TARİXİ
A+   A-

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi 1991-ci ilədək, yəni SSRİ dağılanadək partiya arxivi adlandırılan indiki Siyasi Sənədlər Arxivi partiya strukturunda fəaliyyət göstərirdi. Həmin ildən etibarən arxiv Azərbaycan Respublikası Nazirlər Kabineti yanında baş Arxiv İdarəsinin tabeliyinə verilmiş və bu tabeçilik 2007-ci ilin iyun ayınadək davam etmişdir. İyun 2007-ci ildən arxiv Respublika Prezidentinin İşlər İdarəsinin tabeliyində fəaliyyət göstərir.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920–ci ilin dekabrın 6–da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı Dekretlə Azərbaycanda vahid Dövlət arxiv fondu və Mərkəzi dövlət arxivinin yaranması başlanmışdır. 1921–ci il avqustun 29-da  Azərbaycan tarixinə aid sənədlərin toplanması üçün komissiyanın – Azistpartın-  Mərkəzi Dövlət arxivi bazasında yaranması qərara alındı. 1921–ci ilin dekabrın 26–da məsələ AK(b)P  MK-nın bürosunda müzakirəedilərək Azistpartın kolleqiyasının -  tərkibi təsdiq edildi. Bununla əlaqədar MK–nın məlumatında bildirilirdi ki, yeni yaranmış arxivin məqsədi partiyanın, fəhləhərəkatının, Azərbaycanda inqilab və əksinqilabın, Yaxın Şərqdə azadlıq hərəkatının tarixinə dair sənədlərin toplanması, işlənməsi və saxlanılmasıdır. AK(b)P MK bütün üzvlərinə köhnə qəzet, kitab və broşüralar, tarixi sənədlər, vərəqələr, iclasların protokolları, hesabatlar, xatirələr və memuarlar, yaxın və uzaq tarixi işıqlandıran bütün materialları toplayıb Azistparta təhvil vermələri haqqında müraciət etmişdi. Qocaman partiya üzvlərindən inqilabi fəaliyyətləri haqqında xatirələr vəhəlak olmuş inqilab xadimləri haqqında bioqrafik məlumatlar yazıb arxivə təqdim etmək xahiş olunurdu. Sənədlərin komplektasiyası haqqında Azistpartın xüsusi təlimatları işlənilib hazırlanmışdı. Qısa müddət ərzində Mərkəzi Arxivdə toplanmış sənədlər sistemləşdirilərək burada siyasi şöbə yaradılmışdı. Mərkəzi arxiv sənədlərin toplanması ilə, Azistpart isə bu sənədlərin elmi istifadəsi ilə məşğul olurdu. Bununla bərabər, Azistpart yeni yaradılmış İnqilab muzeyinin və qocaman bolşeviklər cəmiyyətinin işlərini də istiqamətləndirirdi. Sənədlərin toplanmasını təşkil etmək üçün Azistpart Bakının neft mədənlərində, fabrik və zavodlarda, iri idarəvə müəssisələrdə «köməkçi» özəklər yaratmışdı. Azərbaycanın qəzalarında bu məqsədlə müvəkkil olunmuş şəxslərdən ibarət şəbəkələr fəaliyyət göstərirdi. Bütün bu işlərin sayəsində az vaxt ərzində Azistpart çox qiymətli sənədlər əldə edə bilmişdi: Bakı quberniyasının və Qafqaz canişinliyinin ayrı–ayrı şöbələrinin və idarələrinin