Siyasi sənədlər Arxivində “XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik məsələləri” mövzusunda seminar keçirilib

   

2019-cu il dekabrın 13-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində 1881-1919-cu illərdə nəşr olunan rusdilli “Kaspi” qəzetinin materialları əsasında hazırlanmış “XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik məsələləri” mövzusunda seminar keçirilib.

Arxivin direktoru Elmira Ələkbərova seminarı açıq elan edərək bildirdi ki, Siyasi sənədlər Arxivində mühafizə olunan dövri mətbuat nümunələrinin araşdırılması, istər XX əsrin əvvəllərində, istərsə də sonrakı dövrdə baş verən sosial-siyasi proseslərə dair maraqlı məlumatların əldə olunmasına kömək edir. E.Ələkbərova Arxivin elmi kitabxanasında mühafizə olunan “Kaspi” qəzetinin saylarının müasir standartlara uyğun texnologiyalara əsasən yüksək səviyyədə bərpa edilib, qorunub saxlanmasının vacibliyini vurğuladı və qeyd etdi ki, görülən işlər gələcək nəsillərin mənbələr əsasında tarixi keçmişimizin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.

Daha sonra söz məruzəsini təqdim etmək üçün Elmi araşdırmalar və elmi kitabxana şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Lalə Hacıyevaya verildi.

L.Hacıyeva çıxışında bildirdi ki, 1881-1919-cu illərdə Bakıda nəşr olunan rusdilli “Kaspi” qəzeti müsəlman “Kaspi”si kimi də adlandırılmışdır. Məruzəçi mətbəə və kitabxana mövzularına toxunaraq qeyd etdi ki, o dövrdə Azərbaycan xeyriyyəçiləri ölkədə maarifin inkişafına maddi və mənəvi dəstək vermiş və bu həqiqətlər “Kaspi” qəzetində nəşr olunmuş məqalələrdə öz əksini tapmışdır. Bu məsələyə toxunan L.Hacıyeva seminar iştirakçılarının diqqətinə çatdırdı ki, bu mətbuat orqanının 1893-cü il 255 saylı nəşrində dərc olunan məqalə H.Z.Tağıyevin maarif məsələlərinə xüsusi diqqət yetirdiyini, böyük xeyriyyəçinin o dövrdə Bakıda yaranan yeni kitabxanaya etdiyi yardımı geniş işıqlandırmışdır. Məruzəçi eyni zamanda göstərilən dövrdə maarif problemi ilə bağlı materialların yalnız “Kaspi” qəzetində deyil, “Весь Кавказ” məcmuəsində, “Ziyayi-Qafqaziyyə” və “Şərqi-Rus” qəzetlərində də nəşr edildiyini vurğulayaraq bildirdi ki, F.Köçərlinin 1903-cü ildə Tiflisdə “Весь Кавказ” məcmuəsində nəşr olunmuş “Литература адербейджанских татар” adlı məqaləsində ölkədə təhsilin vəziyyəti diqqətə çatdırılmış və ilk Azərbaycan məktəbinin XVIII əsrin sonlarında Molla Pənah Vaqif tərəfindən Qarabağda açıldığı göstərilmişdir.

Növbəti məruzədən öncə Arxivin elmi katibi, tarix elmləri doktoru Həcər Verdiyeva Elmi araşdırmalar və elmi kitabxana şöbəsinin əməkdaşı Ülkər Həmidovanın hazırladığı “Azərbaycan mühacirət ədəbiyyatının ilk nümunəsi – “Yeni Qafqasya” məcmuəsi” adlı məruzənin özünəməxsusluğunu seminar iştirakçılarının diqqətinə çatdırdı və bildirdi ki, məruzəçi mövzunu öyrənərkən əski əlifbada nəşr olunmuş mətbu orqanlar ilə işləmişdir. H.Verdiyeva onu da diqqətə çatdırdı ki, əski əlifba ilə yazılmış mənbələr əsasında hazırlanmış məruzə bu layihə çərçivəsində ikinci araşdırmadır. Bu istiqamətdə aparılan ilk tədqiqat işi 2018-ci ilin oktyabrında həmin şöbənin digər əməkdaşı Sevinc Quluyevanın seminara təqdim etdiyi “Azərbaycanın ilk qadın jurnalisti Şəfiqə Əfəndizadə” adlı məruzə olmuşdur.

 Ülkər Həmidova çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra müxtəlif ölkələrdə sığınacaq tapmış Azərbaycan ziyalıları və ictimai-siyasi xadimlərinin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün səylər göstərdiyini, təşkilatlar yaratdığını, lakin bu təşəbbüslərin gözlənilən nəticə vermədiyini bildirdi. Məruzəçi M.Ə.Rəsulzadənin Azərbaycan SSR-də baş verən sosial-siyasi proseslərin reallığını göstərmək məqsədi ilə 1923-cü ildə Türkiyədə “Yeni Qafqasya” adlı məcmuəni təsis etdiyini, onun ilk sayının 1923-cü il 26 sentyabrda işıq üzü gördüyünü auditoriyanın diqqətinə çatdırdı. Jurnalın ilk sayında nəşr olunan məqalələr haqqında məlumat verən məruzəçi daha sonra həmin sayda M.Ə.Rəsulzadənin imzasız nəşr olunmuş “Atəş çalan Promete” məqaləsini geniş təhlil etdi.

Hər iki məruzə seminar iştirakçıları tərəfindən maraqla dinlənildi və mövzularla bağlı fikir mübadiləsi aparıldı. Sonda məruzəçilər seminar iştirakçılarını maraqlandıran bir sıra sualları cavablandırdılar.