İCTİMAİ-SİYASİ SƏNƏDLƏR ARXİVİNDƏ “YADDAŞLARA HƏKK OLUNMUŞ ÖMÜR YOLU” ADLI TƏDBİR KEÇİRİLİB

Mayın 6-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Yaddaşlara həkk olunmuş ömür yolu” adlı tədbir keçirilmişdir.

Tədbirdə respublikanın ictimai-siyasi həyatında fəal rol oynayan tanınmış şəxslər, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin əməkdaşları, elm və ictimaiyyətin nümayəndələri, xarici qonaqlar: Çex Respublikasının Bakıdakı səfirliyinin missiya rəhbərinin müavini Daniel Putik, Macarıstanın Bakıdakı səfirliyinin ikinci katibi, mədəniyyət və təhsil məsələləri üzrə diplomat Mihai Gruber, Gürcüstan Milli Parlament Kitabxanasının departament rəhbəri Levan Taktakişvili, KİV təmsilçiləri və Arxivin əməkdaşları iştirak etmişlər. 

Tədbirdən əvvəl qonaqlar Arxivin binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül qoydular və onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Daha sonra Arxivin foyesində tədbir iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində mühafizə olunan, Ulu Öndərin şərəfli həyat yolunu və çoxşaxəli fəaliyyətini əks etdirən qiymətli sənəd, fotoşəkil və nəşrlərdən ibarət sərgi nümayiş olundu. Arxiv bələdçiləri qonaqlara “Yaddaşlara həkk olunmuş ömür yolu”, “Heydər Əliyev və İctimai-Siyasi Sənədlər Arxivi”, “Şanlı tariximizin qızıl səhifələri”, “Quruculuq salnaməsi: başlanğıc”, “Qarabağ Azərbaycandır!” adlı stendlərin şərhini verərək, Ümummilli Liderin Azərbaycana rəhbərliyi illərində əldə olunmuş uğur və nailiyyətlərə, o dövrün əsas hadisələrinə qısa ekskurs etdilər.

Tədbir akt zalında davam etdi. İlk məruzəçi – Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova “Xalqa həsr olunmuş ömür” adlı məruzə ilə çıxış etdi. Öz məruzəsində E.Ələkbərova 1969-1982-ci illərin Azərbaycan xalqının tarixinə parlaq quruculuq illəri kimi daxil olduğunu, Heydər Əliyevin bütün məhdudiyyətləri məharətlə adlayaraq, həmin illərdə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişikliklərinin, islahatların aparıldığını, yeni sənaye sahələrinin yaradıldığını, mütərəqqi texnologiyaların istehsalata tətbiqi əsasında Azərbaycan sənayesinin SSRİ-də qabaqcıl mövqeyə yiyələndiyini vurğuladı.  70-ci illərin əvvəllərindən etibarən reallaşan layihələr və aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan sənayesinin inkişafında yeni bir mərhələ başlandığını xatırladan məruzəçi respublikaya ilk rəhbərliyi dövründə Ulu Öndərin neft sənayesi sahəsində həyata keçirdiyi islahatlarla illər sonra öz müstəqilliyini bərpa edəcək Azərbaycanın neft strategiyasının və siyasətinin təməlinin qoyulduğunu qeyd etdi.

Ulu Öndərin “Güclü iqtisadiyyatı olan dövlət hər şeyə qadirdir!” müdrik kəlamını təkrar edən natiq çıxışını bu sözlərlə bitirdi: “Ölkəmizin güclü iqtisadiyyatı, tərəqqisi, vətəndaşlarımızın rifahı Heydər Əliyevin doğru siyasi-iqtisadi kursundan qaynaqlanır. Bu gün də həmin siyasi-iqtisadi kurs Ulu Öndərin layiqli davamçısı, miras qoyduğu güclü və demokratik Azərbaycan dövlətinin Prezidenti İlham Əliyev tərəfindən müasir dünyanın tələblərinə uyğun daha da genişləndirilərək uğurla davam etdirilir. Azərbaycan dünya miqyasında kiçik görünsə də, beynəlxalq aləmdə nüfuzu durmadan artır, onun gördüyü işlər, əldə etdiyi nailiyyətlər digər ölkə rəhbərlərini qlobal məsələlərə münasibətdə onu dinləməyə vadar edir. Məhz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində bu gün Azərbaycan bütün dünyada siyasi və makroiqtisadi baxımdan sabit ölkə və qlobal enerji və nəqliyyat layihələrinin fəal və əvəzedilməz iştirakçısı kimi tanınır. Möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizin milli gücünün artırılmasına hesablanan ardıcıl siyasəti sayəsində Azərbaycan istənilən xarici təhdidi dəf etməyə qadir olan, dünyanın 50 ən güclü ordusu sırasında yer alan ordu qurmuş, müzəffər ordumuz və Azərbaycan xalqı Ali Baş Komandanın dəmir yumruğu ətrafında sıx birləşərək tarixi ədalətin bərpası üçün çıxdığı Zəfər yürüşündə möhtəşəm Qələbə qazanmış, öz ərazi bütövlüyünü bərpa etmiş, doğma ata-baba yurdundan didərgin düşmüş insanların 30 illik Vətən həsrətinə son qoymuşdur. Azad olunmuş əzəli torpaqlarımızdakı şəhər və kəndləri qısa müddət ərzində müasir dünya standartlarına uyğun abadlaşdırmağa, yenidən qurmağa nail olan Azərbaycanın hazırkı uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.

Tədbirdə həmçinin Milli Məclis sədrinin müavini Fəzail İbrahimli çıxış edərək, Ulu Öndərin Azərbaycanın inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən geniş söhbət açdı. Daha sonra Arxivin qonağı – Gürcüstan Milli Parlament Kitabxanasının departament rəhbəri Levan Taktakişvili də söz alaraq, öz çıxışında Gürcüstan-Azərbaycan münasibətlərindən bəhs etdi və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.

Tədbirin sonunda Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş video-çarx nümayiş etdirildi.