hesabatlarını, məxfi məlumatlarını, siyasi partiyalarının və ictimai hərakatlarının təşəkkülünə və tarixinə aid sənədlərini, onların proqramlarını, neft sənayesi sahiblərinin Bakıda keçirilən qurultaylarının sənədlərini, Xəzər, Azov və Qara dəniz arasında çəkilən neft kəmərinin çəkilişi haqqında sənədlərini, Bakı partiya komitəsinin sənədlərini, vərəqə və bəyannamələrini (proklamasiyalarını), partiya qurultaylarının, plenumlarının və müşavirələrinin fotoşəkillərini, müxtəlif partiya xadimlərinin fotoşəkillərini və s. sənədləri toplanmışdılar. Bunların arasında 1898–1907–ci illəri əhatə edən sosial-demokrat hərəkatına aid sənədlər, 1905–1907–ci illər inqilabına aid sənədlər, İranda demokratik və kommunist hərəkatına, «Ədalət» partiyasına, «Hümmət» təşkilatına,  Bakıda keçirilmiş Şərq xalqlarının Iqurultayına dair sənədlər də var idi. Bundan başqa Nobel qardaşlarının Bakıdakı fəaliyyətini əks etdirən fond yaradılmışdı. İranın, Türkiyənin, İnqiltərənin, Fransanın, Almaniyanın və Əfqanıstanın siyasi vəziyyəti haqqında bir çox sənədlər toplanmışdı. Görkəmli siyasi və dövlət xadimləri  N.Nərimanov, M.Ə.Rəsulzadə, R.Axundov, S.Ağamalıoğlu və başqalarının həyat və fəaliyyətinə aid sənədlərə böyük yer verilmişdi. Bu sənədlər əsasında sonralar İnstitutda adları sadalanan şəxslər haqqında əsərlər də hazırlanmışdı. Bakıda Azərbaycan Dövlət Bankının açılması haqqında və digər qiymətli sənədlər əldə edilmişdi. Toplanmış materiallar arasında Azərbaycan Xalq Cümhuriyyətinə aid olan sənədlər xüsusi əhəmiyyət  kəsb edir. Bunların arasında Azərbaycan diplomatiyasını səciyyələndirən Xarici İşlər Nazirliyinin Türkiyə, ABŞ, Rusiya, İtaliya, İnqiltərə, Almaniya və başqa ölkələrlə bağladığı müqavilələr, diplomatik münasibətlərə aid olan məktublar, notalar və məlumatlar xüsusi yer tutur. Azistpart elmi araşdırmalarla da məşğul olurdu. Onun ilk dövrdə hazırlayıb nəşr etdirdiyi ədəbiyyat əsasən memuar xarakterli idi. Sonrakı fəaliyyətində Azistpart, tədricən məcmuə və xatirələr əvəzinə diqqətini elmi–tədqiqat işləri üzərində cəmləşdirməyə başladı. Bu tədqiqatlar əsasən siyasi tarixə, eləcədə digər aktual problemlərə həsr olunurdu. Bunların arasında «Bakıda inqilab və vətəndaş müharibəsi» ( Ratqauzer Y.), «İnqilis müdaxiləsi və müsavat «vətənpərvərləri» ( Rayevski A.) elmi əsərlər də var idi. Bu əsərlərdə o dövrdəki sovet ideoloqiyası baxımından yazılmasına baxmayaraq bir çox dəyərli və öz aktuallığını bu günə kimi saxlayan maraqlı məlumatlar vardır. Azistpart səkkiz illik fəaliyyəti dövründə (1921–1928–ci illər) 23 elmi iş hazırlayıb nəşr etdirmişdir.

