1918-ci il mayın 28-də Şərqdə ilk dünyəvi, demokratik dövlət yaratmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) XX əsr Azərbaycan tarixində silinməz iz qoymuş, Azərbaycanın “İstiqlal Bəyannaməsi”ni qəbul edərək, ölkə ərazisində yaşayan bütün xalqlara dilindən, dinindən, cinsindən, yaşından asılı olmayaraq hüquq bərabərliyi vermiş, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi istiqamətində gərgin iş aparmış, vətənimizin gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan Xalq Cümhuriyyəti keşməkeşli, ziddiyyətli, mürəkkəb ictimai-siyasi şəraitdə ölkənin ərazi bütövlüyü uğrunda davamlı mübarizə aparmış, erməni məkrini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə cəmiyyətin bir çox sahələrində demokratik dəyişikliklər aparmış, müstəqillik tariximizin şanlı səhifəsini yazmışdır. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır.