsirgəməyən fədakar insanlardan, hərbi hospitallardakı yaralı döyüşçülərə göstərilən qayğıdan bəhs etdi.
Seminarda Arxiv fondunun mühafizəsi, uçotu və arxiv fondunun istifadəsi şöbəsinin əməkdaşı Nərgiz Əsədullayeva Siyasi sənədlər Arxivinin 1 saylı fondunda mühafizə olunan sənədlərə istinadən “İkinci dünya müharibəsi dövründə azərbaycanlı Sovet İttifaqı qəhrəmanları” adlı məruzə ilə çıxış etdi. Vətənin azadlığı və istiqlaliyyəti uğrunda rəşadətlə döyüşən xalqımızın qəhrəman oğulları haqqında məlumat verən məruzəçi auditoriyanın diqqətini iki dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş Həzi Aslanovun döyüşlərdə göstərdiyi şücaətə yönəldərək, onun hərbi təşkilatçılıq qabiliyyətindən bəhs etdi və cəsur tankçının 9 orden və 4 medalla təltif olunması haqqında məlumat verdi.
N.Əsədullayeva xalqımızın sovet ordusu sıralarında döyüşən qəhrəman oğulları – İsrafil Məmmədov və Mehdi Hüseynzadənin keçdikləri döyüş yolundan bəhs edərək, göstərdikləri igidlik və cəsarətləri ilə faşistləri sarsıtmış bu qəhrəmanlar haqqında silahdaşlarının xatirələri, foto-şəkil və bir çox maraqlı faktları da seminar iştirakçılarının diqqətinə çatdırdı.
Siyasi sənədlər Arxivinin 1 saylı fondunda – siy.26, sax.vah.339, siy.29, sax.vah.672, siy.30, sax.vah.167 və 299, siy.43, sax.vah.402 və bir çox digər saxlama vahidlərində yer almış sənədlərin Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar haqqında qiymətli məlumatları ehtiva etdiyini bildirən məruzəçi həmin materialların mövzu ilə maraqlanan tədqiqatçılar üçün dəyərli mənbə olduğunu vurğuladı.
“Böyük Vətən müharibəsi illərində Azərbaycan mədəniyyəti” adlı məruzə ilə çıxış edən Arxiv fondunun mühafizəsi, uçotu və arxiv fondunun istifadəsi şöbəsinin əməkdaşı Sevda Həsənova Böyük Vətən müharibəsinin başladığı dövrdən etibarən Azərbaycan mədəniyyət və incəsənət nümayəndələrinin Qafqaz cəbhəsində döyüşən əsgər və zabitlərin qarşısında çıxışlarından söz açdı. Məruzəçi f.1, siy.27, sax.vah.177, f.1, siy.29, sax.vah.228 və bir sıra digər saxlama vahidlərində yer almış sənədlərdə müharibə dövründə cəbhədə vuruşan döyüşçulər arasında antifaşist təbliğatı gücləndirmək məqsədilə Azərbaycan milli diviziyalarının hər birinə 5.000 nüsxə kitab olan 5 kitabxana verilməsi, İran ərazisində yerləşmiş sovet döyüşçüləri qarşısında çıxış etmələri və s. bu kimi maraqlı faktların olduğunu bildirdi və qeyd etdi ki, Azərbaycanın Ü.Hacıbəyov, Mir Cəlal, S.Vurğun, M.Topçubaşov, S.Rüstəm və başqa tanınmış şair, yazıçı və bəstəkarları xalqımızı bu ölüm-dirim müharibəsində mübarizəyə səsləmiş və sovet döyüşçülərini rəşadətə, qəhrəmanlığa çağıran əsərlər qələmə almışlar. S.Həsənova həmçinin arxiv sənədlərinə əsaslanaraq müharibənin ən ağır dövründə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinin o zamankı Kirovabad və Leninqrad şəhərlərində təntənəli şəkildə keçirilməsi haqqında da geniş məlumat verdi.
Məruzələr seminar iştirakçıları tərəfindən maraqla qarşılandı və mövzularla bağlı fikir mübadiləsi aparıldı.