1928-ci ildə Azistpartın adı dəyişdirilərək Azərbaycan Kommunist Partiyasının sinfi mübarizəsinin öyrənilməsi İnstitutu adlandırıldı. Bir ildən sonra, yəni 1929–cu ildə elmi–tədqiqat müəssisənin adı yenidən dəyişərək AKP MK yanında Marksizm – Leninizm İnstitutunun Azərbaycan filialı adlandırılmağa başlandı. Partiya arxivi İnstitutun tərkib hissəsi kimi fəaliyyət göstərirdi. Bundan sonra, bu elmi–tədqiqat İnstitutunun adında bir neçə dəfə dəyişikliklər baş vermişdir. Belə ki, 1939–cu ildən Engelsin adı da İnstitutun adına əlavə olunub ( Marks – Engels – Lenin İnstitutu), 1954–1956–cı illərdə bu ada Stalin sözü də əlavə edilmişdi.

1956–cı ildən Partiya Tarixi İnstitutu – Sov.İKP  MK yanında Marksizm – Leninizm İnstitutunun Azərbaycan filialı adlandırıldı, Partiya arxivi isə bu İnstitutun tərkib hissəsi idi. Bu dövr İnstitut və Partiya arxivi üçün çox əhəmiyyətli illər olmuşdur. Stalinin ölümündən sonra bütün ölkədə olduğu kimi Azərbaycanda da abu–hava dəyişdi, şəxsiyyətə pərəstiş və onun nəticələri aradan qaldırıldı, siyasi mülayimləşmə, ictimai–siyasi həyatda demokratikləşmə, şəxsiyyətə pərəstiş qurbanlarının bəraət qazanması prosesləri getdi. Bütün bunlar Partiya arxivinin və İnstitutun işinə müsbət təsir göstərirdi. İllərdən bəri xüsusi fondlarda saxlanılan məxfi sənədlərin bir hissəsi  açılıb, tarixçi – tədqiqatçıların sərəncamına verildi. Tarixin bir çox problemlərinə yeni baxışla yanaşma meylləri yarandı. Nəticədə bir çox yeni fundamental elmi əsərlər, arxivdə yeni kolleksiyalar yarandı. 1956–cı ildə Gürcüstanın partiya arxivindən Azərbaycan arxivinə N. Nərimanova aid 56 iş gətirildi, ona həsr olunan ilk kolleksiya yarandı. Hal–hazırda kolleksiyada 200-dən çox arxiv işi saxlanılır.

1946–cı ildən İnstitut və Partiya arxivi öz elmi əsərlərini elmi məcmuə şəklində nəşr etdirməyə başladı. Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun əsərlərinin həmən ildə üç cildi hazırlandı. 1947-ci ildə – 4, 5, 6, 7, 8–ci cildlər, 1948–ci ildə – 9, 10, 11,12–ci cildlər, 1949-cu ildə daha dörd cild nəşr olundu. Sonralar «Əsərlərin» ildə bir cildi nəşr olunurdu. Cəmi 31 cild nəşr olunub, axırıncı cild 1983–cü ildə çapdan çıxıb. «Əsərlər»də Azərbaycanın siyasi tarixinə aid qiymətli məqalələr çap olunurdu.960–cı illərdə İnstitutun və Partiya arxivinin işində bir çox çətinliklər yaranmışdı. Çox qiymətli və nadir sənədlər rütubətli zirzəmilərdə çox pis şəraitdə saxlanılırdı. Bir çox sənədlər məhv olub gedirdi. İnstitutun rəhbərliyi həyacan siqnalı vurur, çoxlu müraciətlər edirdi. Lakin respublika rəhbərliyində buna mahal qoyulmurdu.

1969–cu il iyulun 14–də Azərbaycan Partiya təşkilatına yeni rəhbər - Heydər Əliyev gəldi. Məhz bu illərdən Respublikada quruculuq, dinamik inkişaf vəyüksəliş dövrü başlandı. 1969–1982–ci illər bütün Azərbaycanda olduğu kimi, Partiya Tarixi İnstitutu üçün də çox uğurlu illər oldu. Hakimiyyətə gəlişindən cəmi iki həftə sonra, yəni iyulun 29–da H.Əliyevin şəxsi qayğı və təşəbbüsü ilə MK Katibliyinin iclasında Partiya Tarixi İnstitutu və Partiya arxivi üçün yeni binanın layihəsinin hazırlanması haqqında məsələ müzakirə edildi, bu haqda xüsusi Qərar qəbul olundu. Respublikanın Dövlət Tikinti İdarəsinə  tapşırıldı ki, 1 dekabr 1969–cu ilə kimi yeni İnstitut binasının layihə və işçi çertyojlarını işləyib hazırlasın. Beləliklə, indiki Siyasi Sənədlər Arxivi yerləşdiyi bu binanın təməli, sözün əsl mənasında H.Əliyev tərəfindən qoyuldu. İki ildən sonra 23 iyul 1971–ci ildə H.Əliyevin iştirakı ilə Partiya Arxivinin vəziyyəti və sənədlərin saxlanılması haqqında məsələ MK–nın bürosunda yenidən müzakirəyə çıxardıldı və təxirəsalınmaz tədbirlərin görülməsi haqqında xüsusi Qərar qəbul olundu. 1977–ci ilin mart ayının 11–də təkrarən MK–nın bürosunda Partiya arxivinin işinin yaxşılaşdırılması haqqında Partiya Arxivinə öz diqqətini heç vaxt əsirgəməyən Heydər Əliyev tədbirlər məsələsini müzakirəyə çıxartdı. O vaxtlar MK–nin elm və tədris müəssisələri şöbəsində çalışan və hal–hazırda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev arxivin işi haqqında məruzə etdi. Arxivin işinin yaxşılaşdırılması, İnstitutun yüksək ixtisaslı kadrlarla gücləndirilməsi və başqa tədbirlər Qərarda əks olunmuşdu. Elə həmin il İnstitut və onun arxivi üçün tikilən binada işlər başa çatdırıldı və həmin vaxtdan etibarən Arxiv sənədləri yeni, müasir, geniş və münasib otaqlarda təmiz və lazımi şəraitdə saxlanılmağa başlanıldı.

