28 MAY — MÜSTƏQİLLİK TARIXİMİZİN ŞANLI SƏHİFƏSİ

2022-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 104 ili tamam olur. 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsini elan edən Azərbaycan Milli Şurası demokratiyanın çağırışlarını müsəlman Şərqinə gətirdi. Bu sənəd ölkə ərazisində yaşayan xalqlara bəyan edirdi: “Dinindən və milliyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları, bir vətənin övladları, ümumi vətənimizin daxilində həyatımızı daha yaxşı qurmaq, birlikdə öz xoşbəxtliyimizi, öz gələcəyimizi zəhmətimizlə qurmaq üçün bir-birinə əl uzatmalıdır”. Şərqdə ilk dünyəvi, demokratik dövlət quruluşunu yaradan, ölkənin ərazi bütövlüyü uğrunda mübarizə aparan, tarixi torpaqlarımızı qoruyan, parlamentli respublikanın əsasını qoyan Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlər sisteminin aktoru oldu və Avropanın böyük dövlətləri tərəfindən tanındı. Özünün 23 aylıq fəaliyyəti dövründə, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində mühüm işlər gördü, müstəqillik tariximizin şanlı səhifəsini yazdı.

2022-cu il mayın 27-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində (ARPİİ İSSA) XX əsr Azərbaycan tarixinin parlaq səhifəsini yazmış Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104 illiyinə həsr olunmuş “28 May — müstəqillik tariximizin şanlı səhifəsi” mövzusunda açılmış kitab sərgisində ARPİİ İSSA-nın Elmi kitabxanasında mühafizə olunan nəşrlər nümayiş olunmuşdur. Sərgiyə ayrı-ayrı müəlliflərin əsərləri ilə yanaşı mövzuya aid nəşr olunmuş sənədlər topluları da daxil edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Parlament tarixini, Ordu quruculuğu, təhsil siyasətini, AXC diplomatiyasının uğurlarını göstərən sənədlər toplusu — “Azərbaycan Cümhuriyyəti Osmanlı basınında 1918-1920”, “Азербайджанская Демократическая Республика (1918-1920) Армия”, “Азербайджанская Демократическая Республика (1918-1920) Парламент”, “Азербайджанская Демократическая Республика (Архивные документы Великобритании)” sərgi ilə tanış olan Sənədlər Arxivinin əməkdaşlarında maraq doğurmuşdur. AXC tarixinin ayrı-ayrı məsələlərini araşdıran tədqiqatçıların əsərləri də “28 May — müstəqillik tariximizin şanlı səhifəsi” adlı sərgiyə daxil edilmişdir. Bu nəşrlər sırasında R.Rüstəmov, Ş.Rəhman-zadə, E.Məmmədov, İ. Əliyevanın “Тифлисский период Государственной деятельности лидеров Азербайджанская Демократической Республики”, Nəsiman Yaqublunun “Cümhuriyyət Qurucuları 100 il”, Ədalət Tahirzadə, Oğuztoğrul Tahirlinin “Azərbaycan Cümhuriyyəti tələbələri” adlı kitablar Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin müxtəlif istiqamətlərini işıqlandırmışlar. Sərginin təqdimatından sonra Sənədlər Arxivinin əməkdaşları nümayiş olunan nəşrlər ətrafında fikir mübadiləsi aparmışlar.