İnstitut respublikanın ictimai siyasi həyatında böyük fəallıqla çalışır, görkəmli xadimlərin yubileylərini təşkil edirdi. Belə tədbirlərdən biri də 1982–ci ildəkeçirildi. Həmin ilin yanvar ayında görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin 85–illik yubileyinə həsr olunmuş elmi sessiya keçirildi. Sessiyada Əziz Əliyevin ailəüzvləri: qızı - akademik Zərifə Əliyeva və onun digər evladları, nəvəsi, hal–hazırda Azərbaycan Respublikasının Prezidenti olan cənab İlham Əliyev iştirak etdilər. 1982–ci ildə Partiya Tarixi İnstitutunun və Partiya Arxivinin 60–illiyi respublikada geniş qeyd olundu. Müvəffəqiyyətli işinə, elmi və təbliğatçılıq fəaliyyətindəki nailiyyətlərinə görə İnstitut Qırmızı Əmək Bayrağı Ordeni ilə təltif edildi. Bu yüksək mükafatı kollektivə respublikanın rəhbəri Heydər Əliyev özü şəxsən təqdim etdi.

H. Əliyev İnstituta gələrək, əməkdaşlarla ətraflı söhbət etdi, nəşr olunmuş əsərlərlə tanış oldu. 1982–ci il oktyabrın 26–da təntənəli yubiley iclasında Heydər Əliyev öz nitqində respublikada siyasi tarix elminin təşəkkülü və inkişafında, azərbaycanlıların mübarizə tarixinin və digər aktual problemlərin elmi cəhətdən işlənib hazırlanmasında İnstitutun böyük rolunu xüsusi qeyd etdi. H.Əliyev çıxışında dedi: «Biz Partiya arxivlərini toplayan və mühafizə edən, Partiya tarixi elminin təməlini qoyan, onu qurub – yaradan, Azərbaycan xalqının səadəti uğrunda mübarizəsinin misilsiz sənədlərini sətir – sətir toplayıb nəsillər üçün saxlayan fədakar alimlərə, sadə təvazökar əməkçilərə böyük ehtiramımızı, səmimi minnətdarlığımızı ifadə edirik». («Kommunist» qəz., 28 oktyabr 1982–ci il ).

SSRİ-nin dağılması ərəfəsində  1991–ci ilin oktyabrında Partiya tarixi İnstitutu ləğv edildi, onun Partiya arxivi və kitabxanası Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin tabeliyinə verildi və bu tabeçilik 21 iyun 2007-ci ilədək davam etdi. 2007–ci il 21 iyun tarixli Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə  SPİHDA  Milli Arxiv idarəsinin tabeliyindən çıxarılıb Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verildi.

Həmin vaxtdan etibarən arxivin əsaslı təmirinə başlanıldı, arxivin maddi-texniki bazası kökündən dəyişdirildi, arxivdə ilk dəfə olaraq Elmi araşdırmalar şöbəsi, sənədlərin bərpası və cildlənməsi məqsədilə xüsusi şöbə yaradıldı. Kitabxanada elektron və avtomatlaşdırma sisteminə başlanıldı, 2 oxu zalı, yeməkxana, akt zalı vəs. istifadəyə verildi, server otağı yarandı, internet şəbəkəsinə daxil olmaq imkanı əldə edildi. Arxiv işçiləri keyfiyətli mebel, qiymətli avadanlıqlar, lazımi inventarla təmin edildilər.

2009-cu ilin iyulunda Prezidentimiz cənab İlham Əliyevin yeni qayğısı və diqqəti nəticəsində, arxiv işçilərinin təklifi və xahişi əsasında arxivin adı dəyişdirilərək «Siyasi Sənədlər Arxivi» adlandırılmağa başlandı.

Bütün bu qayğı və diqqət isə arxiv işçilərinin məsuliyyət hisslərini bir daha artırır, onları daha yaxşı işləməyə sövq edir.

ARXİVİN TARİXİ